Məhkəmə qərarları › İş №3(006)-496/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-496/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-496/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20 avqust 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Şəxs 14 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində S.Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafiya Akademiyasında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi S.S.Həsənov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 14 dekabr 2021-ci il tarixdə DİN 102 xidmətinə və Nəsimi rayon 21-ci PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə işlədiyi Bakı Xoreoqrafiya Akademiyasında olduğu zaman bibisi Şəxs onu çiyni ilə itələməsi nəticəsində qapıya dəyərək xəsarət almasını, həmçinin sonuncu tərəfindən onu təhqir etməsini bildirmişdir. Baş vermiş hadisə ilə bağlı PB-də araşdırma aparılmış, Zərərçəkmiş şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə 23 dekabr 2021-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iş materialları natamam olduğundan protokolu baxılmadan PByə geri qaytarmışdır. Daha sonra Polis Bölməsi tərəfindən qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Şəxs 300 manat məbləğində inzibati qaydada cərimə edlmişdir. Sonradan Şəxs tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmiş və sonuncunun şikayəti təmin edilərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən araşdırılması üçün PB-yə göndərilmişdir. Hazırda yenidən araşdırma aparılmış müvafiq sorğulara cavablar alınmış və müvafiq protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa, Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi S.S.Həsənov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisəsini araşdıran zaman zərərçəkmiş şəxsin işlədiyi Bakı Xoreoqrafiya Akademiyasına hadisə ilə bağlı videogörüntülərinin təqdim edilməsi ilə bağlı müraciət edilmiş, lakin kameralarda texniki nasazlıq olduğundan ona heç bir görüntü təqdim edilməmişdir. Həmçinin törədilmiş hadisənin şahidinin olub-olmaması ilə bağlı həmin vaxt orada olan şəxslərin izahatının alınması məqsədi ilə onlara müraciət olunsa da həmin şəxslər izahat verməkdən və şahid qismində iştirak etməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamış, sonuncu ona şər və böhtan atır. 14 dekabr 2021-ci il tarixdə fəal valideyn kimi Akademiyaya getmiş, orada Zərərçəkmiş şəxs görmüşdür. Sonuncu onu görən kimi bədəni ilə qapını bağlamış və o, Zərərçəkmiş şəxs yanından keçəndə sonuncu onu itələmiş, o, isə həmin zərbədən qapıya dəymişdir. Həmin vaxt orada olan laborant ondan “nə oldu sizə” soruşmuş, daha sonra Lalə xanım qışqırmağa başlamışdır. O, bugünə kimi çiyin atmaq necə olur bilməmişdir. Lalə xanım onu görəndən sonra “bu adam niyə burdadır” deyə qışqırmış, onu söymüşdür. Bundan başqa, o bildirmişdir ki, o əgər vaxtında kənara çəkilməsəydi, Zərərçəkmiş şəxs onu vuracaqdı. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin vaxt fikirləşmişdir ki, xanım ona toxunacaq ona görə də o, özünü arxaya çəkərək qapıya dayanmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, 14 dekabr 2021-ci il tarixdə o, laborant Fazilə xanımın yanına gedərək sərbəst işlərinin surətini çıxartmaq üçün yaxınlaşmışdır. Həmin zaman arxası qapı ilə otağın ortasında olmuş (qapı otağın içərisi istiqamətində açılır), bu zaman arxadan gələn və sonradan bildiyi bibisi Şəxs onun sağ çiynindən bərk itələmiş, Şəxs özü onu itələmə nəticəsində qapıya deymiş sonradan qapı qayıdaraq onun başının sağ hissəsindən və qolundan dəymişdir. Nəticədə o, başının sağ hissəsindən və qolundan xəsarətlər almışdır. Hadisə baş verdikdən sonra otaqda oturan Fazilə xanım otağı dərhal tərk etmişdir. Hadisə baş verən zaman ilkin olaraq onun vəziyyəti yaxşı olmamış və sonradan özünə gələn kimi dərhal DİN-nin 102-xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin məhkəməyə əlavə olaraq bildirmişdir ki, bibisi Şəxs həmin vaxtda olan hərəkətlərini telefonuna çəkmiş və həmin halı təsdiq edən diski məhkəməyə təqdim edir. Bundan başqa da, əlavə etmişdir ki, bibisi Şəxs illərdir onunla mübarizə aparır, onu olduğu işlədiyi yerdə gözdən salmaq istəyir və əvvəllər işləmiş iki iş yerindən onu çıxartdırmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına məhkəməninin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, Bakı Xoreoqrafiya Akademiyasında laborant vəzifəsində işləyir. 14 dekabr 2021-ci il tarixdə o otaqda olarkən, Lalə xanım onun yanına gələrək sənədlərin surətlərinin çıxarılmasını ondan xahiş etmişdir. Otaqda onun əyləşdiyi oturacaq arxası qapıya tərəf yerləşir. Bu zaman Lalə ona müraciət edəndə qəflətən Yeganə xanım otağa qapıya dəyərək daxil olmuş, həmin vaxt uca səslə Lalə xanım sonuncunun hərəkətinə etiraz edərək Yeganə xanıma “neynirsən, necə keçirsən” sualını vermişdir. Mübahisə başladığına görə o otağı dərhal tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun arxası qapı tərəfə olduğundan yalnız başını qaldıranda Yeganə xanımın otağa girərkən qapıya dəyməsi anının şahidi olmuşdur. Lalənin onun adını çəkməsi ilə, onun başını qaldırması və Yeganənin içəri daxil olması eyni vaxtda baş vermiş və başqa heç nəyin şahidi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini, dinləyərək, ekspert rəyini və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 sağlamlığa zərər vurmanın təyini 20 dekabr 2021-ci il tarixli, 1236 saylı ekspertin rəyindən görünür ki, 14 – 20 dekabr 2021-ci il tarixlərdə aparılmış ekspertizanın nəticəsinə görə Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – başın ənsə və sağ bazu nahiyələrinin qançırları müayinədən bir günə qədər əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyanı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində S.Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafiya Akademiyasında Zərərçəkmiş şəxs döymüşdür. Həmin protokolun qeyd hissəsinə əsasən Zərərçəkmiş şəxs başının ənsə və sağ bazu nahiyəsinin qançırları müayinədən 1 gün əvvələ qədər küt əşyanın təsirindən 14.12.2021ci il tarixdə əmələ gələ bilərdilər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 21-ci PB-yə göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş 30.12.2021-ci il tarixli, MN 115730 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi RPİ-nin 21-ci PB-nə geri qaytarılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs şikayəti qismən təmin edilmiş, Nəsimi RPİ-nin 21-ci PB-nin 30.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün təkrar Nəsimi RPİ-nin 21-ci PBnə göndərilmişdir. İş materiallarında olan Bakı Xoreoqrafiya Akademiyasının 14 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 14.12.2021-ci il tarixdə Bakı Xoreoqrafiya Akademiyasının Bakalavr “A” korpusunun 3-cü mərtəbəsində baş vermiş hadisə ilə bağlı həmin korpusda olan müşahidə kameralarının hamısında texniki nasazlıq olduğundan heç biri işlək vəziyyətdə olmamışdır. Hazırda da onlayn yenidən təmiri ilə bağlı işlər gedir. Bu səbəbdən də qeyd edilən tarixdə baş vermiş hadisə ilə bağlı heç bir videogörüntü mövcud deyildir. İş materiallarında olan Bakı Xoreoqrafiya Akademiyası tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs kollecin xüsusi fənlər bölməsinin istedadlı və çalışqan tələbələrindən biri olub, akademiyanın pedoqoji və tələbə kollektivinin hörmətini qazanmışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X1 04 yanvar 2022-ci il tarixli, № 01 məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 04.01.2022-ci il tarixində ATU X2 Nevropatoloq yanında müayinədə olmuş, “VSSSD.Naməlum etiologiyalı tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. Xəstənin müalicəsi hal-hazırda davam edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Beləliklə, məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlərlə qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinə dair inzibati xətanı törətməsini etiraf etməsə də, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatları həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 sağlamlığa zərər vurmanın təyini 20 dekabr 2021-ci il tarixli, 1236 saylı ekspertin rəyindən görünür ki, 14 – 20 dekabr 2021-ci il tarixlərdə aparılmış ekspertizanın nəticəsinə görə Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – başın ənsə və sağ bazu nahiyələrinin qançırları müayinədən bir günə qədər əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş F.S.Məmmədova izahatında göstərmişdir ki, Şəxs otağa girərkən qapıya dəymiş, həmin vaxt uca səslə Lalə xanım sonuncunun hərəkətinə etiraz edərək Yeganə xanıma “neynirsən, necə keçirsən” bildirmişdir. Həmçinin həmin xüsusatlar Zərərçəkmiş şəxs ifadəsi ilə də öz təsdiqini tapır. Bununla da, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər qapının divara çirpilması nəticəsində qayıtdığı halda baş vermiş və nəticədə sonuncuda başın ənsə və sağ bazu nahiyələrinin qançırları əmələ gəlmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs məhkəmə iclasında verdiyi bu izahatları inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsaslanmaqla Şəxs qadın olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində həmin Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar