Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4971/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış şikayətində göstərir ki, o, 04 noyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Üzeyir Hacıbəyov küçəsindən “Hökümət evi”nin həyətinə daxil olmuş, oradan 10 dəqiqə sonra çıxmış, bu zaman polis əməkdaşı onu saxlayaraq guya onun yol nişanının tələbini pozduğunu bildirərək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, bu protokol əsasında qəbul edilmiş qərara görə cərimə edilmişdir. Həmin qərar əsassız olduğu üçün onun ləğv edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6012/2024 saylı qərardadı ilə şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və xətanın baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi qeyd olunmuşdur. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, tərəfimdən əldə olunmuş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin internet portalından olan “Elektron xəritə”dən aydın olur ki, “Hökümət evi”, onun həyəti və ətraf ərazisi Bakı şəhəri Səbail rayonunun inzibati ərazisinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4971/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4971/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver