Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4978/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Yevlax rayonu, Yevlax şəhəri, M.S.Ordubadi küçəsi, ev 03-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 11 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat 22:15 radələrində Azadlıq prospektində xidmət apararkən “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr qaydalarını kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi vermişlər. Lakin sürücü bu əmrə tabe olmamış, sürəti artıraraq digər nəqliyyat iştirakçılarına qəza şəraiti və təhlükə yaradaraq yüksək sürətlə hərəkətini davam etdirmişdir. Polis əməkdaşları xidməti avtomobillərin köməkliyi ilə təhlükəsizliyi təmin edərək həmin avtomobilin arxasınca hərəkət etmişlər. Bu sürücü avtomobillə Azadlıq prospektində, S.Rəhimov küçəsində, R.Behbudov küçəsində, Füzuli küçəsindən olan birtərəfli yolda nəqliyyat axımının əksinə hərəkət etmiş, çox təhlükəli sürdüyü üçün müşahidəni dayandırıb bu barədə radiostansiya vasitəsi ilə məlumat vermişlər. Daha sonra digər yol-patrul xidməti əməkdaşları radiorabitə vasitəsilə həmin avtomobili saxladıqları barədə məlumat vermişlər. Onlar “Qış Parkı”nın yeraltı dayanacağının çıxışına yaxınlaşaraq sürücünü təhvil almışlar. Polis əməkdaşları sürücünün tabesizlik etməsinə baxmayaraq onu 21-ci polis bölməsinə gətirmiş və tibbi müayinədən keçirmişlər. Bundan sonra həmin şəxsin Şəxs olduğu və avtomobili narkotik vasitəsinin təsiri altında idarə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə “Chevrolet Cobalt LTZ” markalı, **- YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 dekabr 2024-cü il tarixdən, saat 23:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4978/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4978/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver