Məhkəmə qərarları › İş №3(006)-4979/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4979/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4979/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Yevlax rayonu, Yevlax şəhəri, M.S.Ordubadi küçəsi, ev 03-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4, 332.1, 333-1.1 və 511.1.3-cü maddəsi üzrə tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs 12 dekabr 2024-cü il tarixdə, saat 00:33 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmiş, habelə o, avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat 22:15 radələrində Azadlıq prospektində xidmət apararkən “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr qaydalarını kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi vermişlər. Lakin sürücü bu əmrə tabe olmamış, sürəti artıraraq digər nəqliyyat iştirakçılarına qəza şəraiti və təhlükə yaradaraq yüksək sürətlə hərəkətini davam etdirmişdir. Polis əməkdaşları xidməti avtomobillərin köməkliyi ilə təhlükəsizliyi təmin edərək həmin avtomobilin arxasınca hərəkət etmişlər. Bu sürücü avtomobillə Azadlıq prospektində, S.Rəhimov küçəsində, R.Behbudov küçəsində, Füzuli küçəsindən olan birtərəfli yolda nəqliyyat axımının əksinə hərəkət etmiş, çox təhlükəli sürdüyü üçün müşahidəni dayandırıb bu barədə radiostansiya vasitəsi ilə məlumat vermişlər. Daha sonra digər yol-patrul xidməti əməkdaşları radiorabitə vasitəsilə həmin avtomobili saxladıqları barədə məlumat vermişlər. Onlar “Qış Parkı”nın yeraltı dayanacağının çıxışına yaxınlaşaraq sürücünü təhvil almışlar. Polis əməkdaşları sürücünün tabesizlik etməsinə baxmayaraq onu 21-ci polis bölməsinə gətirmiş və tibbi müayinədən keçirmişlər. Bundan sonra həmin şəxsin Şəxs olduğu və avtomobili narkotik vasitəsinin təsiri altında idarə etdiyi məlum olmuşdur. Qeyd olunanlarla bağlı onun barəsində müvafiq protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə “Chevrolet Cobalt LTZ” markalı, **- YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. İş materiallarında olan: • 12.12.2024-cü il tarixli, 1/1306 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Şəxs saat 00:33-də MET (+) aşkar edilmişdir; • 12 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ona təyin olunmuş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 01 ay 17 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; • Müvafiq portaldan olan çıxarışa əsasən Şəxs xx.xx.2024-cü il tarixli, BC seriyalı, 291624 saylı sürücülük vəsiqəsinə əsasən “B1, B, C1, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • Bir ədəd kompakt diskdəki görüntülərdən aydın olur ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobillə şəhərin müxtəlif küçələrində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilsə də, həmin Məcəllənin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, təqdim edilmiş materiallara əsasən Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan qərəzli hərəkətlərin, yəni avtoxuliqanlığın edildiyi qeyd olunsa da, təqdim edilmiş görüntülərdə Şəxs əməlində həmin maddənin dispozisiyasında qeyd olunan hərəkətlərin edildiyi müşahidə edilmir, sadəcə olaraq onun birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi görsənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Bu maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə (511.1.1-ci maddə); mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə (511.1.2-ci maddə); mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına (511.1.3-cü maddə) görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar