Məhkəmə qərarları › İş №3(006)-5000/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5000/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5000/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə Nizami küçəsinin kəsişməsində xx.xx.2023-cü il tarixdə “Skoda Rapid” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ona xüsusi texniki vasitənin köməyi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə (elektron qərar) tətbiq edilmişdir. Onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və şəhərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur, “avtomat” rejimində inzibati xəta qeydə almaq funksiyasına malik deyil. Belə bir texniki vasitənin köməyi ilə elektron qərarın tərtib olunması isə qanunsuzdur. Belə ki, inzibati xəta haqqında protokol pozuntularla tərtib olunmuşdur. Protokol qüvvəyə minməzdən əvvəl xx.xx.2023-cü il tarixdə, saat 14:28-də, xx.xx.2023-cü il tarixdə, saat 11:10-da və xx.xx.2023-cü il tarixdə, saat 10:11-də X6 İdarəsinin əməkdaşı onu İdarəyə çağırmış və yaranmış problemi başqa yolla həll edə biləcəklərini bildirmişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə, saat 15:19 radələrində 150 manat məbləğində cərimə protokolu qeydə alındıqdan bir qədər sonra protokolda dəyişiklik edilərək cərimə 80 manata endirilmişdir. İnzibati xətanın törədildiyi yer də protokolda düzgün göstərilməmişdir. Belə ki, pozuntu K.Səfərəliyeva küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verdiyi halda, bu, protokolda “K.Səfərəliyeva küçəsi ilə 28 may küçəsinin kəsişməsi” olaraq göstərilmişdir. Bütün bunlar sübut edir ki, tərtib olunan protokol qeyri-ixtiyari şəkildə hazırlanmış və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qanunvericiliyə əsasən, xüsusi texniki vasitə sertifikatdan keçməli, onun təyinatı açıq şəkildə göstərilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında X3 şikayətin məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 göstərmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 16:34-də Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində “Skoda Rapid” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına manevr etmə qaydalarını pozmuş, bununla da onun barəsində xx.xx.2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 80 manat məbləğində cərimə olunmuşdur. A.F.İsmayılov inzibati xətanı törətdiyini özü də etiraf edir. Qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında qərar inzibati xəta hadisəsi baş verdikdən sonra 1 il ərzində qəbul ediməklə inzibati tənbeh tədbirləri tətbiq edilə bilər. Müşahidə kamerasının təyinatı isə inzibati xətaların aşkar edilməsindən ibarətdir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 16:34-də idarə etdiyi “Skoda Rapid” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 16:34-də idarə etdiyi “Skoda Rapid” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə Nizami küçəsinin kəsişməsində əks istiqamətli hərəkət zolağına manevr etmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Şikayətdən görünür ki, şikayətdə inzibati xəta hadisəsinin baş verib-verməməsi, şəxs tərəfindən törədilən xətanın sübuta yetirilib-yetirilməməsi mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla inzibati xəta hadisəsinin mövcudluğu, şikayətçinin təqsiri sübuta yetirilir, lakin, qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Belə ki, Azərbaycan Republikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi 06 oktyabr 2023-cü il tarixdə törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 122, 130, 134 və 135-i maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar