Məhkəmə qərarları › İş №3(006)-5008/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5008/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5008/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X3 Şirkəti” QSC-də (İnvestisiya şirkəti) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X3 Şirkəti” QSC-də (İnvestisiya şirkəti) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2021 xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1-si “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4-cü maddəsinə görə (analoji islah aşağıda göstərilən xatalar törədilən zaman qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin va ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 9-cu maddəsində göstərilmişdir) monitorinq iştirakçıları müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi va verifikasiyası üçün tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, 19 müştəriyə münasibətdə bu tələblərə əməl edilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 4.4.4-cü, 4.5.1-ci və 4.10-cu maddələrinə görə (analoji tələb PL/TMM Qanunun 9.11-ci və 9.12.1-ci maddələrində də göstərilmişdir) monitorinq iştirakçıları müştərinin onlarla işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatı müştəridən əldə etməli və müştərinin həyata keçirdiyi əməliyyatın onun sahibkarlıq fəaliyyəti və vəsaitlərin mənbəyi barədə məlumatlara uyğun gəlməsinin təmin edilməsi məqsədilə əməliyyatların təhlilini aparmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən 1 müştərinin vəsaitinin mənbəyi araşdırılmamışdır. Bununla yanaşı müştəri haqqında araşdırma aparılmamış və təhlil hesabatı tərtib edilməmişdir. Ümumilikdə 20 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2-si ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 12.1.4-cü maddasində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, investisiya şirkəti tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara PL/TMM üzrə təlimlər keçirilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (analoji tjhb PL/TMM Qanunun 12.1.7-ci maddasinda da göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkətinin daxili audit qaydalarında da PL/TMM üzrə daxili auditin keçirilməsinə dair tələbin olmasına baxmayaraq, auditi həyata keçirəcək daxili audit xidməti mövcud deyildir və yoxlama dövründə PL/TMM üzrə daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3-sü ƏL/TMM Qanunun 11.2.1-ci maddəsinə görə (analoji tələb PL/TMM Qanunun 7.2.1-ci maddəsində göstərilmişdir) əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda, məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, əlavə eyniləşdirmə tədbirləri aparılmadan, müştərilərdən əlavə sənəd və məlumatlar tələb olunmadan və maliyyə monitorinqi orqanına məlumatlar təqdim edilmədən 2021-ci və 2022-ci illərdə 2 əməliyyat, xx.xx.2021-ci il tarixdə 1 əməliyyat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində 3 əməliyyat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində 1 əməliyyat icra edilmişdir. Qeyd edilən 7 əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar "X3 Şirkəti’ QSC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkar edilmiş, bununla da, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Göstərilənlərə əsasən “X3 Şirkəti” QSC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanlanmış ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 3(006)-5008/2023-007 saylı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 30 oktyabr 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokola (bundan sora Protokol) dair aşağıda qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir: protokol “X3 Şirkəti” QSC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı tərtib edilmişdir. Protokol şərti olaraq 3 (üç) hissəyə bölünmüşdür. Birinci hissədə qeyd olunan pozuntuların İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsinin, ikinci hissədə qeyd olunan pozuntuların 598.1.2-ci maddəsinin, üçüncü hissədə qeyd olunan pozuntuların isə 598.4-cü maddəsinin tərkib əlamətlərini yaratdığı qeyd olunmuşdur. Protokolun birinci və üçüncü hissəsində qeyd olunan pozuntularla bağlı qeyd edilməlidir ki, həmin pozuntulara münasibətdə inzibati tənbeh verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır (38.2). Protokolun birinci və üçüncü hissəsində qeyd olunan pozuntuların xarakterindən müəyyən edilirir ki, həmin pozuntular ‘‘davam edən hüquqpozuntuları”dır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarında “davam edən və uzanan hüquqpozuntuları” ilə bağlı qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Protokolun birinci hissəsində 19 müştəriyə münasibətdə müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görülmədiyi qeyd olunmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanununun 4.2-ci maddəsinin tələblərindən müəyyən edilir ki, müştəri uyğunluğu tədbirləri işgüzar münasibətlərin yaradılmasından əvvəl (4.2.1), iyirmi min manat məbləğində və ya artıq məbləğdə həyata keçirilməsi gözlənilən birdəfəlik əməliyyatlardan əvvəl (4.2.2), maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl (4.2.3) həyata keçirilməlidir. Qanunun tələblərindən, Konstitusiya məhkəməsinin yuxanda qeyd olunan müvafiq qərarından, hətta İXM-nin 598-ci maddəsinin yeni redaksiyada verilərək cərimənin hər bir müştəriyə və əməliyyata görə tətbiq edilməsindən müəyyən edilir ki, müştərinin və benefısiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görülməməsi “davam edən hüquqpozuntuları”dır. Bu baxımdan qeyd olunan 19 müştəriyə münasibətdə inzibati xətanın törədildiyi gündən 1 (bir) ildən artıq müddət keçdiyi üçün inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Protokolun üçüncü hissəsində qeyd olunan 7 əməliyat üzrə pozuntuların baş verdiyi tarixlərdən müəyyən edilir ki, əməliyatların törədildiyi gündən 1 (bir) ildən artıq müddət keçmişdir. Bu baxımdan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 38.1 -ci maddəsinin tələblərinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli və ümumiyytlə bu halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, İXM-nin 53.1 -ci və 53.1.6-cı maddəsinin tələblərinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Digər tərəfdən qeyd olunan 7 əməliyat üzrə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. Belə ki, Mərkəzi Bankın yoxlama hesabatında qeyd olunanlar mülahizə xarakterli olmaqla hər hansı mötəbər mənbədən təsdiq edilməmiş, internet resurslarında dərc olunmuş məlumata istinad edilmişdir. Əməliyat aparılan şəxslər şübhəli şəxslər kateqoriyasına aid olsaydı MMX-nın indikator siyahına daxil edilmiş olardı. Bu baxımdan Mərkəzi Bankın yoxlama hesabatında 7 əməliyyat üzrə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların olması ilə bağlı qeyd etdikləri sübuta yetirilmir. İXM-nin 8.2 və 8.3-cü maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Protokolun birinci və üçüncü hissəsində qeyd olunan pozuntulara görə İXM-nin 598.1.1 və 598.4-cü maddlərinə əsasən inzibat tənbehin hər bir müştəriyə və əməliyyata görə tətbiq edilməsi nəzərdə tutulsa da, qeyd edilməlidir ki, yoxlama dövrü xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edir. Həmin dövrdə qüvvədə olan İXM-nin 598-ci maddəsində cərimənin hər bir müştəriyə və əməliyyata görə tətbiq edilməsi nəzərdə tutulmamışdır və eyni zamanda cərimənin məbləği daha aşağı məbləğdə müəyyən edilmişdir (vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə). “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 dekabr 2022-ci il AR Qanununa əsasən İXM-nin 598-ci maddəsi yeni redaksiyada verilərək həm cərimənin məbləği artırılmış, həm də cərimənin hər bir müştəriyə və əməliyyata görə tətbiq edilməsi müəyyən edilmişdir və həmin qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minmişdir. İXM- nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Odur ki, cərimə tətbiq edilərkən İXM-nin 598-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək olan köhnə redaksiyası və cərimə məbləğləri əsas götürülməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1ci, 598.1.2-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 598.1.1-ci və 598.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından isə həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin “X3 Şirkəti” QSC-də aparılan “yoxlama haqqında hesabat”ından görünür ki, investisiya şirkətinin daxili audit qaydalarında da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili auditin keçirilməsinə dair tələbin olmasına baxmayaraq, auditi həyata keçirəcək daxili audit xidməti mövcud deyildir və yoxlama dövründə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili audit həyata keçirilməmişdir. Həmçinin PAŞA Kapitalda informasiya təhlükəsizliyi üzrə normativ hüquqi baza mövcud deyil; PAŞA Kapital-da İT və İnformasiya təhlükəsizliyi şöbəsi mövcud deyil; PAŞA Kapital-ın İT infrastrukturunun dəstəklənməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi üzrə müqavilə əsasında 2 nəfər İT əməkdaşı fəaliyyət göstərir. SAP B1 biznes proqramına dəstək “BMS Global” İİC şirkəti tərəfindən həyata keçirilir. İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə aşağıdakı tədbirlər görülmüşdür: Şəbəkə infrastrukturunda seqmentlərə ayrılmışdır; İstifadəçi komputerlərinə lisenziyalı Windows 10 ƏS-dən istifadə olunur. İstifadəçi hesablarının idarəetmə sistemi (Active Directory DC) mövcuddur (şifrə siyasəti tələbləri gözlənilib, həmçinin giriş hüquqları inzibatçı tərəfindən tənzimlənir); İnformasiya sistemlərinin təhlükəsizliyinin qorunması məqsədi ilə Fortigate təhlükəsizlik avadanlığı quraşdırılıb, giriş icazələri port və ip ünvanlar üzrə ACL-lər vasitəsi ilə məhdudlaşdırılmışdır; İşçi stansiyalarında lisenziyali X4 antivirus sistemi istifadə olunur. Ofis binası ilə kənardan bağlantı FortiClient VPN proqram təminatı ilə həyata keçirilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda; Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1-ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi; Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər. 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi; Həmin Qanunun 11.2.1-ci maddəsinə əsasən əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Göründüyü ki, investisiya şirkəti tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə təlimlər keçirilməməsi, həmçinin, investisiya şirkətinin daxili audit qaydalarında da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili auditin keçirilməsinə dair tələbin olmasına baxmayaraq, auditi həyata keçirəcək daxili audit xidməti mövcud deyildir və yoxlama dövründə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə daxili audit həyata keçirilməməsi aşkarlanmışdır. Belə olan halda, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXMnin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 19 müştəriyə münasibətdə monitorinq iştirakçıları müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi va verifikasiyası üçün tədbirlər görməmiş və investisiya şirkəti tərəfindən 1 müştərinin vəsaitinin mənbəyi araşdırmamışdır. Bununla yanaşı müştəri haqqında araşdırma aparılmamış və təhlil hesabatı tərtib edilməmişdir. Bundan başqa, əlavə eyniləşdirmə tədbirləri aparılmadan, müştərilərdən əlavə sənəd və məlumatlar tələb olunmadan və maliyyə monitorinqi orqanına məlumatlar təqdim edilmədən 2021-ci və 2022-ci illərdə 2 əməliyyat, xx.xx.2021ci il tarixdə 1 əməliyyat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində 3 əməliyyat, xx.xx.2022 xx.xx.2022-ci il tarixlərində 1 əməliyyat icra edilmişdir. Göründüyü kimi, ən son inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2022-ci il tarixindən hazıradək bir ildən artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında “X3 Şirkəti” QSC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələri ilə təqsirli bilinməli və barəsində 598.1.2-ci maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, həmçinin, İXM-nin 598.1.1 və 598.4-cü maddələri üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 38, 43, 53, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. “X3 Şirkəti” QSC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar