Məhkəmə qərarları › İş №3(006)-501/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-501/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-501/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektorları X4 və X1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 30 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə daxil olmuş qərara və rəyə əsasən narkotik vasitələrdən istifadə etdiyi aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X3 tərəfindən tərtib olunmuş 30 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 30 yanvar 2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 30 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:38-də Bakı Dəmir Yol Bağzalının ərazisində X12 İdarəsinin inzibati binasının qarşısında polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 30 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:38 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin ictimai təhlükəsizlik şöbəsinin qarşısına gələrək kəsici alətlə özünü, yəni qolunu kəsərək xəsarət yetirdiyi zaman onu görən polis əməkdaşı baş serjant X7 ona yaxınlaşarkən tabesizlik və itaətsizlik göstərmiş, onu itələyərək fiziki güc göstərmişdir. Həmçinin dövlətə və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, şöbədə X3 barəsində digər araşdırma ilə bağlı izahatı alınarkən özünü şübhəli aparmış, bu səbəbdən onun barəsində məhkəmə-narkoloji ekspertiza təyin olunmuş, xx.xx.2024-cü il tarixli, 557 saylı ekspert rəinə əsasən Şəxs kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar edilmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Bundan sonra şəxsin barəsində inzibati araşdırma apanlması üçün toplanmış material ona təqdim olunmuşdur. Şəxs izahatında 4 ildir narkotik vasitə qəbul etdiyini, əsasər qurudulmuş marixuanadan istifadə etdiyini, sonunucu dəfə 2 gün qabaq qurudulmuş marixuana qəbul etdiyini, 15 gün qabaq isə «patı» deyilən narkotik maddə qəbul etdiyini səmimi etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə isə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, həqiqətən 2 gün öncə toy yerində narkotik maddə olan “nəşə”dən istifadə etmişdir. 15 gün qabaq isə “patı” deyilən narkotik maddədən istifadə etmişdir. 30 yanvar 2024-cü il tarixdə ona olan haqsızlıqlara görə şöbənin qabağına getmiş, özünü kəsərək etirazını bildirmiş, şöbədə işləyən polis əməkdaşı Anar Məmmədov onun hərəkətlərinə müdaxilə etmiş, lakin ona qarşı hər hansı bir fiziki güc göstərməmişdir. Şöbənin qarşısında heç kimə söyüş söyməmişdir. O, qolunu kəsdikdən sonra onu polis əməkdaşları şöbəyə dəvət etmişlər. Şöbədə izahatı alınmış və sonradan onu ekspertizaya aparmışlar. O, müntəzəm olmasa da narkotik maddə olan nəşədən istifadə etmişdir. Bunu səmimi olaraq etiraf edir. Etdiyi əmələ görə peşmançılıq çəkir. Digər əmələ görə isə özünü təqsirli bilmir. Belə ki, ona olan haqsızlıqla bağlı DİN-nin 102 xidmətinə şikayət etmişdir. Həmin şikayət əsasında onu şikayətçi oldğu şəxslə üzləşdirməliydilər. Bu isə olmadı. Buna etiraz olaraq şöbənin qabağına gəlib özünə 3 dəfə kəsik atmış, sonra özü həmin kəsici aləti tullamışdır. Bundan sonra məni şöbəyə rəisin yanına aparmışlar. Həmin vaxt rəis işçilərinə demişdir ki, onu aparıb yoxlatdırsınlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə çıxış edərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs İXMnin 206-cı maddəsi ilə törətdiyi əməli səmimi etiraf edir, peşman olduğunu bildirir, bu xəta üzrə ona sanksiya həddində yüngül cəzanın verilməsini xahiş edir. Digər maddə ilə isə Şəxs özünü təqsirli bilmir, xətanın olmamasına dair kifayət qədər dəlillər gətirir. Bundan başqa həmin xəta şöbənin qarşısında törədilmişdir. Məlumdur ki, şöbənin qarşısında olan kamera görüntülərindən xəta ilə bağlı görüntüləri təqdim etmək olar, əgər belə hal baş vermişdisə, sübutsuz olaraq yalnız polis əməkdaşının izahatı ilə şəxsin barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Ona görə də həmin hal öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin sərnişin qatarlarının müşaiyəti üzrə PPX bölüyünün polis nəfəri işləyən X7 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə birinci post deyilən ərazidə xidmətdə olarkən xətanı törədən şəxs Şəxs şöbənin qarşısına yaxınlaşmış, həmin anda o, kəsici alətlə özünə xəsarət yetirmiş, buna qarşı zəruri tədbirlər görərkən ona qarşı fiziki gücdən istifadə edərək ona qarşı təzyiq və tabesizlik göstərmiş, polislərin və dövlətin ünvanına nalayiq söyüşlər işlətmişdir. Tərəfindən bunun qarşısı alındıqdan sonra şəxs şöbəyə dəvət olunmuşdur. O, bununla bağlı rapotla rəhbərliyə məruzə etmişdir. Bu şəxs əvvəl şöbənin qabağında yüksək səslə danışmış, polis və dövlətə qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən idarəyə dəvət edərkən imtina etmiş, üzərindən kəsici alət çıxararaq özünə xəsarət yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəisi Sultan Zeynalova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə birinci post deyilən ərazidə xidmətdə olarkən xətanı törədən şəxs Şəxs şöbənin qarşısına yaxınlaşmış, həmin anda o, kəsici alətlə özünə xəsarət yetirmiş, buna qarşı zəruri tədbirlər görərkən ona qarşı fiziki gücdən istifadə edərək ona qarşı təzyiq və tabesizlik göstərmiş, polislərin və dövlətin ünvanına nalayiq söyüşlər işlətmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X6 dair xx.xx.2024-cü il tarixli, 557 saylı rəydən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan əməli törətdiyini etiraf edərək peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 30 yanvar 2023-cü il tarixdən saat 18:00-dan hesablanması məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar