Məhkəmə qərarları › İş №3(006)-502/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-502/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-502/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: Quliyev Ağarza Qulu oğlunun iştirakları ilə Bakı şəhəri Dövlət X2 Müşayiət-eskort bölüyünün yol-patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quliyev Ağarza Qulu oğlu qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “xxxx” ASC-də baş mütəxəssis vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:00-da özünə məxsus “Volkswagen Passat” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar həmin ərazidə qurulmuş postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. “icaze.e-gov.az” portalından xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə ölkə ərazisi üzrə alınmış icazəsinin olmasına baxmayaraq, Bakı şəhər Dövlət X2 Müşayiəteskort bölüyünün inspektoru elektron sistemdə onun hərəkət etməsinə icazəsinin olmadığını deyərək barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və bunun əsasında qəbul edilmiş qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Bu qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş Quliyev Ağarza Qulu oğlu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - “icaze.e-gov.az” portalından əldə edilmiş çıxarışa əsasən Quliyev Ağarza Qulu oğlu (FİN:0Z383FM) “xxxx” ASC-də baş mütəxəssis vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə (şənbə və bazar günləri də daxil, “Volkswagen Passat” markalı avtomobil) hərəkətinə icazə verilir; - xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkola əsasən Quliyev Ağarza Qulu oğlu həmin hünü, saat 18:18-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; - “e-gov.az” saytından olan çıxarışa görə Quliyev Ağarza Qulu oğlu İXP ******* saylı protokol əsasında 200 manat cərimə edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Qərarın 1 nömrəli əlavəsinə əsasən sığorta təşkilatlarının işlərin davam etdirilməsi icazə verilir. Həmin Qərarın 2.2-ci bəndinə görə bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Göründüyü kimi, Quliyev Ağarza Qulu oğlu sığorta fəaliyyəti göstərən “xxxx” ASC-də baş mütəxəssis vəzifəsində işləyir və onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə hərəkətinə qanuni əsaslarla icazə verilmişdir. Bununla da onun tərəfindən karantin rejiminin tələblərinin pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhəri Dövlət X2 Müşayiət-eskort bölüyünün yol-patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Dövlət X2 Müşayiət-eskort bölüyünün yol-patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar