Məhkəmə qərarları › İş №3(006)-5033/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5033/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5033/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2 nümayəndəsi X4, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 16(004)- 100/2024 saylı və Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 16(077)-16/2024 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, X5 və X2 əvvəllər X7 ilə ünsiyyətdə olmasına şərait yaratsa da, sonradan qızının qaçırılması və ondan gizlədilməsinə görə problemlər yaranmışdır. Bundan sonra, o, yalnız onun yaşadığı evdə və onun iştirakı ilə qızının X8 və X6 ilə görüşməsinə şərait yaradacağını bildirsə də, qarşı tərəf onun istəyi ilə razılaşmamışdır. O isə qəti olaraq X7 azyaşlı olduğundan onun iştirakı olmadan görüşə icazə verməyəcəyini bildirmişdir. Göründüyü kimi, onun icra sənədləri üzrə yaranmış öhdəliklərdən qərəzli olaraq yayınmaq məqsədi olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 16(004)-100/2024 saylı və Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 16(077)-16/2024 saylı icra vərəqələri Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Belə ki, Şəxs əvvəllər X5 və X2 X7 ilə ünsiyyətdə olmasına şərait yaratsa da, sonradan müxtəlif bəhanələrlə və saxta sənədlərlə öhdəliklərini yerinə yetirməmişdir. X8 xaricdə yaşadığından bir neçə dəfə ölkəyə X7 ilə ünsiyyətdə olmaq üçün gəlsə də, Şəxs müxtəlif bəhanələrlə görüşün baş tutmasına şərait yaratmamışdır. Baş tutmuş görüşlər yalnız polisin və icra məmurunun müdaxiləsi ilə baş vermiş, digər hallarda isə Şəxs öhdəliklərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 16(004)-100/2024 saylı və Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 16(077)-16/2024 saylı icra sənədləri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədlərinin icrası tam olaraq təmin edilməmişdir. Belə ki, Şəxs əvvəllər X5 və X2 X7 ilə ünsiyyətdə olmasına şərait yaratsa da, sonradan sərbəst olaraq ünsiyyətdə olmasına ehtiyat etdiyini və görüş vaxtının azaldılmasını bildirərək məhkəmə qərarının icra edilməsinə maneələr yaratmışdır. Belə olan halda isə qarşı tərəf öz haqlı narazılığını bildirir. Bu səbəbdən də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda həmin şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 16(004)-100/2024 saylı və Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 16(077)-16/2024 saylı icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 16(004)-100/2024 saylı icra vərəqəsindən görünür ki, X5 övladı – xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 11:00-dən 15:00-dək ünsiyyətdə olmasına icazə verilməsi, uşağın yaşayış yeri dəyişərkən ata olaraq onu məlumatlandırmaq vəsifəsinin iddiaçının üzərinə qoyulması və iddiaçı və iddiaçının ailə üzvlərinin həmin görüşə maneələrin aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 16(077)-16/2024 saylı icra vərəqəsindən görünür ki, X2 nəvəsi - xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olma qaydası müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan, “tələbin könüllü icrası haqqında” bildirişlərdən və Şəxs izahatından görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Şəxs izahatında uşağın görüşlərdən birində ona qaytarılmadığını, buna görə də, baba və nənəsinə uşaqla ünsiyyətdə olmasına icazə vermədiyini, həmçinin görüşlərdən birində onun qardaşına xəsarətlər yetirildiyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar