Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5035/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 21-ci polis bölməsinin sahə rəisi tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Balakən rayonu, Meşəşambul kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Avtosfer.az” saytında “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olan zaman təhlükə saçan hərəkətləri ilə bağlı video görüntülər yayılmışdır. Bununla əlaqədar olaraq polis əməkdaşları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində həmin avtomobilin sürücüsünü görüb ona yaxınlaşmış və daha sonra özlərini təqdim edərək onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlədərək aqressivlik nümayiş etdirmiş və idarəyə gəlməkdən imtina etmişdir. Buna baxmayaraq o, idarəyə gətirilmiş və bu şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb bir gün əvvəl idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman təhlükə saçan hərəkətlərə yol verməsi ilə bağlı yayılmış video görüntülərə görə onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Lakin, o tələsdiyi üçün onlarla kobud rəftar etmiş, idarəyə getməkdən imtina etmişdir. Bir də belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül tənbehin tətbiq olunmasını xahiş etdi. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili X3 şahid qismində izahatında bildirdi ki, “Avtosfer.az” saytında xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükə saçan hərəkətlərlə bağlı video görüntüləri yayılmışdır. xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, R.Məmmədov küçəsində o və iş yoldaşı Elmar Ağayev həmin avtomobilin sürücüsünə yaxınlaşıb özlərini təqdim edərək ona Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gəlməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətmiş, aqressivlik nümayiş edərək idarəyə gəlməkdən imtina etmişdir. Buna baxmayaraq onlar həmin şəxsi idarəyə gətirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdə, saat 19:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5035/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5035/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver