Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5039/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Fövqəladə Hallar Nazirliyinin XRXX-nin giziri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da idarə etdiyi “Hyundai Sonata” markalı **-GC-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu S.C.Pişəvəri küçəsində düzgün manevr etməyərək qarşıdan əks istiqmətli yoldan düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mondial” markalı, 99-B-217 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşaraq sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində özünə məxsus “Hyundai Sonata” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ilə M.Əcəmi dairəsindən üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt “Rahat” adlı marketin qarşısından geriyə manevr etmək üçün yolun qırıq xətlərlə bölünən hissəsindən sol istiqamətdə dönməklə manevr etdikdə əks istiqamətdən sağdan hərəkətdə olan avtobus ona yol verdiyi üçün hərəkətini davam etdiyi anda həmin istiqamətdən üzü Əcəmi dairəsinə doğru düzünə hərəkətdə olan sonradan gördüyü 99-B-217 dövlət qeydiyyat nişanlı “Mondial” markalı motosiklet ilə avtomaşının ön hissəsindən toqquşma baş vermişdir. Hadisə nəticəsində motosikletin sürücüsü yerə yıxılaraq ayağından xəsarət almış, o, dərhal maşından düşərək həmin sürücüyə öz köməkliyini etmiş və hadisə yerindən 102 və 103 xidmətlərinə məlumat vermişdir. Hadisə yerindən xəsarət alan şəxs təcili yardımla 1 saylı KTM-nə aparılmışdır. Xəstəxanada şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs adlı motosiklet sürücüsünün müayinə və müalicə xərclərini öz üzərinə götürmüşdür. Zərərçəkmiş şəxs hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi üçün ona qarşı şikayətçi olmadığını bildirmiş, bu səbəbdən notarial qaydada şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. İzahatının sonunda barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 tərəfindən verilən 1334 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə X3 PHŞ-yə müraciət edərkən bədən səthində aşkar edilmiş xəsarət - sol bud və sol baldır nahiyələrinin diz oynağı nahiyəsinə irradiasiya edən şişkin fonda geniş həcmli dərialtı hematoması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-862 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş 02 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5039/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5039/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver