Məhkəmə qərarları › İş №3(006)-5090/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5090/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5090/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X2 və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 13000- 01113/23 (EP № 0105659) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3-1-004929/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasında fəaliyyət göstərən “New image technology limited” şirkətindən ******* nömrəli nəqliyyat qaiməsi ilə daxil olan 23 yer, brutto çəkisi 487.2 kq, 1 adda olan “elektrik skuterləri, aksessuarları və ehtiyat hissələri” adlı yük **********0993 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün şirkət tərəfindən Baş idarəyə xahiş edilmişdir. xx.xx.2023-cü il tarixində İpək Yolu terminalında **********0993 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yükə gömrük baxış keçirilərkən təqdim edilən gömrük bəyannaməsində gömrük orqanına bəyan olunmayan reklam üçün gətirilmiş 5 ədəd tentli zont, 12 ədəd ayaqlı stendlər, 5 ədəd bayraq tipli reklam asılqan və ya yerə bərkidilən banner və 2 ədəd Yokamura i8 markalı elektrikli skuter aşkar olunmuşdur. Həmin yük üçün təqdim edilən Pİ- **********4 nömrəli invoys sənədində “elektrik skuterləri, aksessuarları və ehtiyat hissələri” adlı yükün dəyəri 5820 ABŞ dolları olaraq qeyd edilmişdir. İşin araşdırılaraq müəyyən edilmişdir ki, şirkətin nümayəndəsi izahat verməsi üçün təhqiqat şöbəsinə dəvət edilmişdir. ətraflı araşdırmanın aparılması üçün yuxarıda qeyd olunan mallar əmtəəşünaslıq ekspertizasından keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixli, 3-33-3-1-004929/2023 nömrəli məktub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7252/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış keçirilmiş malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3330 manat müəyyən edilir. Beləliklə, iş materiallarında olan sənədlərə, nümayəndənin izahatına əsasən müəyyən edilir ki, Şəxs MMC-nin ünvanına daxil olan 5 ədəd tentli zont, 12 ədəd ayaqlı stendlər, 5 ədəd bayraq tipli reklam asılqan və 2 ədəd “Yokamura i8” markalı elektrikli skuter gömrük orqanına bəyan edilməmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi V.A.Quliyev inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, Şəxs MMC şirkət olaraq ölkəyə skuter idxal olunur. 110.000 ABŞ dollarlıq məhsul ölkəyə idxal olunmuş, həmin məhsulla bağlı 75.000 manat gömrük rüsumu ödənilmişdir. Həmin məhsullar planlandığı üzrə iyun ayında gəlməliydi, lakin Qazaxıstan Respublikasında yerləşən loqistika şirkəti məhsulun gəlməsini gecikdirmişdir. Belə ki, həmin məhsullarla birlikdə onlara stendlər və dəniz bayraqları da göndərilmiş, lakin MMC tərəfindən həmin mallar satın alınmamışdır. Bunun səbəbi isə həmin məhsulların reklam xarakterli olması olmuşdur. Buna baxmayaraq satın alınmamış mallarda pakinq listində qeyd olunmuşdur. Bundan əlavə bildirmişdir ki, MMC olaraq ekspert rəyində göstərilmiş 3330 manat qiymətlə razı deyillər həmin qiymətlər real bazar qiymətini əks etdirmir. Göndərilən məhsulların 75.000 manat dəyərini ödəmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-3-1-004929/2023 nömrəli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasında fəaliyyət göstərən “New image technology limited” şirkətindən ******* nömrəli nəqliyyat qaiməsi ilə daxil olan 23 yer, brutto çəkisi 487.2 kq, 1 adda olan “elektrik skuterləri, aksessuarları və ehtiyat hissələri” adlı yük **********0993 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün şirkət tərəfindən Baş idarəyə xahiş edilmişdir. xx.xx.2023-cü il tarixində İpək Yolu terminalında **********0993 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yükə gömrük baxış keçirilərkən təqdim edilən gömrük bəyannaməsində gömrük orqanına bəyan olunmayan reklam üçün gətirilmiş 5 ədəd tentli zont, 12 ədəd ayaqlı stendlər, 5 ədəd bayraq tipli reklam asılqan və ya yerə bərkidilən banner və 2 ədəd Yokamura i8 markalı elektrikli skuter aşkar olunmuşdur. Həmin yük üçün təqdim edilən Pİ- **********4 nömrəli invoys sənədində “elektrik skuterləri, aksessuarları və ehtiyat hissələri” adlı yükün dəyəri 5820 ABŞ dolları olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-3200/2-001430/2023 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və baxış keçirilmiş xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3330,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC-nin barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1332 manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar