Məhkəmə qərarları › İş №3(006)-5094/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5094/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5094/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat müvəkkili, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi 18 saylı Vəkil Bürosunun vəkili – X3 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əsasən, Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında psixotrop maddə olan metamfetamin istifadə edərək İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs müayinə olunması üçün, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmiş və həmin Mərkəzin tərtib etdiyi rəydə narkotik istifadə etməsi müəyyən olunmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs narkotik maddələrin aludəçisi olmadığını, təqribən 2 ay olar ki, müntəzəm olmamaq şərti ilə lirika, ekstezi və şüşə deyilən, yəni metamfetamindən istifadə etdiyini və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işlədiyi, “Papanin” deyilən ərazidə yerləşən dönərxanada istifadə etdiyini bildirdi. Törətdiyini əməldən peşman olduğuna görə barəsində həbslə bağlı olmayan cərimə cəzasının təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat müvəkkili, polis mayoru X10 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi 18 saylı Vəkil Bürosunun vəkili – X1 Fariz Yusif oğlu barəsində ekspert rəyi olduğundan və bu şəxsin narkotikdən asılılığı olmayıb müalicəyə ehtiyacı olmaması, həmçinin ilk dəfədir ki, inzibati məsuliyyətə cəlb olmasını nəzərə alaraq, barəsində cərimə cəzasının təyin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat müvəkkili, polis mayoru X10 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə gödərilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 06 noyabr 2023-cü il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında psixotrop maddə olan metamfetamin istifadə edərək İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyindən barəsində protokol tərtib edilmişdir. 06 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən X7 Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilmiş, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmuşdur. Həmçinin narkomaniya sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda cəmiyyətin maraqları narkotik vasitələrin dövriyyəsi və istehlakı ilə bağlı cinayət və ya inzibati xəta törətməkdə təqsirli olan şəxsin azadlıq hüququndan üstündür. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi (qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək) Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) ay müddətinə inzibati həbs edilməli və inzibati həbsdə saxlamanın əvvəli «06» noyabr 2023-cü il tarixdən, saat 11:30-dan hesablanmalıdır, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, o, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi nəzdində X9 X2 mühafizə altında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.A.Ağayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «06» noyabr 2023-cü il tarixdən, saat 11:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X9 saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar