Məhkəmə qərarları › İş №3(006)-5096/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5096/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5096/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi – X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi – X7 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında X1 idarə etdiyi "Ford Tranzit" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək sonuncuya məxsus olan 01 ədəd, 100 manat dəyəri olan "Xiaomi Note 8" və 01 ədəd, 150 manat dəyəri olan "Samsung A23" markalı mobil telefonu və milli məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dollarını oğurlayıb, sonuncuya ümumilikdə 420 manat maddi ziyan vurmaqla özgə əmlakını talamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xətasını törətmişdir. Qeyd olunanlar X1 izahatı, Şəxs Mürşid oğlunun ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6778 nömrəli rəyi ilə təsdiq olunur. X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində, idarə etdiyi "Ford Tranzit" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanının qarşı tərəfində saxlayıb, yük yerində olan əşyaları başqa bir avtomobilə qoyub avtomobilə qayıdarkən avtomobilin oturacağının üzərinə qoyduğu "Samsung A23" markalı və kabrosunda olan 100 ABŞ dolları ilə birlikdə "Xiaomi Note 8" markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən "20 Yanvar" dairəsi istiqamətində gedən zaman "Ford Tranzit" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının bir qədər aralı olmasını və sahibsiz olmasını müşahidə edib, avtomobilin sağ oturacağının üzərində olan 2 ədəd mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Materiala əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6778 nömrəli rəyindən görünür ki, "Samsung A23" markalı mobil telefonun 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti 150 manat, "Xiaomi Note 8" markalı mobil telefonunun 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti isə 100 manat təşkil edir. Qeyd olunanların nəzərə alınaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində nzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmiş Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında ancaq telefon götürdüyünü, pul götürmədiyini bildirdi. Əməlindən peşmançılıq çəkdiyini və barəsində yüngül cəzanın tətbiq olunmasını xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün material Nəsimi rayon prokurorluğuna göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmiş, maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-in 32.1.1-ci maddəsi), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «24» dekabr 2024-cü il tarixdən, saat 16:25dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar