Məhkəmə qərarları › İş №3(006)-510/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-510/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-510/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxsin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1961-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov dön., ev 11-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-3455/2019 saylı icra sənədinə əsasən Şəxs X3 xeyrinə 5.000 ABŞ dolları Azərbaycan manatı məzənnəsi ilə tutulmalıdır. İcra sənədində göstərilən tələbin qanunvericiliklə müəyyən edilmiş müddətdə könüllü icra etmək üçün borcluya qərar və bildiriş göndərilərək vaxt verilmiş, lakin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə baxmayaraq borclu yalnız 3.100 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3455/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs müxtəlif tarixlərdə şöbəyə gələrək borcun birdəfəlik ödənilməsi üçün imkanının olmadığını söyləmiş, imkan daxilində borcunu ödəyəcəyini bildirmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədini tam icra etməmiş, bugünədək borcu üzrə yalnız 3.100 manat pul ödəmiş, qalan məbləği isə birdəfəlik ödəmir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, Şəxs onun anası X2 bir neçə il bundan qabaq borc kimi aldığı pulu tam olaraq qaytarmır, məhkəmə qərarını da icra edib 5.000 ABŞ dolları məbləğində vəsaiti birdəfəlik vermir, məhkəmə qərarı olmadan özbaşına olaraq borcunu hissə-hissə bank hesabına ödəyir. Pulun tam ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, X2 bir neçə il bundan qabaq faizə götürdüyü 5.000 ABŞ dolları üzrə xeyli ödənişlər etsə də, sonuncu bunu danmaqdadır. Lakin buna baxmayaraq tələbkara imkanı daxilində mütəmadi olaraq ödənişlər etmiş, ona 3.100 manat pul ödəmişdir. Özü uşaq bağçasında tərbiyəçi işləyir, əmək haqqısından da banka olan borcu üzrə tutmalar aparılır. Qan təzyiqindən əziyyət çəkir, əri də onkoloji xəstədir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3455/2019 saylı icra sənədinə əsasən Şəxs X3 xeyrinə 5.000 ABŞ dolları Azərbaycan manatı məzənnəsi ilə tutulmalıdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)- 2055/2019 saylı qərarı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs bu cəriməni ödəmişdir; - “xxxx” ASC tərəfindən tərtib olunmuş məsaxil qəbzlərinin surətlərinə görə X4 hesabına Yeğanə Həşimova 2019-2020-ci illər ərzində ümumilikdə 3.100 manat pul köçürmüşdür. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara pul ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar