Məhkəmə qərarları › İş №3(006)-5102/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5102/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5102/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanının dayanacağında Fəxriyyə Əsədovaya məxsus **-FX-*** dövlət qeydiyyat nişanlı avtomaşını əlindəki açarla cızmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Atasına məxsus olan **-CS-*** dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili adətən yaşadığı binanın qarajında saxlayır. 27 may 2022-ci il tarixdə, axşam saatlarında şəxsi işləri ilə bağlı gedərkən qaraja düşəndə görmüşdür ki, avtomobilinin qabağında "Nissan" markalı **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O, ilkin olaraq qarajda avtomobillərə baxaraq Taleh bəyə zəng vurmuş və avtomobilinin qarşısında həmin avtomobilin dayandığını bildirib öz avtomobilini həmin yerdən çıxara bilmədiyini və köməklik etməsini xahiş etmişdir. Taleh bəy isə ona gözləməyini, avtomobilin açarını götürüb gələcəyini bildirmişdir. Bu hal dəfələrlə təkrar olunmuş və o, hər dəfə Taleh bəyə müraciət etdikdən sonra bu hal aradan qaldırılmışdır. Bu barədə o, bir neçə dəfə də iradını avtomobillərə nəzarət edən şəxsə bildirmişdir. O, bir neçə dəqiqə oturub avtomobilində gözləmişdir. O, gözlədiyi ərəfədə bacısı Nərmin də onun gec gəldiyini görüb onun yanına gəlmişdir. Taleh bəy ona zəng vuraraq avtomobil sahibinin Sumqayıtda olmasını, evdə olan şəxsdə isə açarın olmadığını, buna görə avtomobilin çəkilməsinin mümkün olmayacağını bildirdi. Bundan sonra o, evə geri qayıtmışdır. Səhəri gün atası Asif zəng edərək qeyd olunan hadisənin baş verdiyini və bu səbəbdən onu bölməyə çağırdıqlarını bildirmişdir. Bölmədə olarkən də bildirmişdir ki, onun sözügedən hadisə ilə əlaqəsi yoxdur. Bu səbəblə barəsində tərtib edilmiş protokolla razılaşmır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, 15 ildir ki, həmin binada yaşayır, avtomobilini saxladığı yer ona məxsusdur. Həmin yer böyük olduğuna görə bina komendatının xahişi ilə Nəzrin xanına avtomobili saxlamağa icazəni o vermişdir. O, müəyyən müddət ailə problemləri ilə bağlı bağda yaşamışdır. Sonradan yenə həmin ünvanda yaşayaraq avtomobilini öz qarajında saxlamışdır. İdarə etdiyi **-FX-*** dövlət nömrə nişanlı "Nissan X-Terra" markalı avtomobili yenicə almışdır. Hadisə olan günü o, günorta 15:00 radələrində işdən gəlmiş, həmin vaxt mənzildə evi yığışdıran xanım olubdur. O, çantasını evdə qoyub, fitnes çantasını götürüb fitnes zalına getmişdir. Qızı isə Sumqayıt şəhərinə müəllim yanına gedibdir. O, evə qayıdanda Taleh gəldi ki, avtomobilinin açarır verim, o isə demişdir ki, evi yığışdıran xanım gedib, özü bayırda qalmışdır, açar isə evdə, çantasında qalıbdır. Ona görə açarı verə bilməyək. Taleh həmin vaxt bildirdi ki, avtomobili onun avtomobilinin arxasında saxlayan xanımlar komendant Aydına zəng vurub ağıllarına gələni deyiblər. Bundan sonra o, öz işində olmuşdur. Səhəri günü qaraja düşəndə görmüşdür ki, avtomobilinin hər yanı cızılıb və təpiklənibdir. Həmin vaxt orada olan Bayram adlı nəzarətçi bildirmişdir ki, avtomobili bu vəziyyətə salan həmin qızlar olublar. Bundan sonra isə məcbur olub hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, ev 37A-da mühafizəçi işləyir. Hadisə olan günü, yəni 2022-ci ilin may ayının 27-də o işdə olarkən Nəzrin xanım yaxınlaşıb bildirdi ki, avtomobilini çıxartmaq istəyir. Həmin vaxt onun avtomobilinin qarşısında Fəxriyyə xanımın avtomobili dayanmışdı. Fəxriyyə xanımla əlaqə saxlanılarkən evdə olmadığını bildirdi. Həmin vaxt Nəzrin xanımın bacısı da onun yanında olubdur. Nəzrin xanım avtomobili çıxara bilmədiyindən əsəbləşdi və Fəxriyyə xanımın avtomobilini əlindəki açarla cızmağa başladı. Həmin vaxt o, Nəzrin xanıma bildirdi ki, belə etməsin sonra problem olacaq. Lakin, Nəzrin xanım onun sözünə əhəmiyyət verməmiş və avtomobili cızdıqdan sonra çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, Nəzrin xanımın böyük bacısıdır. Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi ev 37A-da yaşayırlar. Həmin gün bacısı Nəzrin öz işlərini görmək üçün evdən çıxmış, sonra onun telefonuna zərg çatmadığından o, məcbur olub qaraja onun ardınca düşmüşdür. Xanım avtomobilini onların avtomobilinin qarşısında saxlamış, bacısı çıxa bilmədiyindən əsəbləşmişdi. Bacısı ilkin olaraq komendanta zəng vurmuş, komendant ona açar verilmədiyini deyəndə əsəbləşmişdirlər. Sonra bacısı Talehlə danışmış, Taleh açarı götürüb gələcəyini bildirmişdir. Sonra Taleh geri qayıdaraq bildirmişdir ki, onlar evdədirlər, lakin ona qapını açmadılar. Bundan sonra o və bacısı evə qayıtmışlar. O, həmin vaxt bacısının yaninda olmuş, bacısı avtomobilə hər hansı bir zərər vurmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmas CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd eidlmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:26-da DİN 102ZMX-dən ********** saylı məlumat daxil olmuşdur ki, vətəndaş Fikrət Əsədov həyat yoldaşının **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qonşusu tərəfindən cızılmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 9/3940 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən hissələrin sıradan çıxması nəticəsində 2021-ci il buraxılışlı “Nissan X- Terra" markalı avtomobilin nəzəri qaydada təmir-bərpa xərci 2022-ci ilin may ayına təxminən 4360,00 manat müəyyən edilir. (Dəyişilməli hissələrin qiyməti - 1760,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 2600,0 manat.) Ekspertiza təyini haqqında qərarda edilən 2021-ci il buraxılışlı "Nissan X-Terra" markalı avtomobilin normal vəziyyətdə 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 63000,00 (altmış üç min) manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, buraxılış ili, eyni modelli, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən təmirə məruz qalmış 2021-ci il buraxılışlı "Nissan X-Terra” markalı avtomobilin bazar qiymətində təxminən 10000,00 (on min) manat fərq olması istisna edilmir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 59286 nömrəli satış qəbzindən görünür ki, “Nissan X-Terra” markalı avtomobilin dəyişilməli olan hissələrinin alınması üçün ödənilmiş məbləğ 2130 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 662970 nömrəli mədaxil qəbzindən görünür ki, “Nissan X-Terra” markalı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 4000 AZN məbləğ ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin izahatı və işdə olan digər sübutlarla (inzibati xəta haqqında protokol, ekspertiza rəyi və s.) tam təkzib edilmişdir. Məhkəmə, həmçinin, şahid qismində dindirilmiş X5 məhkəmə baxışı zamanı verdiyi izahatına münasibətdə qeyd edir ki, onun izahatının məhkəmə baxışında araşdırılan digər sübutlarla edilən müqayisəsi həmin izahatın həqiqiliyini şübhə altına alır. Məhkəmə, şahid qismində dindirilmiş X5 izahatının mötəbərliyi baxımından öz daxili inamına əsasən onu qiymətləndirərək hesab edir ki, X5 izahatının həqiqiliyinə dair şübhələr mövcuddur. Məhkəmə, hesab edir ki, şahidin həmin izahatına qiymət verilməsi və həmin izahatın barəsində icraat aparılan şəxsin təqsirsizliyini təsdiq etməsi üçün ilk növbədə həmin izahatı verən şəxsin kimə qarşı izahat verməsi, barəsində izahat verdiyi şəxslə aralarında ədavət və ya yaxın qohumluq münasibətinin və ya digər mənfəətin olması, həmin ifadənin ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlil edilərək aydınlaşdırılmalıdır. Məhkəmə, şahid qismində dindirilmiş X5 ifadəsində göstərdiyi xüsusatların iş üzrə əldə olunmuş mötəbər, əsaslı və təkzib edilməz sübutlarla zidiyyət təşkil etməsini, habelə X7 ilə Şəxs arasında yaxın qohumluq (bacı olmaları) münasibətinin olmasını nəzərə alaraq hesab edir ki, X5 izahatı iş üzrə həqiqəti əks etdirmir və bacısı Şəxs məsuliyyətdən qurtarmaq məqsədi ilə verilmişdir. Belə ki, şahid işin nəticəsində marağı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s. münasibətləri ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasa da, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Beləliklə, şahid qismində dindirilmiş X5 ifadəsində göstərdiyi xüsusatlar nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında tədqiq edilmiş, bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Bununla birlikdə məhkəmə, iş üzrə tərəflərə münasibətdə neytral mövqeyi, yəni onlarla arasında xidməti asılılıq, qohumluq və digər şəkildə qərəzsizliyi istisna edən halların mövcudluğu müəyyən edilməyən X4 izahatını mötəbər sübut kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 4360 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar