Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5113/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17906916 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17906916 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən xx.xx.2023 tarixində EQ17906916 №-li inzibati protokol tərtib edilmişdir. Protokola əsasən, özünə məxsus "Ford Escape" markalı **-CJ-*** dövlət nişanlı avtomobillə 3-cü mkr dairəsi istiqamətində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə pozmuşdur. İşin faktiki hallarına baxdıqda görünür ki, "5.9 Marşrut nəqliyyat vasitələri üçün zolaq" nişanı ilə işarələnmiş zolağa sağa dönmək məqsədilə daxil olmuşdur. Belə ki, bu zolağa qismən daxil olub oradan müvafiq menevri yerinə yetirmək (sağa dönmək) məqsədilə istifadə etmişdir. Təqdim etdiyi şəkildə görünür ki, sağa dönmə işarəsini yandırmışdır. Belə olan halda, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, "Yol nişanlarının tələblərinə riayət edilməməsi" ilə əlaqədar EQ 17906916 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi və bu barədə İnzibati Xətalara Məcəlləsinin 60 və 61-ci maddələrinin tələblərinə zidd olaraq, xx.xx.2023-cü il tarixində 40 manat məbləğində cərimə təyin edilməsi tamamilə qanuna ziddir. Qeyd olunan xx.xx.2023cü il tarixində tərtib edilmiş EQ17906916 nömrəli protokol və onun əsasında təyin olunmuş cərimə çoxsaylı qanun pozuntularına səbəb olaraq hazırlanmışdır. Göstərilmiş sübutlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş inzibati xəta haqqında qərar və onun əsasında tətbiq olunmuş 40 manat cərimə tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, EQ 17906916 saylı qərarın əsassız və qanunsuz olduğuna görə həmin qərarın ləğv edilməsini tələb etmişdir. Verilmiş şikayət əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Barəsində protokol tərtib edilmiş şəxs qeyd edilən tarixdə və vaxtda avtobus zolağına keçir, lakin həmin zolağa səhər saat 07:00-dan axşam 21:00-dək girmək qadağan edilmişdir. Həmin zolaqda yalnız bir yerdə sağa dönmək mümkündür. Həmin dönmə yerinə daxil olmaq üçün müəyyən yer qırıq xətlə göstərilmişdir. Həmin qırıq xətdən əvvəl isə zolağa daxil olmaq qayda pozuntusudur. Şikayətçi isə həmin zolağa əvvəlcədən daxil olaraq yolunu davam etdirir ki, nəticədə qayda pozuntusuna yol verir. Bununla bağlı onlarda fotoşəkillər mövcuddur. Sonda inzibati xətanın törədilməsi ilə bağlı fotoşəkilləri təqdim edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan “MyGov.az” portalından əldə edilmiş çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17906916 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə icraat aparmış səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş fotoşəkillərə baxış zamanı 3-cü mikrorayon dairəsi istiqamətində müvafiq “Marşrut nəqliyyat vasitələri üçün zolaq” nişanının və həmin zolaqdan istifadəyə dair vaxt məhdudiyyətinin əks olunduğu, həmçinin X3 xx.xx.2023-cü il tarixli, saat 07:54-də idarə etdiyi “Ford Escape” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müəyyən edilmiş hərəkət zolağına daxil olması müşahidə olunur. Məhkəmə, şikayət verən şəxs X4 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17906916 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5113/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5113/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver