Məhkəmə qərarları › İş №3(006)-5115/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5115/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5115/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda saxlanılmış, bölmədə üzərinə baxış keçirilərkən şalvarının yan cibindən 0,30 qram narkotik vasitə marixuana (kannabis) aşkar olunmuş, beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:45-də Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında Şəxs Xançoban oğluna yaxınlaşmış, özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişdir. Şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları onun özünü şübhəli apardığını görüb bunun səbəbini soruşmuşlar, o isə könüllü olaraq “nəşə” adlı narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra onu Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Bu zaman Şəxs könüllü olaraq 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra içərisində ot kütləsi olan narkotik maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə-bioloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,30 qram maddə kustar üsulla hazırlanmış qurudulmuş ot olan narkotik vasitə-marixuanadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, marixuanadan istifadə edir. Polis əməkdaşları onu saxlayan zaman, həqiqətən də, üzərində marixuana olmuşdur və onu bölmədə könüllü olaraq təqdim etmişdir. Əməlindən peşmandır. Üç azyaşlı uşağı var. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Bioloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16-2- 7/1558 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi- 0, 30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3176 nömrəli aktından görünür ki, Şəxs sidiyində THC1+1 müsbət aşkar edildi, OPİH mənfi, COCH mənfi, BLOH mənfi, AmpH mənfi aşkar olunmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 noyabr 2023-cü il, saat 17:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X3 Saxlanılma Mərkəzinə təhvil verilməsi Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar