Məhkəmə qərarları › İş №3(006)-5118/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5118/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5118/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC tərəfindən qanunla müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab edilə bilməz. Çünki, aydın olur ki, həmin inzibati xətanın törədilməsinə görə məsuliyyət avtomobilə faktiki sahibliyi həyata keçirən şəxsin üzərinə düşür. Qeyd etmək lazımdır ki, eyni əmələ görə avtomobilin sürücüsü barəsində xx.xx.2023-cü il tarixində 50 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Odur ki, Şəxs QSC-nin barəsində İXM-in 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, Şəxs QSC tərəfindən balansında olan “HYUNDAİ ELANTRA” minik markalı, **- AB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. - “ASAN Pay” ödəniş portalından olan çıxarışdan görünür ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17763016 saylı protokol üzrə 45.0 AZN ödəniş edilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Bununla yanaşı, işin mübahisəsiz hallarında aydın olur ki, qeyd olunan nəqliyyat vasitəsi üzərində xx.xx.2023-cü il tarixli etibarnamə əsasında faktiki sahibliyi həyata keçirən şəxs – X3 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17763016 saylı protokol tərtib edilməklə həmin şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, hüquqi şəxs məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Belə olan təqdirdə, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki vəziyyətdə isə qanunvericiliyin yuxarıda istinad olunmuş normalarından aydın olur ki, İXMin 469.3-cü maddəsi həmin Məcəllənin 122-ci maddəsinin təsir dairəsinə düşməklə qeyd edilən inzibati xəta barədə elektron qərarın hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barəsində, yalnız belə məlumat olmadıqda nəqliyyat vasitəsinin mülkiyyətçisi barəsində tərtib edilməli olması nəzərdə tutulmuşdur. Məhkəmə isə hazırki halda hüquqi şəxsin məsuliyyəti üçün əsas qismində İXM-in 18.2-ci maddəsində nəzərdə tutulan halları müəyyən etmir. Belə olan halda hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə hesab edilməklə obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi olmadığından Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar