Məhkəmə qərarları › İş №3(006)-5139/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5139/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5139/2024 28.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 2006-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qobu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 28 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində X3 məxsus 450 manat dəyərində «İphone 11» markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis inspektoru X4 izahatında göstərmişdir ki, X5 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində özünə məxsus «İphone 11» markalı mobil telefonu “Qoca” ləqəbi ilə tanıdığı şəxs telefonla danışmaq adı altında ələ keçirərək ərazidən uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində dəlduzluğun Şəxs tərəfindən törədildiyi məlum olmuş və o, saxlanılaraq şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 13 dekabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində “Tiktok” platformasından tanış olduğu Fərid Şükürlünün «İphone 11» markalı telefonunu zəng etmək adı altında ələ keçirmiş və daha sonra ərazidən uzaqlaşaraq getmişdir. Daha sonra həmin mobil telefonu 14 dekabr 2024-cü il tarixdə tanımadığı şəxsə 300 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Hal-hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində “Tiktok” platformasından tanış olduğu “Qoca” ləqəbli şəxslə görüşmüş və həmin vaxt sonuncu zəng etmək üçün ondan telefonunu istəmişdir. O həmin vaxt «İphone 11» markalı telefonunu sonradan şəxsiyyəti ona məlum olan Hafiz Abdullazadəyə vermişdir. Bundan sonra, Hafiz Abdullazadə telefonuyla danışadanışa ərazidən uzaqlaşmışdır. Bundan sonra hadisə barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etmişdir. Hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis inspektoru X4 tərəfindən tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar