Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5151/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar əsassızdır. Belə ki, Masallı Rayon Məhkəməsinin qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə ləğv olunmuşdur. Buna baxmayaraq onun adına 300 manat cərimə yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X11 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X11 nümayəndəsi X5 izahatında göstərmişdir ki, X2 şikayəti əsassızdır. Belə ki, şirkətə məxsus avtomobillər yol vərəqəsi ilə idarə olunur. Şirkət hansı avtomobilin kim tərəfindən idarə olunması, kimə yol vərəqəsi verilməsi barədə əvvəlcədə onlara rəsmi qaydada məlumat verir. Buna baxmayaraq o, xəta ilə bağlı təkrar olaraq "xxxx" şirkəti ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin avtomobilin məhz X3 tərəfindən idarə edilməsini ona bildirmişlər. Həmçinin sistemdə də **-PC-*** nömrəli nəqliyyat vasitəsinə sürmək üçün etibarnamə və ya yol vərəqəsinin yazılması qeyd olunmamışdır. Buna görə də TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın qanuni və əsaslı olduğundan X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-1552/2023 nömrəli qərarından görünür ki, inzibati xəta törətmiş X3 EQ 12591025 nömrəli protokol üzrə ona təyin edilmiş cəriməni və müvafiq oalraq hesablanmış dəbbə pulunu ödədiyindən vəsatətinin təmin edilməsi, inzibati xəta törətmiş X2 barəsində Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(050)-1552/2023 nömrəli qərarının icrasına xitam verilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-1552/2023 nömrəli məktubunun surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)-1552/2023 nömrəli qərarı icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, PC-291/23 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə “X7 Şirkəti” QSC-yə məxsus **- PC-*** dövlət qeydiyyat nişanlı “X12” minik markalı avtomobilini yol vərəqəsinə əsasən şirkətin əməkdaşı X4 idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, hazırki halda, X3 tərəfindən Azərbaycan Respublikası İXMin 327.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Əksinə, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X3 tərəfindən qeyd olunan inzibati xətaların törədilməsini istisna edir. Belə ki, "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, PC-291/23 nömrəli məktubla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə “X7 Şirkəti” QSC-yə məxsus **-PC-*** dövlət qeydiyyat nişanlı “X12” minik markalı avtomobilini yol vərəqəsinə əsasən şirkətin əməkdaşı X4 idarə etmişdir. Digər tərəfdən, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)- 1552/2023 nömrəli qərarı ilə müəyyən edilir ki, X2 nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdıran Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 3(050)-1552/2023 nömrəli qərarının icrasına xitam verilmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Belə olan halda, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2023cü il tarixdə qəbul edilməsi nəzərə alındıqda X3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsindən ibarət inzibati xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi mümkün hesab edilə bilməz. Beləliklə, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-in 327.2 və 332.3-cü maddələrinin tərkibi aşkar olunmadığından onun barəsində inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə sadalanan xüsusatlarla bağlı qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübutetməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5151/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5151/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver