Məhkəmə qərarları › İş №3(006)-5166/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5166/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5166/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi X7 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023cü il tarixdə, saat 14:50-də “Badam” adlı obyektin üzərində İ**********0001-003 nömrəli icazə şərtlərini pozaraq açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aparılan monitorinq zamanı X6 məxsus ünvan 1 ünvanında yerləşən “Badam” adlı obyektin üzərində İ**********0001-003 nömrəli icazə şərtlərini pozaraq reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş fakt barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, X7 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən “Badam” adlı obyektdə çayxana işlədir. Lakin, müəyyən müddət işləri qaydasında olmamış, maddi problemləri olmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri Reklam İdarəsi ilə müqaviləni artıra bilməmişdir. Qeyd edilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X1 Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. - “Açıq məkanda reklam yerləşdirilməsinə dair” İ**********0001 qeydiyyat nömrəli. xx.xx.2023-cü il tarixli icazədən görünür ki, X6 məxsus ünvan 1 ünvanında yerləşən obyektin üzərində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq növ, ölçü və digər parametrlərdə reklam yerləşdirilməsinə icazə verilmişdir. - “Açıq məkanda reklam yerləşdirilməsinə dair” İ**********0002 qeydiyyat nömrəli. xx.xx.2023-cü il tarixli icazədən görünür ki, X6 məxsus ünvan 1 ünvanında yerləşən obyektin üzərində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq növ, ölçü və digər parametrlərdə reklam yerləşdirilməsinə icazə verilmişdir. - “Açıq məkanda reklam yerləşdirilməsinə dair” İ**********0003 qeydiyyat nömrəli. xx.xx.2023-cü il tarixli icazədən görünür ki, X6 məxsus ünvan 1 ünvanında yerləşən obyektin üzərində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq növ, ölçü və digər parametrlərdə reklam yerləşdirilməsinə icazə verilmişdir. - Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” Aktdan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə “Badam” adlı obyektin üzərində İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli icazələrin tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstəriş”dən və onun ünvana çatdırılmasına dair poçt xəbərnaməsindən görünür ki, ünvan 1 ünvanında “Badam” adlı obyektin üzərində İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli icazələrin tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilməsi faktı ilə əlaqədar yol verilmiş qanun pozuntusunun 5 gün ərzində aradan qaldırılması X3 tələb edilmişdir. - Fotoşəkillərlə ünvan 1 ünvanında yerləşən “Badam” adlı obyektin üzərində İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli icazələrin tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilməsi müəyyən olunur. - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin X6 ünvanladığı 17 noyabr 2023-cü il tarixli, 11-3-1/2-4135/23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən İ**********0001, İ**********0002 və İ**********0003 nömrəli icazələrin tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilməsi faktı ilə əlaqədar tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti X6 təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, barəsində inzibati icraat aparılan vəzifəli şəxs X7 tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulmuş, yəni müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar