Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5173/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin sahə inspektoru X2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Abşeron rayonu, Aşağaı Güzdək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ev 28, mənzil 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Lakin Şəxs həmin gün spirtli içkinin təsiri altında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin inzibati binasının qarşısına gələrək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin səs-küy salaraq iş rejimini ciddi şəkildə pozmuşdur. Bundan sonra Şəxs narkotik maddələrdən istifadə etməsində şübhələr yarandığından sonuncu narkoloji müayinə olunması üçün Respublika Narkoloji Mərkəzinə göndərilmiş və həmin qurumdan verilmiş rəy əsasında onun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 noyabr 2023-cü il tarixdə qardaşı ilə yaşadığı ünvanda spirtli içki qəbul etdikdən sonra birlikdə şəhərə gəzməyə çıxmışlar. Lakin şəhərdə bir müddət gəzdikdən sonra nənəsi ona zəng vuraraq onu polis əməkdaşlarının axtarması barədə məlumat vermişdir. O telefonda polis əməkdaşları ilə danışdıqdan sonra onu polis idarəsinə dəvət etmişlər. Bundan sonra, o, polis idarəsinə getmiş və orada olan polis əməkdaşları onunla kobud formada danışmış və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişlər. O da cəzaçəkmə müəssisəsindən yeni azad olunduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin, o, hal-hazırda narkotik vasitələrdən istifadə etməməsini və uzun müddət öncə narkotik vasitədən istifadə etməsini qeyd etmişdir. Lakin polis əməkdaşları onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, o da polis əməkdaşlarına qarşılıq vermişdir. Sonradan onun barəsində narkoloji rəy alınmış və rəy əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əməlindən səmimi peşman olduğunu, polis əməkdaşlarından etdiyi hərəkətlərə görə üzr istədyini bildirərək, barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 7662 saylı rəyinə görə Şəxs kannabinoidlərin istifadə etmə halları olmuşdur, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. İşdə olan 22 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini və etdiyi hərəkətlərə görə polis əməkdaşlarından üzr istəməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunan Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5173/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5173/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver