Məhkəmə qərarları › İş №3(006)-5175/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5175/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5175/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, tərcüməçi X5, zərərçəkmiş şəxs X8, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Eres Nurettin Salahattin oğlunun iştirakları ilə, xx xxxx 1977-ci ildə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, (FİN3ZMF4QQ), işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, küçə 9 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Eres Nurettin Salahattin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Eres Nurettin Salahattin oğlu Sumqayıt şəhər məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Eres Nurettin Salahattin oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)-3276/2017 saylı və həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı qətnamələrindən xəbəri olmuş və əvvəllər aliment üzrə ödənişləri etmişdir. Lakin sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq iki ilə yaxın müddətdə həbsdə saxlanıldığına görə aliment üzrə ödənişləri tam olaraq ödəyə bilməmişdir. Onun aliment üzrə qeydə alınmış ödənişləri olsa da, böyük məbləğdə qeydiyyatı aparılmamış aliment ödənişləri də olmuşdur. Bundan başqa, o, iki uşağına hər ay alimentdən kənar ödənişlər də etmişdir. Bundan başqa, onun işlədiyi şirkətə X8 basqılar edərək ödənişlərin edilməsini tələb etdiyi üşün şirkət onunla olan müqaviləyə problemlərin yaranması səbəbilə xitam vermişdir. Bu səbəbdən, işsiz olduğuna görə aliment üzrə ödənişləri ödəmək iqtidarında olmamışdır. Qeyd edir ki, bir müddət onun uşaqları ilə ünsiyyət yaratmasına X8 maneələr yaratdığına görə aliment üzrə ödənişləri etməmişdir. O, polis əməkdaşları tərəfindən 23 noyabr 2023-cü il tarixdə, saat 08:00-da saxlanılaraq Nəsimi rayon İcra Şöbəsinə gətirilmişdir. Lakin onun icra sənədi üzrə yaranmış borc məbləğini ödəməkdən qərəzli olaraq yayınmaq məqsədi olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)-3276/2017 saylı və həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı qətnamələri Eres Nurettin Salahattin oğlu tərəfindən icra edilmir. Belə ki, Eres Nurettin Salahattin oğlu icra sənədi üzrə ödənişləri icra etməkdən yayınmış və onun 14000 manat məbləğində borcu yaranmışdır. Nurettin Eres müxtəlif bəhanələrlə aliment üzrə ödənişləri yerinə yetirməkdən qərəzli şəkildə imtina edir. Nurettin Eres bir dəfə oğlunu döyərək xəsarət yetirmiş, həmçinin onun yaratdığı basqılardan oğlu intihar etməyə cəhd etmişdir. X11 alimentdən yayınmaq üçün əvvəl işlədiyi şirkətə müraciət edərək 800 manatlıq maaşının rəsmi olaraq 400 manat olmasını tələb etmişdir. O, uşağının xəstə olduğunu nəzərə alaraq, pulun tam olaraq ödənilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmədən Eres Nurettin Salahattin oğlu barəsində sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)- 3276/2017 saylı və həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı qətnamələri üzrə icra sənədləri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədlərinin icrası tam təmin edilməmişdir. Nurettin Eres əvvəl işlədiyi yer üzrə aliment ödəsə də, sonradan işdən azad olunmuş və həmin vaxtdan aliment üzrə ödənişləri ödəməkdən yayınır. Şəxs dəfələrlə alimentin ödənilməsində hərəkətsizlik göstərmiş, borcu ödəməkdən yayınmışdır. Onun tərəfindən icra sənədinin icra edilməsi üçün cəhdlər edilsə də heç bir nəticə verməmişdir. Bu səbəbdən də Nurettin Eres barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda həmin şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Eres Nurettin Salahattin oğlu barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)- 3276/2017 saylı və həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Eres Nurettin Salahattin oğlu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)-3276/2017 saylı qətnaməsinə əsasən Eres Nurettin Salahattin oğlundan 17 noyabr 2005-ci il təvəllüdlü Yusuf Nurettin oğlu Eresin və 03 oktyabr 2008-ci il təvəllüdlü Hüseyn Nurettin oğlu Eresin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 08 fevral 2017-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 136,6 manat olmaqla, cəmi 273,20 qəpik sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-1503/2023 saylı qətnaməsinə əsasən 17 noyabr 2005-ci iltəvəllüdlü Yusuf Nurettin oğlu Eresin və 03 oktyabr 2008-ci il təvəllüdlü Hüseyn Nurettin oğlu Eresin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt şəhər məhkəməsinin 07 mart 2017-ci il tarixli, 2(060)- 3276/2017 saylı qətnaməsi ilə Eres Nurettin Salahattin oğlundan iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 manat manaq olmaqla, ümumilikdə 380 manat məbləğində müəyyən edilməsi, X4 Hüseyn Nurettin oğlu Eresin müalicəsi üçün çəkdiyi xərcin yarısı, yəni 194,50 manat məbləğində pul Eres Nurettin Salahattin oğlundan iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan, “tələbin könüllü icrası haqqında” bildirişlərdən və Eres Nurettin Salahattin oğlunun izahatlarından görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Nurettin Eres izahatında sentyabr ayında işdən azad olunduğuna görə ödəniş edə bilmədiyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Nurettin Eres Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Eres Nurettin Salahattin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Eres Nurettin Salahattin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Eres Nurettin Salahattin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 08:00dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar