Məhkəmə qərarları › İş №3(006)-5192/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5192/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5192/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin EQ16486728 saylı saylı inzibati xəta haqqında protokol ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində mülkiyyətində olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması müəyyən edilmiş, nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun onda olması və sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə elektron protokol tərtib edilmişdir. Tərəfindən dərhal DİN Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə müraciət edilmiş və avtomobillərin onun istifadəsində olmaması, yol vərəqəsi əsasında müxtəlif şəxslər tərəfindən idarə edilməsi bildirilmişdir. Lakin polis əməkdaşları tərəfindən verilən şifahi məlumata əsasən protokolun elektron qaydada tərtib edildiyi və bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun, təsisçisi olduğum "xxxx" MMC şirkətinə verdiyi mülki etibarnamə əsasında mülkiyyətində olan bütün daşınar əmlaklarını idarə və istifadə etməyi və onların üzərində sərəncam verməyi və digər bütün növ səlahiyyətlərin verilməsini etibar etmişdir. Bu səbəbdən inzibati xətaların törədildiyi nəqliyyat vasitəsinə dair X1 (SA/ AD088910 avtomobillərin nisyə alqı-satqı haqqında müqavilə əsasında satıldığı müştərilərə) "xxxx" MMC tərəfindən yol vərəqələri təqdim edilmiş və həmin yol vərəqələri əsasında avtomobilərl idarə edilmişdir. Yuxarıda qeyd etdiyim halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 346.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin adından verilmiş etibarnamədən görünür ki, “Lexus LS 460” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası ərazisində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək idarə edilməsi X1 həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə, iş üzrə icraat aparmış səlahiyyətli orqanın diqqətini "xxxx" MMC-nin adından X1 verilmiş etibarnaməyə cəlb edərək bildirir ki, səlahiyyətli orqan tərəfindən həmin xüsusat araşdırılaraq əmələ düzgün hüquqi qiymət verilməli, başqa sözlə, Azərbaycan Respublikası İXM-in 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın subyekti mötəbər və şübhə doğurmayan subutların məcmusu ilə müəyyən edilməlidir. Eyni zamanda, səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş və ehtimal olunan inzibati xətanın törədilməsini təsdiq etdiyi iddia edilən 01 ədəd fotoşəkilə münasibətdə məhkəmə hesab edir ki, həmin fotoşəkildən “Lexus LS 460” minik markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 və ya digər bir şəxs tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar