Məhkəmə qərarları › İş №3(006)-5203/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5203/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5203/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Firudin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 avqust 2025-ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “cərrahi stomotoloji iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma” faktı aşkarlanmışdır (X7 və s.). Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X5 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, yoxlama zamanı əməkdaşlar heç bir sənəd təqdim etmədən klinikaya daxil olmuş və şəkillər çəkməyə başlamışlar. Aşkar olunan pozuntulardan biri X1 tibbi fəaliyyət göstərməsi olmuş, lakin sertifikatının müddəti bitdiyi zaman Rəşad Səfərov məzuniyyətdə olmuş, işə qayıtdıqdan sonra isə tərəfindən onun işinə xitam verilmişdir. X4 icazəsi olmadan klinikada öz qohumunun dişini şəkmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-907/2025 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252340181 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi əsasında ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli T-296 saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı”ndan görünür ki, planlı yoxlama 25 avqust 2025-ci il tarixində ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirlmişdir. 1. Müəssisədə pasiyentlərin qeydiyyatının aparılması "xxxx" elektron proqramı üzrə keçirilməsi təqdim olunmuşdur. Müəssisədə tibbi qeydiyyat sənədləri (F-043, F-037, F-039/3, F-039/2, F-049, F-074) müvafiq formalar üzrə aparılmamış, “Dr. Aydın”a məxsus müəssisə tərəfindən tərtib edilmiş və yoxlamaya təqdim olunmuş pasiyentlərin müayinə və müalicə prosesləri qeyd olunmamışdır. Dr. Rəşad Səfərova aid pasiyentlərin tibbi qeydiyyat sənədləri yoxlamaya təqdim edilməmiş, görülən işlər üzrə tibbi statistik hesabatlar yoxlamaya təqdim edilməmiş, çalışan işçilərin dövri tibbi müayinədən keçmələri barədə arayış təqdim edilməmiş və bu barədə iş təşkil olunmamışdır. İstifadə edilən stomatoloji kürsülərin (3 ədəd) monometrlərin normativ-texniki tələblərə uyğunluğunu təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. “Tibbi tullantıların zərərsizləşdirilməsi barədə Akt yoxlamaya təqdim edilməmişdir (təhvil-təslim aktı var). Müəssisədə baxış keçirilən zaman mövcud olan 3 stomatoloji otaqların yalnız birində təbii havalandırma və işıqlandırma var. Müəssisədə tibb işçilərinin əmək məzuniyyətində olmaları barədə əmrlərdən çıxarış təqdim olunsa da, hər bir stomatoloji otaqda və “Sterilizasiya”da tibbi tullantıların olması müəyyən edilmişdir. Alətlərin sterilizasiya işləri aparılmasına dair qeydiyyat jurnalı və bakterisid lampanın işlənməsi barədə qeydiyyat jurnalı yoxlamaya təqdim edilməmişdir. Steril paketlənmiş alətlərin üzərində sterilizasiya tarixi qeyd edilməmiş, bəzi alətlərin (vasitələrin) paketlərinin tamlığı pozulmuşdur və qarışıq vəziyyətdə saxlanılır. Mövcud olan (dezinfeksiyaedici işçi məhlulu ilə) konteynerin üzərində müvafiq qeydlər (məhlulun adı, qatılıq faizi, hazırlanma tarixi, konteynerin təyinatı) aparılmamış, sterilizasiya sahəsində dezinfeksiyaedici işçi məhlul olan konteynerin içində istifadə olunmuş cərrahi işə aid alətlər (kəlbətin, elevator) aşkar edilmişdir. “Dezinfeksiyaedici işçi məhlulun hazırlanmasına”, “avtoklav cihazının iş prinsipinə uyğun işləməsinə”, “sterilizasiya işlərin qaydalara uyğun ardıcıllıqla aparılmasına” dair təlimatlar tərtib edilməmişdir. Təxirəsalınmaz və anafilaktik şok zamanı ilk tibbi yardımın təlimatı tərtib edilməmiş, sterilizasiya sahəsində bakterisid lampa quraşdırılmamış, stomatoloji otaqların birində (otaq №3) siyirmələr bağlı olmuş və metallik rəngdə olan çanta yoxlamaya təqdim edilməmişdir. Havalandırma sisteminə texniki qulluq barədə sənəd təqdim edilməmiş, müəssisədə mərkəzləşdirilmiş istilik sistemi yoxdur, kondisioner üzrə mikroiqlimin vəziyyəti tənzimlənir. 2. Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi faktı aşkar edilmişdir: həkim-stomatoloq X7, tibb bacısı X6. Yoxlama zamanı sertifikatlar təqdim olunmamışdır, araşdırma yolu ilə müəyyən edilmişdir. 3. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi (cərrahi stomatologiya) müəyyən edilmişdir. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmişdir. Yoxlama ilə bağlı müvafiq İXM-nin 215.1 və 215.4-cü maddələri ilə MN ******* saylı protokol tərtib edilmişdir. Müəssisədə yoxlama qanuni təmsilçi (vəzifə üzrə direktor) X2 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC- ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada nizamnamələrində və özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olunması aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar