Məhkəmə qərarları › İş №3(006)-5207/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5207/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5207/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş Şəxs MMCnin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxs MMC barəsində İXM-in 462.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatları (konsolidə edilmiş) 2023-cü ildə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Bununla da Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə vəsatət təqdim etmişdir. Həmin vəsatət onunla əsaslandırılmışdır ki, Şəxs MMC icraatınızda olan xx.xx.2023cü il tarixli 3(006)-5207/2023 saylı iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə görə təqsirli hesab edilir. Bildirilir ki, Şəxs MMC olaraq həmin inzibati xəta üzrə özünü təqsirli hesab etmir. Qeyd etmək istəyirik ki, Şəxs MMC-nin maliyyə hesabatları qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırlanıb müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilmişdir. Belə ki, hər maliyyə ilinin yekunlarına görə hesabat məlumatları onlayn kargüzarlığa daxil olan bildiriş əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fonduna, Statistika Komitəsinə və Auditorlar Palatasına təqdim edilir. Maliyyə Nazirliyinin 15 noyabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokoluna əsasən Şəxs MMC-nin konsolidə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə hazırlanmaması, internet səhifəsində və ya mətbuat orqanında dərc edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməli olduğu bildirilmişdir. Halbuki MMC olaraq Şəxs MMC barəsində belə bir tələbin irəli sürülməsi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalarla ziddiyyət yaradır. Bununla yanaşı, Maliyyə Nazirliyi bu barədə şirkətə xəbərdarlıq bildirişi də göndərməmişdir. Həmçinin Cəmiyyətin nizamnaməsində də konsolidə maliyyə hesabatların verilməsi müəyyən edilməmişdir. Bundan başqa maliyyə məlumatlarının və konsolidə hesabatlarınm açıq dərc edilməsinə dair qanunla məhdud məsuliyyətli cəmiyyətlər barəsində öhdəlik qoyulmamışdır. Göründüyü kimi Şəxs MMC özünün və törəmə müəssisələrinin konsolidə maliyyə hesabatlarının hazırlanması, onların auditor rəyi ilə birlikdə müvafiq qaydada təqdim edilməsinə dair rəsmi tələb olmadığı halda belə məlumatların açıq dərc etdirilməsini doğru hesab etmir. Mühasibat uçotu haqqında qanunun 10.4-cü maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan iri, orta və kiçik sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri bütövlükdə yerinə yetirdikdə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər: 10.4.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səs vermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə yekdilliklə razılığa gəldikdə; 10.4.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda; 10.4.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda; 10.4.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət X1 Standartlarına və ya Kiçik və X6 üçün X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə. 10.5. İri, orta və kiçik sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və X6 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir. Qanundan göründüyü kimi Cəmiyyətin bu xarakterli hesabatların tərtib edilməməsi hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin Maliyyə Nazirliyindən konsolidə maliyyə məlumatlarının təqdim edilməsinə dair Cəmiyyətə rəsmi bildiriş daxil olmadığından da bu hesabatların hazırlanması və Ümumi Yığıncağı tərəfindən təsdiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin protokoluna görə Cəmiyyəti təqsirli bildiyi İnzibati Xətalar Məcəlləsinin 461.1 -ci maddəsinə və həmin protokola əsasən 2022-ci il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanında dərc etdirməyən kommersiya təşkilatlarının törətdikləri inzibati xətaya görə barəsində inzibati tənbeh təqdim edilməli olduğu bildirilmişdir. Həmçinin protokol tərtib edilərkən Şəxs MMC bu barədə məlumatlandırılmamış və bu prosesdə iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.5-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Qanunvericiliyin mövqeyindən aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət illik və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borclu deyildir. Görünüdüyü kimi Şəxs MMC barəsində tərtib edilən protokolun tələbi açıq səhmdar cəmiyyətlərinə aiddir. Sözügedən inzibati xətanın həqiqətən törədilməsi və inzibati xəta tərkibinin bütün digər əlamətləri aydınlaşdırılarkən xətanın subyekti, qəsd obyekti ilə yanaşı Şəxs MMC-nin subyektiv cəhətdən həmin inzibati xətanı qəsdən yaxud ehtiyatsızlıqdan törətməsi, o cümlədən obyektiv cəhətdən xətanın həqiqətən icra edilməsi, səbəbli-əlaqə təsbit edilməlidir. Məhkəməyə təqdim etdiyimiz audit hesabatından göründüyü kimi Şəxs MMC 2022-ci ilin maliyyə hesabatını Mühasibat uçotu haqqında qanunun 10.5-ci maddəsinə əsasən cari ilin 31 dekabrına kimi tərtib etmiş və müvafiq qaydada təqdim etmişdir. Qeyd etmək istəyirik ki, İXM-nin 462.1-ci maddəsinə görə nəzərdə tutulan inzibati xəta hadisə baş vermədiyindən, nəticədə xəta tərkibinin bütün digər əlamətləri ehtiva olunmadığından Şəxs MMC barəsində başladılan inzibati xəta üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilən faktiki və hüquqi əsasları diqqətə alaraq, xx.xx.2023-cü il tarixli 3(006)- 5207/2023 saylı inzibati xəta haqqında iş üzrə təqsirli sayılan Şəxs MMC barəsində inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə müvafiq olaraq xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi vəsatətin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 izahatında göstərdi ki, qarşı tərəf iş üzrə icraata xitam verilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin sənədlərlə tanış olmuşdur. Şəxs MMC öz saytlarında hesabatlarını dərc etmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-yə ünvanlandığı 3-23/2- 6384/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC 2022-ci il üzrə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 30 iyun 2023-cü il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsi və ya mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 15 noyabr 2023-cü il tarixdə, saat 10:00-da Azerbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacaqdır. Təşkilatın 2022-ci il üzrə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc edildiyi mövcud olduğu təqdirdə həmin rəyi və maliyyə hesabatlarını yuxarıda qeyd olunan tarixədək göndərmələri tələb olunur. "xxxx" MMC tərəfindən “”AZƏRŞƏKƏR” MMC barəsində verilmiş 28 oktyabr 2023-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, Şəxs MMC-nin maliyyə vəziyyətinə dair müvafiq qaydada audit yoxlaması aparılmış və bunun nəticəsində müsbət audit rəyi verilmişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; 12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, iş üzrə tərəflərin izahatlarından və təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən tərəfindən 2022-ci il üzrə illik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə qanunla müəyyən edilmiş qaydada dərc edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar