Məhkəmə qərarları › İş №3(006)-5213/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5213/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5213/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 22 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti ilə məşğul olma və dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən kosmetik vasitələrin olması faktları aşkar edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izhaat verərək qeyd etmişdir ki, 18 avqust 2025-ci il və 22 avqust 2025-ci il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə keçirilən planlı yoxlama zamanı X1 keçmədən lazer fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Həmçinin müəssisədə 7 adda kosmetik vasitələrinin qeydiyyatı olmadığı müəyyən edilmiş, həmin vasitələrdən nümunələr götürülərək ekspertizanın aparılması üçün X3 X7 təhvil verilmişdir. Eyni zamanda müəssisədə Heparin məlhəmi 25.0 dərman vasitəsinin xüsusi saxlanılma şəraiti tələb olunduğu halda (215 °C) otaq tempraturunda rəfdə saxlanıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntular ilə bağlı akt tərtib edilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X3” X8 tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən özəl müəssisəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı yoxlama keçirilməsi ilə bağlı bildiriş 12 avqust 2025-ci il tarixdə hüquqi şəxsin ünvanına göndərilmişdir. Adıçəkilən xəbərdarlıq bildirişi yoxlamanın keçirələcəyi tarixdən 5 iş günü qabaq hüquqi şəxsə göndərilməli olduğu halda hazırki iş üzrə bu müddət pozulmuşdur. Eyni zamanda X2 müəssisədə lazer fəaliyyəti ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Yalnız N.İsbatovanın lazer otağında şəkilləri var ki, bu da sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, klinikanın lazer fəaliyyəti göstərməsi üçün müvafiq sertifikatı mövcüddur. Sadəcə olaraq lazer fəaliyyətini həyata keçirən işçi 2024-cü ilini dekabr ayından etibarən işdən kənarlaşdırıldığı üçün həmin tarixdən etibarən klinikada lazer fəaliyyəti həyata keçirilmir. Müəssisədə qeydiyyatsız 7 adda kosmetik vasitələrinin aşkar edildiyi və həmin vasitələrin ekspertizanın aparılması üçün X3 X7 təqdim edildiyi qeyd edilsə də, ekspertizanın nəticəsi barədə heç bir məlumat qeyd edilməmişdir. Həmçinin həmin kosmetik vasitələrin hansı şəraitdə aşkar edilməsi də qeyri-müəyyəndir. Kosmetik vasitələrin hüquqi şəxsə məxsus olmasını və satışını həyata keçirilməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir.Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Nümayəndə2 eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarnı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X9 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 12 avqust 2025-ci tarixli, 3-28- 1/3-2-898/2025 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı (növbəli) yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X9 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 12 avqust 2025-ci tarixli, 3-28-1/2-26023/2025 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı (növbəli) yoxlamanın keçirilməsinə şərait yaradılması xahiş edilmişdir. İş materiallarında olan 19 avqust 2025-ci tarixli və 22 avqust 2025-ci il tarixli, T-284 saylı “X6 Planlı (Növbəti) Yoxlama” Aktından görünür ki, X1 keçmədən lazer fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Həmçinin müəssisədə 7 adda kosmetik vasitələrinin qeydiyyatı olmadığı müəyyən edilmiş, həmin vasitələrdən nümunələr götürülərək ekspertizanın aparılması üçün X3 X7 təhvil verilmişdir. Eyni zamanda müəssisədə Heparin məlhəmi 25.0 dərman vasitəsinin xüsusi saxlanılma şəraiti tələb olunduğu halda (215 °C) otaq tempraturunda rəfdə saxlanıldığı qeyd edilmişdir. Məhkəmə ilk olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun müvafiq normasının dispozitiv əlamətlərinə əsasən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti göndərilməlidir. Hazırki iş materiallarından görünür ki hüquqi şəxsə məxsus tibb müəssisəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı (növbəli) yoxlamanın keçirilməsi barədə inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar icrasına şərait yaradılması ilə bağlı bildiriş xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanına göndərilmişdir. Göründüyü kimi hazırki iş üzrə qanunla müəyyən edilmiş bu müddət pozulmuş və bildiriş hüquqi şəxsə beş deyil dörd iş günü qalmış göndərilmişdir. Həmçinin adıçəkilən bildirişin hüquqi şəxs tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə belə qənaətə gəlir ki, X2 Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə lazer fəaliyyəti ilə məşğul olması iş materialları ilə sübut öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X2 vətəndaşlara xidmət göstərmədiyi halda praktiki tibb fəaliyyəti ilə məşğul olması barədə mülahizəsi ilə razılaşmayraq Şəxs əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, ki, hüquqi şəxsin bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. “X6 Planlı (Növbəti) Yoxlama” haqqında aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl müəssisədə 11 adda kosmetik vasitələrinin dövlət qeydiyyatından keçmədiyi müəyyən edilmiş, həmin vasitələrdən nümunələr götürülərək ekspertizanın aparılması üçün X3 X7 təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasından göründüyü kimi bu maddədə nəzərdə tutulmuş inzibati xətanın predmetini dərman vasitələri təşkil edir. Lakin hazırki iş üzrə həm iş materiallarında həm də inzibati orqanın məhkəmədə verdiyi izahatında Şəxs MMC-yə məxsus özəl müəssisədə dərman vasitələrinin deyil kosmetik vasitələrin dövlət qeydiyyatından keçmədiyinin müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin planlı (növbəli) yoxlama aparılarkən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən kosmetik vasitələrinin satışı və satış məqsədi ilə saxlanılması qeyd olunsa da, lakin həmin vasitələrinin Şəxs MMC tərəfindən satışını və satış məqsədi ilə saxlanılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 11 adda kosmetik vasitələrdən nümunələr götürülərək ekspertizanın aparılması üçün X3 X7 təhvil verilməsinə baxmayaraq həmin ekspertizanın nəticəsi iş materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda Şəxs MMC barəsində tərtib edilmiş protokolun sübutetmə yükü üzərində olan inzibati orqan tərəfindən əsaslı sübutlarla təsdiq edilməməsini nəzərə alaraq hüquqi şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar