Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5215/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Tərcüməçi - X1, İnzibati xəta haqqında protokolu tərtib edən - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil Məhəmmədəli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Qazax rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəmənin icraatına 28 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş 28 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. 28 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 27 avqust 2025-ci il tarixdə, saat 16:48 radələrində Nəsimi rayonu, 20 Yanvar dairəsində idarə etdiyi avtomobildə YPX-nin əməkdaşını nalayiq ifadələrlə təhqir edərək YPX-nin əməkdaşına tebesizlik etmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin əməkdaşı 27 avqust 2025-ci il tarixdə, saat 16:48 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə xidmətdə olarkən “KİA” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında keçmiş, buna görə də, həmin avtomobil saxlanılmışdır. Polis əməkdaşı sürücüyə hüquqlarını izah etmiş, daha sonra isə yol verdiyi qayda pozuntusu barədə məlumat vermişdir. Həmin zaman “KİA” markalı avtomobildə sərnişin qismində olan Şəxs yol polisi əməkdaşlarının iş rejiminə maneçilik törətmiş, mobil telefonla videoçəkiliş apararaq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Yol polisi əməkdaşları hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət etmiş, Post Patrul Xidmətinin əməkdaşları Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirmişlər. Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində olan zaman səs-küy salmış, nalayiq ifadələr işlədərək növbətçi hissənin iş rejimini pozmuşdur. Şəxs dəfələrlə nizam-intizama dəvət edilsə də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə həyat yoldaşının idarə etdiyi “KİA” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərindən Bakı şəhərinə yaxın qohumlarının toy mərasiminə gələrkən Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə yoldaşının idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşından hansı səbəbə görə saxlanıldıqlarını soruşduqda, polis əməkdaşı həyat yoldaşına işıqforun qırmızı işığında keçməsini bildirmişdir. O, polis əməkdaşına ilk əvvəl özünü təqdim etməsini bildirsə də, lakin polis əməkdaşı özünü təqdim etməmişdir. Həmin vaxt o, özünü təqdim etmiş və 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirmişdir. O, polis əməkdaşından köməklik göstərməsini və aralarında razılığa gəlməyi xahiş etmişdir. Polis əməkdaşı isə cavabında polis əməkdaşlarının arasında da qazilərin olduğunu bildirmişdir. Bundan sonra onunla polis əməkdaşının arasında mübahisə yaranmışdır. Bundan sonra, polis əməkdaşı əraziyə X8 əməkdaşlarını dəvət etmişdir. X8 əməkdaşları əraziyə gəldikdən sonra o, həmin əməkdaşlar ilə söhbət etmiş, bundan sonra onlar buraxılmışdır. Lakin, onları saxlayan yol patrul xidmətinin əməkdaşı X8 əməkdaşlarına bildirmişdir ki, guya o, videoçəkiliş etmiş, həmin videoçəkilişi sosial şəbəkələrdə yayacaqdır. O, dəfələrlə bunun doğru olmadığını, hər hansı videoçəkiliş etmədiyini, əgər buraxılarsa bu barədə heç kimə məlumat verməyəcəyini qeyd etsə də, lakin əraziyə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilmişdir. Post Patrul Xidmətinin əməkdaşı onun üzərinə hücum etmiş, onu elə vəziyyətdə xidməti avtomobilə əyləşdirmişdir ki, o ailəsinin yanında utanmış və təhqir edilmiş hiss etmişdir. O, şəkər xəstəsidir. Polis əməkdaşları onun dərmanlarını alaraq həmin dərmanların narkotik vasitə tərkibli olmasını əsas gətirərək geri qaytarmadıqları üçün səsküy salmış və öz dərmanlarını tələb etmişdir. Buna görə də, polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Polis şöbəsində o, ac və susuz saxlanılmış, yalnız səhhəti pisləşdikdən sonra onun dərmanları qaytarılmışdır. Gecə saatlarında o, izahat vermək üçün cağırılanda, bildirmişdir ki, ilk əvvəl rəsmiləşdirilsin və ona tərcüməçi təqdim edilsin, daha sonra izahatı alınsın. Lakin, onun ona tərcüməçi təqdim edilməmişdir. O, Rusiya Federasiyasının vətəndaşı olduğunu bildirsə də, polis əməkdaşı onunla yüksək səs tonu ilə danışmışdır. O, buna görə də, polis əməkdaşlarına iradını bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Məhəmmədəli oğlu bildirmişdir ki, müdafiə etdiyi şəxs baş verənlə izah etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs nəzakətini göstərmiş, 1-ci Qarabağ qazisi olmasını bildirərək qarşılıqlı hörmət görmək istəmişdir. Sadəcə YPX əməkdaşı ilə aralarında anlaşılmazlıq olmuş, sonuncu müdafiə etdiyi şəxsin videçəkiliş edərək kiməsə göndərəcəyini düşünmüşdür. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxs Rusiya Federasiyanın vətəndaşıdır. Lakin tərtib edilmiş sənədlər tərcümə edilməmişdir. Hadisə hüquqlarını müdafiə etdiyi şəxsin ailəsi ilə birlikdə toya getdiyi zaman baş vermişdir. Necə ola bilər ki, şəxs ailəsi ilə toya gedən zaman kiminləsə qərəzli olaraq mübahisə yaratsın. Buna görə də, hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş protokol qərəzli və əsassızdır. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 16:48 radələrində 20 Yanvar dairəsi adlanan ərazidə xidmət apardığı zaman “KİA” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında keçməsini aşkar etmiş, buna görə də həmin avtomobilə saxla işarəsi vermişdir. O, sürücüyə yaxınlaşaraq hüquq və vəzifələrini izah etmiş, daha sonra pozduğu qayda pozuntusu barədə məlumat verərək sürücü barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu zaman özünü təqdim etməyən şəxs ona müdaxilə etmiş, mobil telefon vasitəsi ilə videçəkiliş aparmış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də, hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilmiş və həmin şəxs polis şöbəsinə aparılmışdır. Həmin şəxs ilk əvvəl videçəkiliş aparmadığını bildirsə də, sonra videçəkiliş apardığını qeyd etmişdir. Sürücü xanım isə hadisə yerindən buraxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 avqust 2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il rapotların məzmunundan görünür ki, Şəxs 27 avqust 2025-ci il tarixdə, saat 16:48 radələrində Nəsimi rayonu, 20 Yanvar dairəsində və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində polis əməkdaşlarının iş rejimini pozaraq, polis əməkdaşlarına qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Video görüntülərin əks edildiyi CD diskə baxış keçirilməsi zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 27 avqust 2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçi – 18 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Şəxs barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 avqust 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə sərf etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5215/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5215/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver