Məhkəmə qərarları › İş №3(006)-5223/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5223/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5223/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə vəsatət təqdim edərək, ona qarşı tərtib edilmiş inzibati xəta protokolun İXM-in 342.9-cu maddəsi üzrə hüquqi əsassız hesab edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Nəsimi rayon X2 YPX inspektoru, polis serjantı X1 tərəfindən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə inzibati xəta protokolu tərtib edilmişdir. Protokolun tərtib edilməsinə səbəb onun istifadəsində olan “BMW” markalı, 528i modelli, **-RP-*** dövlət qeydiyyat nişanı avtomobilində velosiped daşımaq üçün xüsusi qurğuda maşının arxa hissəsində velosiped aparmağı olmuşdur. Daşınan velosiped avtomobilin dövlət qeydiyyat nişanının və işıq cihazlarının arxadan yalnız bir hissəsini qismən örtmüşdür. Nəsimi rayon X2 YPX inspektoru, polis serjantı X1 bu halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tövsif etmiş və barəsində inzibati xəta protokol tərtib etmişdir. Halbuki, həmin maddənin dispozisiyası onun vəziyyətində tətbiq edilə bilməz. Çünki maddə yalnız dövlət qeydiyyat nişanının görünüşünü qəsdən çətinləşdirən örtüklərdən və qurğulardan istifadə hallarını nəzərdə tutur. O, isə dövlət qeydiyyat nişanını qəsdən gizlətməmişdir. Onun vəziyyəti Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsində göstərilən yükdaşıma qaydalarının pozulması halına aiddir. Həmin maddənin 111.4-cü bəndinə əsasən, yük avtomobilin dövlət qeydiyyat nişanının və işıq siqnallarının üstünü örtməməlidir. Bu tələbin pozulmasına görə məsuliyyət isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuşdur. Maddəyə əsasən, yükdaşıma qaydalarının pozulmasına görə sürücü 40 manat məbləğində inzibati cərimə ilə məsuliyyət daşıyır. O, yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə o halda təqsirli hesab oluna bilərdim ki, dövlət qeydiyyat nişanım görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə etməklə qəsdən gizlətdiyi sübuta yetirilərdi. Yəni, YPX-nin inspektoru əvvəlcə daşıdığı velosipedin dövlət qeydiyyat nişanını görünüşünü çətinləşdirən örtük və ya qurğu olduğunu təsdiq etməli, sonra isə bu örtməni sırf onun nişanı görünüşünü çətinləşdirmək məqsədilə etdiyini sübuta yetirməli idi. Çünki sübutetmə vəzifəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə (təqsirsizlik prezumpsiyası prinsipi) əsasən inzibati orqanın üzərmə düşür. Beləliklə, inspektor onun velosipedi yalnız daşımaq məqsədilə istifadə etdiyi xüsusi qurğunu “örtük və qurğu” kimi qiymətləndirərək bunu dövlət qeydiyyat nişanını “qəsdən” gizlətmə halları kimi təqdim etmişdir. Verilən ittihamla razılaşmır və özünü təqsirli bilmir. Əgər o, dövlət qeydiyyat nişanını qəsdən gizlətmiş olsaydı, bunu ilk növbədə qabaq nömrədə edərdi. Çünki dövlət qeydiyyat nişanını gizlətmək niyyəti təcrübədə əsasən sürət ölçən radarlara qarşı yönəldilmiş hallarda tətbiq edilir. Qabaqcıl ölkələrin hamısında velosiped daşıma praktikası mövcuddur. Lakin protokolu tərtib edən inspektor bu halı nədənsə yükdaşıma kimi deyil, dövlət qeydiyyat nişanını qəsdən gizlətmə halları kimi qiymətləndirmişdir. Bu isə protokolun hüquqi əsassız olduğunu bir daha təsdiq edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəsatətinin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin dizpozisiyası nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. İş materilları araşdırılarkən müəyyən edilmişdir ki, protokol tərtib edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri pozulmaqla şəxsin törətdiyi inzibati xətanın nədən ibarət olması, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin nədən ibarət olması, ölçüsü, çəkisi, rəngi və s. hallar müəyyən edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda törədilməsi ehtimal edilən inzibati xətanın mahiyyəti göstərilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar