Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5224/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçinin müdafiəçisi: “Arbitrium” Vəkil bürosunun vəkili Nümayəndə Qərarından şikayət verilən orqan: X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “Bakı Sağlamlıq Mərkəzi” X19 icraçı direktoru X7 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X5 “Bakı Sağlamlıq Mərkəzi” X22 daxil olmuş 06 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-33878/2023 nömrəli məktubda hazırda təqaüdə çıxmış X4 müraciəti əsasında araşdırılma aparıldığı göstərilərək müvafiq sənədlərin İdarəyə təqdim edilməsi bildirilmişdir. Məktubla əlaqədar Q.Xalidovadan soruşulduqda isə sonuncu onun tərəfindən heç bir şikayətin edilmədiyi söyləmişdir. Belə ki, işçi “Dost Mərkəzi”nə pensiyasının hesablanması ilə əlaqədar müraciət etdiyi zaman yalnız pensiya məsələləri ilə maraqlandığını bildirmiş, yazılı və ya şifahi olaraq şikayətinin bildirmədiyini qeyd etmişdir. Sonradan X5 verilən məlumatdan məlum olmuşdur ki, işçi tərəfindən bildirilən fikir əməkdaş tərəfindən şikayət kimi tərtib edilərək qeydiyyata alınmışdır. Bununla əlaqədar Q.Xalidova heç bir yerə şikayət etməməsi və onun barəsində başladılan araşdırmanın dayandırılması haqqında Müfəttişliyə ərizə də yazmışdır. Əlavə olaraq isə poçt vasitəsilə X10 teleqram vurmuşdur. X9 sorğusuna cavab olaraq işçiyə dair sənədlər Müfəttişliyə təqdim edilərkən işçinin də araşdırmadan imtina haqqında ərizəsi həmin məktuba əlavə edilmişdir. Eyni zamanda işçinin Müfəttişliyə vurduğu teleqramın alınması barədə məsələni isə dövlət orqanı təkzib etmişdir. Lakin xüsusi ilə vurğulanmalıdır ki, məktubu alan dövlət qurumu imtina haqqında ərizəyə məhəl qoymayaraq onunla birlikdə təqdim edilən sənədləri tədqiq etmiş və son haqq-hesabın ödənilməsində 13 manat civarında fərq aşkar etmişdir. Belə ki, işçi xəstəliyi ilə bağlı ona iş yerində sistem köçürülməsini xahiş etmiş və həmin məbləğin onun maaşından tutulmasını istəmişdir. Yaranan məbləğ fərqi bununla bağlı olmuşdur. Əgər müəssisə tərəfindən qeyriqanuni mənafe güdülsəydi, fərq 13 manat civarında (12 manat 79 qəpik) deyil, daha çox olardı. Bununla əlaqədar olaraq “Bakı Sağlamlıq Mərkəzi” X19 icraçı direktoru Asiman Həsənov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraata başlanmasına dair X9 Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edilmişdir. 21 noyabr 2023-cü il tarixdə isə “Bakı Sağlamlıq Mərkəzi”nə 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın bir nüsxəsi təqdim edilmişdir. Qərarda tibb müəssisəsinin direktoru X3 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə 1.000 manat cərimə edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər. Müraciətinə baxılan vətəndaşın müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək hüququ vardır. Ancaq inzibati orqan digər sənədlərlə bir məktubla göndərilən ərizənin baxılmamış saxlanılması haqqında ərizəyə məhəl qoymayaraq və vətəndaşı dəvət etməyərək məsələyə birtərəfli baxmışdır. Habelə vətəndaşın müraciətə baxılmanın dayandırılması haqqında ərizəsinə ümumiyyətlə məhəl qoyulmamışdır. Araşdırma zamanı müəyyən edilmiş son haqq-hesabın düzgün hesablanmaması (cəmi 13 manat civarında fərq) icraçı direktorun deyil, baş mühasibin əmək funksiyalarına aiddir. Şəxsin vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün onun öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi əsas ola bilər. Qanunvericiliyin tələblərinə görə son haqq-hesabın hesablanıb, ödənməsi icraçı direktorun səlahiyyətlərinə aid edilmədiyindən, onun əməlində inzibati xəta tərkibi yarana bilməz. Çünki, artıq qeyd olunduğu kimi həmin öhdəliklərin icrası müəssisənin Maliyyə və planlama şöbəsinin müdiri-baş mühasib inzibati vəzifəsini icra edən şəxsin səlahiyyətlərinə aid edilmişdir. Son haqq-hesabın az verilməsində müəssisənin rəhbəri maraqlı olsa idi, bu rəqəm araşdırma zamanı müəyyən edilmiş 12 manat 79 qəpik deyil, məntiq baxımından çox olardı. Göstərilənləri nəzərə alaraq X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçinin müdafiəçisi Nümayəndə şikayətdə qeyd olunanlardan əlavə olaraq göstərdi ki, X1 problemlər olduğuna görə o, hələ işdən çıxmamış bir neçə müddət əvvəl ona müalicəsi ilə bağlı şərait yaradılmış, hətta Mərkəzdə də tibbi xidmət göstərilmiş və bununla bağlı onun 12,79 manat borcu yaranmışdır. X4 əmək müqaviləsinə 08 iyun 2023-cü il tarixli, 157/k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmiş, elə həmin günü da ona 12,79 manat borcu çıxılmaqla son haqq-hesab olaraq 75,26 manat pul ödənilmişdir. Lakin, sonradan X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bildirilmişdir ki, son haqq-hesab düzgün hesablanmayıb, bu rəqəm 92,28 manat olmalı idi. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X13 izahatında göstərdi ki, X11 “X21”nə müraciət edərək onun əmək müqaviləsinə 08 iyun 2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın ödənilməməsini bildirmişdir. Bununla əlaqədar “Bakı Sağlamlıq Mərkəzi” X17 sənədlər tələb edildikdən sonra aydın olmuşdur ki, son haqq-hesab düzgün hesablanmamış, bununla bağlı iki müxtəlif cədvəllər təqdim olunaraq birində bu məbləğ 81,37 manat, digərində isə 97,65 manat göstərilmişdir. Əgər son haqq-hesabın məbləği 97,65 manat götürülərsə, o zaman onun müəssisəyə olan 12,79 manat borcu və digər tutulmalar çıxıldıqdan sonra da 04,23 manat az ödəniş olmuşdur. Şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “Bakı Sağlamlıq Mərkəzi” X19 direktoru X7 tərəfindən X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilərkən həmin Məcəllənin 140 və 172-ci maddələrinin tələbləri pozularaq son haqq-hesab düzgün hesablanmamış və ödənilməmiş, buna görə o, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir; • “Bakı Sağlamlıq Mərkəzi” X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı 23 sentyabr 2023-cü il tarixli, 650/02/36 saylı məktubda qeyd olunur ki, Q.Xalidova işdən ayrılarkən onun heç bir hüququ pozulmamış və o, mütəmadi olaraq keçmiş iş kollektivini ziyarət etmək üçün iş yerinə gəlib-getmişdir. Şikayətlə bağlı Q.Xalidovadan soruşulduqda isə onun tərəfindən hər-hansı bir şikayətin edilmədiyi bildirilmişdir. Belə ki, işçi “Dost” İş Mərkəzində pensiyasının hesablanması ilə əlaqədar müraciət etdiyi zaman yalnız pensiya məsələləri ilə maraqlandığını bildirmiş, yazılı və ya şifahi olaraq şikayətin bildirmədiyini qeyd etmişdir. Həmçinin vətəndaş şikayətin onun tərəfindən edilməməsi barədə teleqram ilə müraciət etmişdir; • X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı 20 noyabr 2023-cü il tarixli ərizədə qeyd olunur ki, X14 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-33878/2023 saylı məktubunda guya onun “Bakı Sağlamlıq Mərkəzi” X23 barəsində şikayət etdiyi bildirilmişdir. O, pensiya ilə bağlı müraciət etmiş, lakin “Bakı Sağlamlıq Mərkəzi” X17 şikayət etməmiş və həmin əməkdaş onun sözlərini şikayət kimi qəbul etmişdir. O, “Bakı Sağlamlıq Mərkəzi”nə çağırılmış və ona son haqq-hesab başa salınmışdır. Bununla əlaqədar heç bir şikayəti yoxdur. Məsələni araşdırmadan saxlanılmasını xahiş etmişdir; • Əmək müqaviləsinə xitam verilməsi barədə 08 iyun 2023-cü il tarixli, 157/k saylı əmrin surətindən görünür ki, “Bakı Sağlamlıq Mərkəzi” bölməsində “tibb bacısı” vəzifəsində işləyən X11 ilə bağlanılmış 25LAJGB000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 06 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə və Planlama şöbəsinə həvalə edilmişdir; • 08 iyun 2023-cü il tarixli ödəniş tapşırığına əsasən X8 75,26 manat son haqq-hesab ödənilmişdir; • “Bakı Sağlamlıq Mərkəzi”nin 07 iyun 2023-cü il tarixli hesab-fakturasından aydın olur ki, X8 göstərilmiş tibbi xidmətlərə görə ümumi məbləğ 12,79 manat təşkil edir; • xx.xx.2023-cü il tarixli “Son haqq-hesab cədvəlləri”nə əsasən X8 ödəniləcək məbləğ 81,37 manat və 97,65 manat hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bu Məcəllənin 172.4-cü maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, “Bakı Sağlamlıq Mərkəzi” X19 xx.xx.2023-cü il tarixli əmri ilə X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) ilə xitam verilmiş, elə həmin günü də ona istifadə edilməmiş 06 məzuniyyət gününün son haqq-hesabı kimi 75,26 manat ödənilmişdir. Bununla belə, X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilərkən həmin Məcəllənin 140 və 172ci maddələrinin tələbləri pozularaq son haqq-hesabın düzgün hesablanmaması və ödənilməməsinə görə X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla “Bakı Sağlamlıq Mərkəzi” X19 direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Lakin, həmin qərarda işə baxılarkən bu nəticəyə hansı əsaslarla gəlindiyi və göstərilmiş halların hansı mötəbər dəlillərlə müəyyən olunduğu göstərilməmişdir. Bununla da aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Bu Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5224/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5224/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver