Məhkəmə qərarları › İş №3(006)-5271/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5271/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5271/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində “Dodge Charger” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saat 18:00 radələrində Mərdanov Qardaşlar və Bakıxanov küçəsi kəsişməsində tıxacların pik olduğu zaman piyada zolağına bir vətəndaşın daxil olduğunu görsə də, qəza olmaması üçün (avtomobillər ara saxlamadan sıx məsafədə hərəkət etməsi səbəbindən) anidən avtomobili saxlamamaq üçün və piyada ilə kifayət qədər məsafəsi olması səbəbindən, əyləci yüngül sıxaraq sürəti qismən azaldaraq, növbəti sürücü piyadanı görməsi üçün öz hərəkətini dəvam etdirmiş və buna baxmayaraq, piyada hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur olmamışdır. Döngədə, yolun hərəkət hissəsində və ağac kollarının arxasında duran **-YP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xidmət aparan, özünü təqdim etməyən polis serjantı onu saxlamış, piyadaya yol vermədiyi üçün protokol tərtib edəcəyini bildirmişdir. O, polis əməkdaşına Azərbaycan Respublikası İXM-nin 330-cu maddəsinin qeyd hissəsinin tələbini bildirsə də, polis serjantı onun sözlərinə məhəl qoymayaraq, ona bildirmişdir ki, sübut üçün kamera görüntüsü olmasa da, o, protokol tərtib edəcəkdir, şikayət etdiyi halda, kameradan baxıb ləğv edilər. Azərbaycan Respublikası İXM-nin 330cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Protokol (İXP7270839) haqsız olaraq yazılmasına baxmayaraq, iddia etdiyi qanun pozuntusu üzrə maddəni də səhv qeyd etmişdir. Belə ki, İXM 330.0.1-ci maddəsi əvəzinə İXM 330.0.2-ci maddəsi qeyd edilmişdir. O, polis əməkdaşına inzibati xəta haqqında protokolda maddəni səhv qeyd etməsini bildirərək protokolun düzgün tərtib edilməsini tələb etsə də, polis əməkdaşı ona bildirmişdir ki, növbəti gün düzəliş ediləcəkdir. Lakin, həmin protokola düzəliş edilməmiş, əksinə həmin protokol əsasında barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, qərar qanuni və əsaslıdır. Belə ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Abbasqulu Ağa Bakıxanov 17 ünvanında “Dodge Charger” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən piyada keçidində hərəkətdə olan piyadaya yol verməmiş, inzibati xətanı yerində aşkar etmiş polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X3 barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iproses iştirakçılarının izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə “Dodge Charger” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Abbasqulu Ağa Bakıxanov 17 ünvanında hərəkətdə olan zaman tıxac yarandığı üçün iradəsindən asılı olmayan səbəblərdən, yəni fors-major vəziyyətə görə qəza şəraiti yaratmamaq üçün hərəkətini davam etdirsə də, sonuncu Azərbaycan Respublikası İXMnin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, işin bütün halları nəzərə alınmaqla barəsində qərar qəbul edilmiş şəxsin iradəsindən asılı olmayan səbəblərdən, yəni fors-major vəziyyətə görə nəqliyyat vasitəsini hərəkətini davam etdirməsi onun təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2 maddəsinə görə, yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar