Məhkəmə qərarları › İş №3(006)-5275/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5275/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5275/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 4, mənzil 4; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 33465,00 avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın hüquq və təşkilatı işlər departamentinin İnzibatı icraat və məhkəmə işlər şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 27 avqust 2025-ci il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokola müvafiq olaraq: Şəxs MMC tərəfindən 33465 avro məbləğində vəsait bank vasitəsilə 16 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 33465 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaynca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir." (Qeyd: istinad edilən mətn Protokolda olduğu kimi göstərilmişdir) Şəxs MMC 27 avqust 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilənlərlə razı deyil, tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini və protokolun qanunsuz və əssasız olduğunu bildirir və inzibatı xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş edir. 27 avqust 2025-ci il tarixli EP ******* savlı protokolda istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə müvafiq olaraq “Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarilmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir”. 27 avqust 2025-ci il tarixli EP ******* saylı protokolda istinad olunan Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş (Qeydiyyat nömrəsi 45/1) “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3.-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıİdıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində - malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Vurğulanmalıdır ki, "xxxx" MMC tərəfindən 16 avqust 2023-cü il tarixində bank vasitəsilə ölkə xaricinə köçürülmüş 33465 avro məbləğində vəsait müqabilində ölkəyə (Azərbaycana) hər hansı malın və ya xidmətin idxalı nəzərdə tutulmamışdır, daha doğrusu qeyd olunan ödəniş kontragentin sisteminə müdaxilə nəticəsində onlara göndərilən saxta hesaba köçürülmüşdür və bununla da əminliklə qeyd etmək olar ki, heç bir inzibati xəta tərkibi yaranmamışdır. Belə ki, Şəxs MMC ilə “Sasol Germany GMBH” şirkəti arasında 05 aprel 2022-ci ildə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən tərəflərindən '"Sasol Germany GMBH” şirkətinə 33465 (otuz üç min dörd yüz altmış beş) avro pul vəsaiti köçürülmüşdür; əvəzində isə heç bir mal daxil edilməmişdir. Ödənişdən sonra şirkət ilə danışıqları əsnasında müəyyən edilmişdir ki, şirkətə heç bir ödəniş mədaxil edilməmiş və məsələ araşdırılacaqdır. Göndərilən elektron qaimənin şirkətin mail ünvanından daxil olduğunu bilərək tərəflərindən "xxxx" ASC-də olan bank hesabı vasitəsi ilə xx.xx.2023cü il tarixində 33465 (otuz üç min dörd yüz altmış beş) avro pul vəsaiti köçürülmüşdür və bunun əvəzində müqavilədə qeyd olunan malların, təbii ki, heç biri göndərilməmişdir, bunun səbəbi isə göndərilən ödənişin “Sasol Germany GMBH” şirkətinə xaker hücumunu edən digər şəxslər tərəfindən saxta (oxşar) e-mail ünvanından e-qaimələr göndərməklə həmin pulların mənimsənilməsidir. Bir müddət sonra isə, 2025-ci ilin fevral ayında onlara Almaniyanın Essen şəhər prokurorluğundan daxil olan məktubda bildirilmişdir ki, "Sasol Germany GMBH” şirkətinin elektron sistemlərinə xaker hücumu nəticəsində şirkətin oxşar (saxta) elektron ünvanından (e-mail) malların ödənişi üçün Şəxs MMC-nin elektron ünvanına (e-mail) qaimə hesab faktura göndərilmiş, məsələnin hazırda araşdırılması, cinayət işinin başlanması qeyd olunmuş və onlara təklif edilmişdir ki, dəymiş zərər ilə bağlı həmin prokurorluğa ərizə ilə müraciət olunsun. Bu səbəbdən tərəflərindən Almaniyanın Essen şəhər prokurorluğuna cavab məktubu olaraq şirkətə dəymiş zərərin ödənilməsinə dair artıq müraciət edilmişdir. 27 avqust 2025-ci il tarixli EP ******* saylı protokolun əsasını təşkil edən "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-cü maddəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi onların mətnlərində aydın şəkildə qeyd olunduğu kimi ölkəyə idxal olunan mallara və ya xidmətlərə aiddir. Əlavə olaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli va xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-cü maddəsi həmin Qaydaların “Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:” başlığı altında olan 4.3.1-ci maddəsinin alt-maddəsidir. Qaydaların 4.3.1-ci maddəsinin alt-maddələri (Protokolun tərtib olunmasına əsas kimi görürülmüş 4.3.1.3-cü alt-maddəsi də daxil) ölkəyə idxal olunan mal və xidmətlərə aiddir. Eyni zamanda Qaydaların 4.3.1-ci maddəsindən sonra gələn digər maddələr (4.3.2, 4.3.3, 4.3.4 və sairə) ölkəyə idxal olunması nəzərdə, tutulmayan mal və xidmətlərə aiddir ki, məhz həmin maddələrin birisi əsasında da səlahiyyətli orqan tərəfindən “GAZELLİ GROUP" MMC tərəfindən həyata keçirilmiş xx.xx.2023-cü il tarixli (otuz üç min dörd yüz altmış beş) avro məbləğində ödəniş qiymətləndirilməli idi (amma heç bir cür idxal əməliyyatına aid olan 4.3.1.3-cü maddəsi ilə yox). Yuxarıdakılara əsasən və məhkəməyə təqdim edilmiş sənədlərlə sübut edildiyi kimi “GAZELLİ GROUP" MMC tərəfindən hər hansı inzibati xəta törədilmədiyi üçün 27 avqust 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edərək işə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə 33465.00 avro göndərildiyi qeyd olunmuşdur; - Köçürmə sənədindən görünür ki, Şəxs MMC tərəfindən Almaniyada yerləşən “Sasol Germany GMBH” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, GAZ/SG-2022 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 33465,00 avro məbləğində vəsait köçürülmüşdür. - Almaniya Federativ Respublikasının Essen Respublika Prokurorluğundan Şəxs MMC-nin idarəedici direktoruna göndərilmiş məlumatdan görünür ki, Xəlil Abuzid adlı şəxsə qarşı başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq “GAZELLİ GROUP" MMC-yə dəymiş zərərlə bağlı Respublika Prokurorluğuna müraciət etmələri təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş Almaniya Federativ Respublikasının Essen Respublika Prokurorluğundan Şəxs MMC-nin idarəedici direktoruna göndərilmiş məlumatdan görünür ki, Xəlil Abuzid adlı şəxsə qarşı başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq “GAZELLİ GROUP" MMC-yə dəymiş zərərlə bağlı Respublika Prokurorluğuna müraciət etmələri təklif olunmuşdur. Belə ki, Şəxs MMC tərəfindən 16 avqust 2023-cü il tarixində bank vasitəsilə ölkə xaricinə köçürülmüş 33465 avro məbləğində vəsait müqabilində ölkəyə (Azərbaycana) hər hansı malın və ya xidmətin idxalı nəzərdə tutulmamışdır, daha doğrusu qeyd olunan ödəniş kontragentin sisteminə müdaxilə nəticəsində onlara göndərilən saxta hesaba köçürülmüşdür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar