Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5276/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1-ci maddəsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “LAND ROVER RANGE ROVER” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, o, barəsində tərtib olunmuş protokolla razı deyil. xx.xx.2025-ci il tarixində, saat 11:10 radələrində avtomobili ilə hərəkətdə olarkən polis əməkdaşları onu saxlamış, alkotester aparatı ilə onun sərxoşluq dərəcəsini yoxlayaraq içkili olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə o, öz avtomobili ilə getmiş, şöbədən çıxan kimi Respublika Narkoloji Mərkəzinə gedərək saat 12:05-də orada müayinədən keçmiş və müəyyən olunmuşdur ki, o, sərxoş deyildir. Daha sonra polis şöbəsinə gələrək avtomobilinin geri qaytarılmasını xahiş etmiş, lakin şöbədə ona sərxoş olduğunu bildirərək avtomobilini qaytarmaq istəməmişlər. Bu zaman o, Respublika Narkoloji Mərkəzindən aldığı arayışın surətini onlara təqdim etmiş və bundan sonra avtomobilini götürə bilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixində, saat 10:57-də keçirilmiş sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,447 promildir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 2/47553 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 12:05-də aparılan müayinə nəticəsində Şəxs ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edir ki, Şəxs ilkin müayinəsi xx.xx.2025-ci il tarixdə saat 10:57-də aparılmış, öz təşəbbüsu ilə isə ikinci müayinə xx.xx.2025-ci il tarixdə saat 12:05-də aparılmışdır. Şəxs barəsində aparılmış birinci müayinə ilə ikinci müayinə arasında 01 saatdan artıq fərq olmuş və həmin müddət ərzində şəxsin sərxoşluq halının aradan qalxması mümkün olmuşdur. Başqa sözlə, bu müddət ərzində Şəxs qanında və ya nəfəsində akoqolun miqdarının “ayıq” göstəricisinə qədər dəyişməsi də istisna olunmur. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, Şəxs yuxarıda qeyd olunan normalarla üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikası İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər materiallarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsüf edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5276/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5276/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver