Məhkəmə qərarları › İş №3(006)-5287/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5287/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5287/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Kürdkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1380/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, borclu Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1380/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1380/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqi icra olunması üçün icra şöbəsinə daxil olmuş, tərəfindən borclunun ünvanına könüllü icra müddəti ilə bağlı qərar və bildiriş göndərilmiş, icra vərəqəsi könüllü icra olunmadığından zəruri olan icra tədbirləri borclu barəsində görülmüş, borclu barəsində axtarış elan olunmuş və bu gün borclu icra şöbəsinə təqdim olunmuşdur. Borclu ilə aparılmış şifahi söhbətlər əsnasında borclu işləmədiyini, həmin krediti bank əməkdaşı olan tanışı X5 onu aldadaraq onun adına götürdüyünü bildirmişdir. Fəxri həmin kreditə görə ona zamin durmalı və krediti özü ödəməliydi. O, Fəxridən və bankın əməkdaşı Kamran adlı şəxsdən Yasamal RPİ-yə məlumat verdiyini və hal hazırda onlar barəsində araşdırma getdiyini bildirmişdir. Daha sonra isə hal hazırda maddi imkanı ilə bağlı ödəniş edə bilməyəcəyini demişdir. Hörmətli məhkəmə, Şəxs oğlu dediklərini təsdiq edən hər hansı bir sənəd icra şöbəsinə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tərəfindən qəbul olunmuş qərar və bildiriş borclunun icra vərəqəsində göstərilmiş ünvanına göndərilmişdir. Həmin qərar və bildirişi isə borclu almadığını bildirdiyindən bu gün ona rəsmi şəkildə təqdim olunmuşdur. Borclu barəsində əmlak sorğusu verilmiş və ona məxsus əmlak müəyyən edilmişdir. Həmin əmlaka yönəldilmə ilə bağlı tədbirlər görəcəklər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uzun müddətdir ki, o, Naxçıvan şəhərində yaşadığından qeydiyyatda olduğu ünvana gələn məktubları almamışdır. İcra işinə gəldikdə isə onun həqiqətən də həmin kreditlə əlaqəsi olmamışdır. Sadəcə onun adına həmin krediti götürmüş, onu isə aldadmışlar. Əslində ödənişləri özləri etməli idi. Lakin heç bir ödəniş etməmişlər. Ona görə də o, bu barədə şikayət etmişdir. Əvvəllər gömrük orqanlarında işləsə də hazırda sərəncamdadır. Heç bir yerdə işləmir və hər hansı gəlir yeri yoxdur. Qeyd edilənləri nəzərə alaraq Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs qərar və bildirişi bu gün almış, qanunla onun qərar və bildirişi aldığı gündən 10 gün müddətində könüllü icra müddəti var. Həmin müddət nəzərə alınmadan barəsində protokol tərtib olunmuşdur. Həmçinin icra məmurunun özünün də bildirdiyi kimi adına məmlak var, həmin əmlaka isə yönəltmə yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə tələbkar "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1380/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" ASC ilə Şəxs arasında bağlanmış FN-00161-01/22A saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1136.68 manat, cərimə borcu üzrə 194.31 manat və dovlət rüsumu kimi ödənilmiş 139,40 manat, cəmi 16,470,39 (on altı min dörd yüz yetmiş manat, 0,39) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Şəxs barəsində Aaxtarış elan edilməsi qərara alınmışdır. “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan Şəxs məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən ümumi sahəsi 0.2517 kv.m olan və torpağın sahəsi 0.19 olan həyətyanı yaşayış məntəqəsinin üzərində həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-51-4/2- 13854 nömrəli məktubundan görünür ki, barəsində axtarış işi olan Şəxs İcra şöbəsinə təmin edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən işin aşağıdakı hallarını nəzərə alır:

1. Məhkəmə iclasında icra məmuru P.Babayevin izahatından aydın olmuşdur ki, Şəxs yalnız bugün «İcraata başlamaq haqqında» qərarı və həmin tarixli bildirişi rəsmi qaydada əldə etmişdir. Deməli, Şəxs bugünkü tarixədək icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə rəsmi qaydada xəbərdar edilməmişdir, həmçinin onun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində nəzərdə tutulmuş «İcraata başlamaq haqqında» qərardan şikayət vermək hüququ gözlənilməmişdir.

2. Məhkəmə, həmçinin borclu Şəxs hal-hazırda heç yerdə işləmədiyini, hər-hansı rəsmi gəlir yerinin olmamasını nəzərə alır. Belə olan halda onun icra sənədinin icrasından qərəzli olaraq yayınması qənaətinə gəlmək üçün əsas olan məhkəmə qətnaməsinin icrası üçün faktiki maddi imkanın olmasından söhbət gedə bilməz. Buna görə də onun əməlində məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun tələblərini və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı, yəni İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir.

3. Məhkəmə işin hallarına əsaslanaraq bildirir ki, məhkəmə baxışı zamanı borclu Şəxs adına daşınmaz əmlakın olması müəyyən edilsə də və məhkəmə aktının icraya yönəldilməsindən artıq 5 aydan artıq müddət keçmiş olsa da icra sənədi üzrə konkret olaraq hər hansı icra tədbirinin (o cümlədən, tələbin əmlaka yönəldilməsi) həyata keçirilməsi iş materiallarından müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1380/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar