Məhkəmə qərarları › İş №3(006)-529/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-529/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-529/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs ünvanına Türkiyə Respublikasından 77DC461/99ZJ461 nömrə nişanlı yük avtomaşınında 23 yanvar 2022-ci il tarixdə, saat 02:08-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3473 sorğu nömrəli 23 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 20 yanvar 2022-ci il tarixdə, saat 16:30-da **********2014 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, Türkiyə Respublikasından Şəxs ünvanına göndərilmiş mallar 77DC461/99ZJ461 nömrə nişanlı yük avtomaşınında daxil olmuş, **********3473 sorğu nömrəli 23 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 77DC461/99ZJ461 bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********2014 sorğu nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 76DC461/99ZJ491 qeyd edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası BBGİnin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti başleytenantı X4 tərəfindən tərtib edilmiş 27.01.2022-ci il tarixli, 00100-0198/22 saylı protokolda qeyd olunmuşdur ki, Şəxs gömrük orqanına təhrif olunmuş məlumat vermişdir. Halbuki, “X2” daşıyıcı şirkət olaraq məsuliyyətsizlik etmiş, nəticədə **********2014 sorğu nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 76DC461/99ZJ491 qeyd edilmişdir. Belə ki, Şəxs və “X2” şirkəti arasında bağlanmış müqavilədə nəqliyyat vasitəsinin nömrəsi 76DC461/99ZJ491 qeyd edilmiş, daha sonra mallar üzrə gömrük bəyannaməsi bəyan edildikdə nəqliyyat vasitəsinin nömrəsi 77DC461/99ZJ461 olduğu müəyyən edilmişdir. Ona görə də qeyd olunanların nəzərə alınaraq, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndənin fikirlərini dinləyib, iş materiallarını əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs və “X2” şirkəti arasında bağlanmış A00907 saylı, 18.01.2022-ci il tarixli müqavilədən və 20.01.2022-ci il tarixli, **********2014 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 18.01.2022-ci il tarixdə Şəxs ünvanına göndərilən mallar üzrə nəqliyyat vasitəsinin nömrəsi 76DC461/99ZJ491 qeyd edilmişdir. İş materiallarında olan 23 yanvar 2022-ci il tarixli, **********3473 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən 23.01.2022-ci il tarixdə ünvanına Türkiyədən gələn mallara dair gömrük bəyannaməsi verilmiş və bəyannamənin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 77DC461/99ZJ461 qeyd edilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsiri müəyyən edilmir. Çünki iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 20 yanvar 2022-ci il tarixdə **********2014 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmiş, lakin verilmiş həmin bəyannamədə texniki səhvə yol verilərək qısa idxal bəyannaməsinin 18-ci qrafasında Şəxsndən asılı olmayan səbəblərdən nəqliyyat vasitəsinin nömrəsi 76DC461/99ZJ491 olaraq qeyd edilmişdir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.01.2022-ci il tarixli, 00100-0198/22 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27.01.2022-ci il tarixli, 00100- 0198/22 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar