Məhkəmə qərarları › İş №3(006)-530/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-530/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-530/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00100-0106/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə ixracatçı Çin Xalq Respublikasının “X2 Limited” şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən pampıq ipliyindən ədyallar və digər mallar **********1282 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (vahid avtomatlaşdırılmış idarəetmə sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalması səbəbindən də sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Belə ki, Gömrük Prosedurları və Ödənişləri İdarəsindən daxil olmuş 34/012/00342 nömrəli xx xxxxxx 2021-ci il tarixli raporta əsasən xx xxxxxx 2021-ci il tarixində Şəxs MMC-nin ünvanına 94313392 nömrəli vaqon ilə gələn yük “X1 Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 3(006)-530/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxx 2021-ci il tarixli reyestrin 25 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 1 ünvanına bildiriş göndərilmiş, lakin “evdə yox” qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 3(006)-530/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxx 2021-ci il tarixli reyestrin 11 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana bildirişlər göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təxirə salınmışdır. İş materiallarında olan Dövlət Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, idxalatçı Şəxs MMC-nin ünvanına göndərilən 94313392 nömrəli nəqliyyat vasitəsi xx xxxxxx 2021-ci il tarixdə, saat 21:01-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, **********1282 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi“adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Beləliklə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 00100-0106/21 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129, 130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 ( bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar