Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5309/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4 və 221.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız və lisenziyadan kənar “psixiatrik” iş və fəaliyyət ilə məşğul olması və dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən “SALİCYLİCPEEL JS” adlı tibb vasitəsinin satışı faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X11 ptotokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, tərtib edilmiş protokol ilə razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama keçirilmiş, lakin həmin yoxlamanın nəticələri barədə Şəxs MMC-yə məlumat verilməmiş, protokol tərtib edilən zaman Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında protokol gec təqdim edilmiş və o protokoldan şikayət yazsa da, onun şikayətinə baxılmadan iş məhkəməyə göndərilmişdir. Yoxlama aktında 3 maddə qeyd olunsa da, lakin 5 irad bildirilmişdir. Klinika balacadır və cəmi 9 işçisi var. Kazımov Etibar direktorun müavinidir və inzibati işlərlə məşğul olur. Şükürova Jalə terapevtdir, Rəfizadə Nailə nevropatoloqdur və hər iki həkim öz ixtisaslarına uyğun işləyir. X13 psixoloq kimi fəaliyyət göstərir və ona lisenziya lazım deyil. Quluzadə Cəmilə tibbi statistdir və hesabatlarla məşğul olur. Tibbi təhsili olan şəxsin kartoçkaları yazması üçün lisenziya lazım deyil. Bundan başqa, klinikada olan bütün dərman vasitələrinin sertifikatı var. Rəflərdə dərman deyil, üz silmək üçün kosmetik vasitələr saxlanılır və həmin kosmetik vasitələr dərman vasitəsi hesab edilmir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 215.1, 215.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli, KY252340290 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən Mərcan Klinikasında xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X23 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-905/2025 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən Şəxs MMC xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İSN/4-84/2016 qeydiyyat nömrəli, 15 yanvar 2016-cı il tarixli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verilmişdir. Azərbaycan Respublikası İqisadiyyat və Sənaye Nazirinin müavini tərəfindən verilmiş məktubdan görünür ki, Şəxs MMC-yə ünvan 1 ünvanında ambulator tibbi xidmətinin göstərilməsinə icazə verilən ixtisas növləri üzrə göndərilən işlərin siyahısı qeyd olunmuşdur. 1. Terapiya, 1.1. Terapevtik, 2. Kardiologiya, 2.1 Kardioloji, 10. Nevropatologiya, 10.1 Nevropatoloji, 13. Dermatologiya, 13.2 Kasmetoloji, 14. Fizioterapiya, 14.1 Fizioterapevtik, 27. Şüa diaqnostikası, 27.5 Ultrasəs müayinəsi. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də direktor müavini vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 012981 nömrəli diplomdan görünür ki, X16 N.Nərimanov adına ADTU-nin müalicə işi ixtisasını bitirmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Şəxs MMC-də tibbi statist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də psixoloq vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də həkim nevropotoloq vəzifəsinə qəbul edilmişdir. AH 045103 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də həkim terapevt vəzifəsinə qəbul edilmişdir. AH 048959 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəməyə təqdim edilmiş ərizənin məzmunundan görünür ki, Şəxs MMC-nin əməkdaşı Ambulator pasiyentlərin qeydiyyat kitabında yanlışlığa yol verdiyini səhvən X5 xəstəyə autizm diaqnozu qoyması barədə səhv qeydiyyat apardığını qeyd etmişdir. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilkin olaraq qeyd olunan maddənin dispozisiyasında sadalanan xüsusatlara, yəni –
1. sertfikasiyadan keçmə qaydalarına;
2. praktiki tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Qanunda belə Azərbaycan Respublikasında və xarici ölkələrdə təhsil alan şəxslərin tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmalarına dair fərqli qaydalar müəyyən edildiyi görsənir. Məhkəmə ilk əvvəl qeyd edir ki, T-299 saylı “özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktında yoxlama həyata keçirildiyi zaman psixoloq-pediatr X5, direktor müavini X9, tibbi-statist-USM X1 şəhadətnaməsi olmadan özəl praktiki tibbi fəaliyyət ilə məşğul olmaları, həmçinin nevropatoloq - terapevt X7 və X10 terapevt – fizioterapevtik işlə məşğul olmaları və həmin ixtisas üzrə sertifikatsız olmaları göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də psixoloq vəzifəsinə qəbul edilmişdir və Şəxs MMC-də sadəcə psixoloq kimi fəaliyyət göstərmiş, “autizm” diaqnozu qoyulmuş xəstə ilə psixoloq kimi profilaktik söhbətlər (konsultasiya) aparmış, xəstəyə hər hansı diaqnoz qoymamış, tövsiyyə verməmiş və ya dərman vasitəsi təyin etməmişdir. Bu hal Ambulator pasiyentlərin qeydiyyat kitabında olan qeyddə öz təsdiqini tapmış, iş üzrə təqdim edilmiş sənədlərlə isə X2 şəhadətnaməsi olmadan özəl praktiki tibbi fəaliyyət ilə məşğul olması və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət ilə məşğul olması təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqisadiyyat və Sənaye Nazirinin müavini tərəfindən verilmiş məktubunda Şəxs MMC-yə ünvan 1 ünvanında ambulator tibbi xidmətinin göstərilməsinə icazə verilən ixtisas növləri üzrə göndərilən işlərin siyahısında psixoloq ixtisasının qeyd olunmaması, həmin MMC tərəfindən lisenziyadan kənar özəl praktiki tibbi fəaliyyət ilə məşğul olması nəticəsinə gəlinməsi üçün əsas deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən kliniki psixoloq ixtisası üzrə icazə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilir və məhkəməyə belə bir icazənin verilib-verilməməsinə dair sübutetmə yükü üzərinə düşən orqan tərəfindən hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, X15 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də həkim nevropotoloq vəzifəsinə, X17 isə xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də həkim terapevt vəzifəsinə qəbul edilmişdir. X15 xx.xx.2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçərək ona Azərbaycan Respublikasının ərazisində nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş, X17 xx.xx.2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçərək ona Azərbaycan Respublikasının ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. X16 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də direktor müavini vəzifəsinə qəbul edilmiş və sonuncu sadəcə inzibati işlərlə məşğul olmuşdur. Bundan başqa X14 xx.xx.2023-cü il tarixdə Şəxs MMC-də tibbi statist vəzifəsinə qəbul edilmişdir Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X3”nın təsdiq edilməsi barədə 19 iyun 2017-ci il tarixli, 8 nömrəli qərarına əsasən “tibbi statist” vəzifəsi orta tibb heyətinə daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanunun 46-cə maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Beləliklə də, qanunvericiliyə əsasən “tibbi statist” vəzifəsi üçün hər hansı sertifikasiya tələb edilmir. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tərkibi o, vaxt yarana bilərdi ki, onun əməlində dispozisiya şərtlərinin bütün əlamətləri mövcud olmuş olardı, konkret olaraq “qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması” halı və lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olması halı mövcud olmuş olardı və bu hallar iş materialları ilə öz təsdiqini tapmış olardı. Hazırkı halda məhkəmə araşdırması zamanı X5, direktor müavini X9, tibbi-statist- USM X1 şəhadətnaməsi olmadan özəl praktiki tibbi fəaliyyət ilə məşğul olmaları, həmçinin nevropatoloq - terapevt X7 və X10 terapevt – fizioterapevtik işlə məşğul olmaları təqdim edilmiş sənədlərlə təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi şəxsin bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən “SALİCYLİCPEEL JS” adlı tibb vasitəsinin satışı faktının aşkarlanması qeyd olunsa da, məhkəmə araşdırması zamanı həmin vasitənin tibb vasitəsi deyil, kimyəvi soyma (peelinq) üçün olan məhlul olması müəyyən olunmuşdur. Sübutetmə yükü üzərinə düşən orqan tərəfindən “SALİCYLİCPEEL JS” adlı tibb vasitəsinin vasitəsinin Şəxs MMC tərəfindən satışını və satış məqsədi ilə saxlanılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə işin bütün faktiki hallarını araşdıran zaman müəyyən etmişdir ki, MCİ TİBB MƏRKƏZİ» MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilməmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X12 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 215.4 və 221.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Anar İbadzadə