Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5327/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, ev 70, mənzil 19, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 529.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin direktoru Zehra Demir tərəfindən inzibati cərimə növündə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın icrası ilə bağlı tədbirlərin görülmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-nin direktoru Demir Zehra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə edilmiş, lakin qeyd olunan qərarın icrası ilə əlaqədar Şəxs MMC-nin direktoru Demir Zəhra tərəfindən tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmədə iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəməyə vəsatət ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 3(006)-4724/2024 saylı 09 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın icrası ilə əlaqədar tədbirlər görülmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bildirirlər ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4724/2025 saylı, 09 dekabr 2024-cü il tarixli qərarından tərəflərindən apellyasiya şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli qərarı ilə, tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmuş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun tərtib olunmasına səbəb olmuş, Nəsimi rayon Məhkəməsinin 3(006)-4724/2024 saylı 09 dekabr 2024-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv olunduğundan, hesab edirlər ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə heç bir inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Bu səbəbdən də hesab edirlər ki, “Creative and İnnovative Solutions» MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə heç bir inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlər nəzərə alınmaqla “Creative and İnnovative Solutions» MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, vətəndaşlar X1, X4 və X2 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərinə görə Şəxs MMC-nin direktoru Demir Zehra Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-D-58765/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Məcəllənin 150.5 və 150.6-cı maddələrinin tələbinə əsasən icra edilməsi məqsədilə Şəxs MMC-nin direktoru Zehra Demirə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin direktoru Zehra Demir tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə 20.000 (iyirmi min) manat cərimə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4724/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin direktoru funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş törədilməsi ehtimal edilən inzibati xətanın mövcud olub-olmaması məhkəməyə təqdim edilmiş mötəbər sənədlərlə şübhə altına düşmüşdür. Belə ki, iş materiallarından görünür ki, vətəndaşlar X1, X4 və X2 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4724/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda həmin inzibati xətaya görə Şəxs MMC-nin direktoru Zehra Demir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 2723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4724/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırkı halda məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquqi şəxsin direktoru barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar və Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol eyni inzibati xətaya görə tərtib edildiyindən hüquqi şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verildiyi üçün vəzifəli şəxs barəsində qəbul edilmiş qərar da öz hüquqi qüvvəsini itirmiş hesab edilir və hazırki iş üzrə hər hansı inzibati xəta mövcud deyildir. Bu məqamda məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5327/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5327/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver