Məhkəmə qərarları › İş №3(006)-5330/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5330/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5330/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X2 Barəsində icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1-ci şəhərsalma kompleksi, ev 06, mənzil 259-da qeydiyyatda olan, "xxxx" MTK-nın direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16(006)-320/2023 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində "xxxx" MTK tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49,4 kv.m. olan 01 otaqlı mənzilin, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m. olan 02 otaqlı mənzilin və “E” girişinin 8-ci mərtəbəsində sahəsi 84,0 kv.m. olan 03 otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin mənzillərin özgəninkiləşdirilməsi və bu mənzillərlə bağlı hər hansı bir müqavilələrin bağlanması, həmçinin mənzillərdə cari təmir işlərinin aparılması cavabdeh "xxxx" MTK-ya, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh "xxxx" MTK-nın bankda olan hesablaşma hesabındakı və kassasındakı ümumilikdə 51.467 manat miqdarında pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. Lakin "xxxx" MTK-nın direktoru Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16(006)-320/2023-05 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 203 saylı evin yerində "xxxx" MTK tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49,4 kv.m. olan 01 otaqlı mənzilin, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m. olan 02 otaqlı mənzilin və “E” girişinin 8-ci mərtəbəsində sahəsi 84,0 kv.m. olan 03 otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin mənzillərin özgəninkiləşdirilməsi və bu mənzillərlə bağlı hər hansı bir müqavilələrin bağlanması, həmçinin mənzillərdə cari təmir işlərinin aparılması cavabdeh "xxxx" MTK-ya, 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh "xxxx" MTK-nın bankda olan hesablaşma hesabındakı və kassasındakı ümumilikdə 51.467 manat miqdarında pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixdə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlqədar MTK tərəfindən Nəsimi rayonu, S.Rəhimov küçəsi, 203 saylı ünvanda tikilən binanın icra vərəqəsində qeyd olunan mənzillərə baxış keçirilmiş, həmin mənzilərdə təmin işlərinin aparılması, özgəninkiləşdirilməsi və mənzillərlə bağlı hər hansı bir müqavilənin bağlanılmasına dair "xxxx" MTK-ya və digər şəxslərə məsuliyyət barədə xəbərdarlıq olunmaqla qadağan olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Tələbkarın şikayəti əsasında xx.xx.2023-cü il tarixdə ünvana yenidən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, binanın “E” girişində olan 4-cü mərtəbəsindəki 3 otaqlı və “D” girişində olan 2 otaqlı mənzillərin giriş qapıları dəyişdirilmişdir. Borclu tərəfindən həmin mənzilərin qapıların açılması təmin edilməmiş və iş icrasının sözlərinə görə qapılar sakinlər tərəfindən dəyişdirilmişdir. Bununla da borclu üzərinə həbs qoyulmuş mənzillərə lazımi qaydada nəzarət etməmişdir. Buna görə də müvafiq akt tərtib olunmuş və foto şəkilər çəkilmişdir. Qeyd olunanları nəzərə borclu "xxxx" MTK-nın direktoru vəzifəsində işləyən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Eyni zamanda, onu da qeyd etdi ki, həmin mənzillərin sahəsi icra sənədində göstərilən ölçülərdən artıqdır, orada da heç bir təmin işləri aparılmır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs "xxxx" MTK-nın direktoru Şəxs izahatında bildirdi ki, MTK “pilot” layihə çərçivəsində ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış binasını inşa edir. Həmin ərazidə yaşayan sakinlərlə əldə olunmuş razılaşmalara əsasən onlara yeni inşa olunan binadan müvafiq ölçülərdə mənzillər verilmişdir. Lakin, sonradan Fövqəladə Hallar Nazirliyinin tələbi ilə binanın bloklarının hər bir girişində əlavə yanğın çıxışı inşa edilməsi nəzərdə tutulduğundan mənzillərin quruluşunda və sahələrində dəyişikliklər olunmuşdur, Bununla əlaqədar bir neçə sakinə, eləcə də iş üzrə iddiaçı Səmərqə Süleymanovaya müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan ölçülərə uyğun, hətta bir az daha artıq sahələrdə olan başqa mənzillər təklif edilmişdir. Əksər sakinlər bu təkliflə razılaşmış və onlar mənzillərlə təmin edilmişdir. Lakin S.Süleymanova bu təkliklə razılaşamış, müqavilədə göstərilən, lakin ölçüsündə artım olan mənzilləri tələb etmişdir. S.Süleymanovaya həmin mənzilə görə əlavə ödənişin edildiyi təqdirdə bu mənzillərin ona veriləcəyi bildirilsə də, sonuncu razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Hazırda MTK tərəfindən həmin məzillərdə heç bir təmir-tikinti işi həyata keçirilmir, onların mülkiyyətçilərinə də bu barədə məlumat verilərək hər hansı təmir işlərinin görülməməsi tapşırılmışdır. Lakin mülkiyyətçilərdən bəziləri həmin mənzillərə qapı quraşdırmışlar. İcra məmuru tərəfindən həmin mənzillərə baxış keçirilən zaman da aşkar olunmuşdur ki, orada heç bir təmir-tikinti işi aparılmır, eləcə də mənzillərin sahəsi icra sənədində qeyd olunan sahəyə uyğun gəlmir. "xxxx" MTK tərəfindən məhkəmə qərarının icrasına maneə törədilməmiş və pozuntuya yol verilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə barəsində icraat aparılan şəxsin müdafiəçisi X6 "xxxx" MTK-nın direktoru Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, "xxxx" MTK-nın direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən heç bir pozuntu edilməmiş, üzərinə həbs qoyulmuş mənzillərdə cari təmir işlərinin aparılması ilə bağlı hər-hansı hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" MTK-nın direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar