Məhkəmə qərarları › İş №3(006)-5332/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5332/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5332/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan “X3 Ltd” şirkətinin hüquqi şəxsin nümayəndəsi: Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı 147.600,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı “Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin 8-ci maddəsinin tələblərinə əsasən əməliyyat şirkəti qismində yaradılmış və hazırda fəaliyyət göstərir. Bu Saziş qanun statusundadır. Qanunun 4-cü maddəsinin tələblərinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Qeyd edilən Sazişin tələblərinə əsasən Əməliyyat şirkəti neft-qaz əməliyyatları məqsədilə Azərbaycan Respublikası ərazisinə idxal etdiyi mallar üçün gömrük rüsumundan azad edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası ərazisinə idxal edilən və qeydiyyata alınması tələb edilən əşyalar müvəqqəti saxlanc xüsusi gömrük proseduru ilə rəsmiləşdirilir. Əməliyyat şirkətinin bu gömrük proseduru ilə rəsmiləşdirilmiş nəqliyyat vasitələrinə münasibətdə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun müddətinin uzadılması barədə müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq gömrük orqanı tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunun müddəti uzadılır. Mübahisə predmetini təşkil edən avtokran da müqavilədə qeyd edilən müddətdə Azərbaycan Respublikası ərazisinə idxal olunmuş və müvəqqəti saxlanc xüsusi gömrük proseduru ilə rəsmiləşdirilmişdir. Hətta qeyd edilən avtokran xüsusi təhlükəli obyektlərdə istifadə edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq defektoskopiyası keçirilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən sertifikat alınmışdır. Bununla bağlı **********1150 saylı gömrük bəyannaməsini və müraciət məktubunu təqdim edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 147.600,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • “Tələbin güzəşti barədə” xx.xx.2021-ci il tarixli, SOCL-MAT-2038/21 saylı Razılaşmaya əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı SOCL PO 6070 saylı spesifikasiya üzrə 147.600,00 ABŞ dolları məbləğində “G.D.X4 LTD” şirkətinə edilməli olan ödənişləri “X6” şirkətinə ödəyir; • Ödəniş tapşırığına əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Kipr Respublikasında fəaliyyət göstərən “X6” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, SOCL-MAT-2038/21 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, 018/21 saylı invoys üzrə SOCL PO 6070 saylı spesifikasiya ilə bağlı qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 147.600,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • **********1150 saylı gömrük bəyannaməsinə görə “G.D.X4 LTD”nin tapşırığı əsasında Rusiyada fəaliyyət göstərən “ZAO “Çelyabkransbit” şirkəti tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 147.600,00 ABŞ dolları dəyərində yük kranı xx.xx.2021-ci il tarixdə ölkəyə gətirilmişdir; • Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 15 avqust 2023-cü il tarixli müraciətinə əsasən **********1150 saylı gömrük bəyannaməsinə üzrə şirkətin ünvanına göndərilən malın işlərin davam etdirilməsi ilə əlaqədar olaraq müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək uzadılması xahiş edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən bu müraciətin üzərində aparılmış qeydə əsasən bu müddət uzadılmışdır. Beləliklə müəyyən edilir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı “Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin tələblərinə əsasən əməliyyat şirkəti qismində yaradılmış, işlərin görülməsi ilə əlaqədar "xxxx" ASC-də olan hesabından Kipr Respublikasında fəaliyyət göstərən “X6” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, SOCL-MAT-2038/21 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, 018/21 saylı invoys üzrə SOCL PO 6070 saylı spesifikasiya ilə bağlı qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 147.600,00 ABŞ dolları məbləğində pul göndərmiş və həmin vəsait hesabına alınan mal ölkəyə xx.xx.2021-ci il tarixdə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar