Məhkəmə qərarları › İş №3(006)-5336/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5336/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5336/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 104000.00 Avro məbləğində vəsaiti 17 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 104000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə etiraz təqdim edərək Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Foodcity Agropark” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair 3(006)-3673/2025 saylı inzibati xəta haqqında iş mövcuddur. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 152 nömrəli Fərmanına əsasən Respublika üzrə aqroparkların yaradılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Şəxs MMC həmin Fərmanın icrasını təmin etmək məqsədilə yaradılmış və hazırda fəaliyyətini uğurla davam etdirməkdədir. Müəssisəmiz 11,71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış müəssisədir. Hazırda müəssisəmiz Gömrük Komitəsinin Səlahiyyətli İqtisadi Operator statusunu da almışdır ki, bu da müəssisəni idxal-ixrac və tranzit əməliyyatları üçün də strateji partnyora çevirmişdir. Eyni zamanda müəssisəmiz Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dəmir Yolları QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir. Şəxs MMC fəaliyyətə başlamazdan əvvəl müəssisənin fəaliyyətinin təmin edilməsi üçün irimiqyaslı investisiyalar cəlb edilmiş və ölkəyə göstərilən xidmətlər çərçivəsində xüsusiləşdirilmiş avadanlıqlar idxal etmişdir. Belə ki, Şəxs MMC ilə “X6” LLC arasında 01 aprel 2020-ci il tarixində malların təchizatına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən Təchizatçı “X6” LLC Saxlama/ Soyuducu kameraları, X4 və X5 Xəttini təchiz etməli idi. Müqavilə üzrə bütün avadanlıqlar/mallar çatdırılmış və idxalı Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq qaydada rəsmiləşdirilmişdir. Müqavilə üzrə idxal edilmiş avadanlıqlar barədə məlumatlar qoşmada ətraflı qeyd edilmişdir. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 1-S Əlavəsinə əsasən isə idxal edilmiş avadanlığı quraşdırılması, işə salınması və sazlanması xidmətləri də Təchizatçı “X6” LLC tərəfindən həyata keçirilməli idi. Həmin Əlavəyə əsasən Təchizatçı tərəfindən bu xidmətlər də həyata keçirilmiş və müvafiq qaydada təhvil-təslim aktı tərtib edilərək təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 1-S Əlavəsini əhatə edən 2 ədəd hesab faktura əslində xidmət üçün nəzərdə tutulsa da yalnışlıqla mal material üçün rəsmiləşdirilmişdir. Sonradan həmin hesab fakturalara düzəliş edilsə də, banka ilkin yanlış tərtib edilmiş hesab fakturalar təqdim edilmişdir. Tərəflərindən xx.xx.2023 tarixində 127000 avro və xx.xx.2023 tarixində 104000 avro X6 LLC şirkətinə avans ödənişləri icra edilmişdir, həmin ödənişlər malmaterial üçün deyil xidmət üçün ödənilmişdir. Bunu tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixli 1-S Əlavə, tərəflər arasında imzalanmış təhvil-təslim aktı və invoyslar təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Maddənin tələblərindən göründüyü kimi intizam məsuliyyətinə cəlb edilmək üçün müvafiq tərkib mövcud deyil. Belə ki, Təchizatçı tərəfindən xidmət göstərilmiş və bu müvafiq qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda xahiş edirik nəzərə alasınız ki, həmin müqavilə çərçivəsində ümumilikdə 15 milyon avrodan çox pul vəsaiti müqabilində mallar ölkəyə idxal edilmişdir. Bu əməliyyatların hamısı valyuta nəzarəti ilə həyata keçirilmiş və Şəxs MMC tərəfindən hər-hansı inzibati pozuntuya yol verilməmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, malların ölkəyə idxal edildiyi dövrdə idxal etdikləri avadanlığın quraşdırılması üzrə ölkədə müvafiq bilik və təcrübəyə malik podratçılar olmadığı üçün həmin avadanlıqların da “X6” LLC tərəfindən quraşdırılması zərurəti yaranmışdır və bu xidmətlər də 01 aprel 2020ci il tarixli müqavilə və həmin müqavilə çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1- S saylı Əlavəyə müvafiq həyata keçirilmişdir. Oxşar məhkəmə təcrübəsinə nümunə olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № 3(006)-3673/2025 saylı, 11 iyul 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10 iyun 2025-ci iltarixdə Şəxs barəsində (01 aprel 2020-ci il tarixli müqavilə və həmin müqavilə çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1-S saylı Əlavə üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar etiraza əlavə olunur. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanında. 1) Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. 3.2.) Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi; 3.3.) hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanını nəzərə alaraq «Foodcity Agropark” MMC-nin əməlinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci (inzibati xəta hadisəsi olmadıqda) və 53.1.2 (inzibati xəta tərkibi olmadıqda) maddələrinə əsasən inzibati xəta haqqında tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. 17 avqust 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 104000.00 Avro məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş müqavilə və digər sənədlərdən görünür ki, Şəxs MMC ilə “X6 LLC” şirkəti arasında bağlanmış müqavilə üzrə 104000.00 Avro məbləğində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Həmin Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən xaricə köçürülmüş 104000.00 Avro məbləğində pul vəsaiti hesabına xidmətlər göstərilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş müqavilələr və digər sənədlər ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğ müqabilində malların idxal olunmaması və ya xidmətlər göstərilməməsi kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi və ya xidmətlərin göstərilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar