Məhkəmə qərarları › İş №3(006)-534/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-534/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-534/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Şəxs MMC ) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Şahid aid xx.xx.2023-cü il tarixli müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixində gecikdirilərək qeydiyyata alınmışdır. Nəticədə şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şahid pozulmuş hüquqlarının bərpa olunması və ən tez vaxtda əmək kitabçasının Şəxs MMCdən alınıb özünə təqdim olunmasına kömək edilməsini xahiş etmişdir. Bununla bağlı araşdırma zamanı Şəxs MMC tərəfindən Şahid xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs MMC kommersiyasahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC-də insan resursları və ya kadrlar şöbəsi olmadığından həmin şöbənin vəzifəsinə aid olan işləri MMC-də işləyən digər şəxslər icra edir. Şahid 01 sentyabr 2023-cü il tarixli əmək müqaviləsinə əsasən 08 sentyabr 2023-cü il tarixdə qeydiyyata alınması hissəsi ilə bağlı bildirirlər ki, burada mexaniki yanlışlığa və səhvliyə yol verilmiş, əmək müqaviləsinin bağlanma və qüvvəyə minmə tarixi 08 sentyabr 2023-cü il tarixi olmalıdır. Tərəflər arasında əmək müqaviləsinin bağlanması halları və əsasları mübahisəsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunan sənədləri yuxarıda qeyd etdiyi başqa şöbənin işçiləri X3 Xidmətinin Bakı Şəhər İdarəsinin məsul işçilərinin tələbinə uyğun olaraq və məsuliyyətə cəlb olunmamaq üçün onların müəyyən etdiyi qaydalar və mətnlər əsasında müvafiq sənədləri təqdim etmişlər. 08 sentyabr 2023-cü il tarixdə işə başlayan şəxsin 01 sentyabr 2023-cü il tarixdən işə qəbul edilməsi tamamilə mümkünsüzdür və yolverilməzdir. Şahid artıq əmək haqqının hesablanması riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar olmuşdur. Məhz bu səbəbə görə MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şahid Şəxs MMC-də işə başlama tarixi 01 sentyabr 2023-cü il əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə tarixi 08 sentyabr 2023-cü ildir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli 021/23 saylı əmrin surətindən görünür ki, Şəxs MMC-də mühasib vəzifəsində işləyən Şahid ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 13 noyabr 2023-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən Şəxs MMC ilə Şahid arasında 01 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin əmək müqaviləsi bildirişi 08 sentyabr 2023-cü il tarixində qeydiyyata alınmışdır. Göründüyü kimi, Şahid xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xıtanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar