Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5345/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin X7 şöbəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 29 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel mağazasında keçirilən planlı YTM zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edildi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci Ərazi X7 İdarəsinin X7 şöbəsinin inspektoru X4 inzibai xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi tərəfindən protokol tərtib olunmuşdur. Protokolda qeyd olunan nöqsanlar düzgün yazılmamış, ümumiyyətlə hüquqi şəxsə aid olmayan nöqsanlar protokolda öz əksini tapmışdır. Belə ki, protokolda qeyd olunmuşdur ki, obyektin istismarı X7 Xidməti ilə razılaşdırılmamışdır. Bildirir ki, Qanunvericiliyə uyğun olaraq belə bir razılaşma mövcud deyildir. Protokolda qeyd olunmuşdur ki, Yanğın Təhlükəsizlik Xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələr asılmamışdır. Bildirir ki, həmin lövhələr yazılı şəkildə mövcuddur, mağazanın dizaynını pozmamaq üçün divardan asılmamışdır. Lakin işləyən hər bir əməkdaşa bununla bağlı təlimat keçirilmiş və təlimata imza etdirilmişdir. Protokolda qeyd olunmuşdur ki, obyektdə yanğın zamanı insanların köçürülməsi üçün təxliyyə planı tərtib edilməmişdir. Bildirir ki, Təxliyə planının tərtib olunması üçün obyektdə işçilərin sayı ən az 10 nəfərdən çox olmalıdır. Şəxs MMC-yə məxsus obyektdə işçi sayı 5 nəfərdir. Bununla bağlı şirkət tərəfindən göndərilmiş arayış məhkəməyə təqdim olunmuşdur. Təxliyə yollarının üzərində maneəedici əşyalar mövcuddur. Qeyd olunan obyektdə təxliyyə yolları tam açıqdır və heç bir maneə edici əşyalar mövcud deyildir. Protokolda qeyd olunmuşdur ki, obyekt çıxış sözü yazılmış işıqlı göstəricilərlə təmin olunmamışdır. Bildirir ki, qeyd olunan nöqsan bu tip obyektlərdə aid deyil. Bu tip obyektlərdə çıxış sözü yazılmış işıqlı göstəricilərə ehtiyac yoxdur. Protokolda qeyd olunmuşdur ki, obyektdə çalışan işçilərin yanğına qarşı təlimatlandırılması barədə xüsusi jurnal tərtib olunmamışdır. Bildirir ki, həmin jurnal mövcuddur və məhkəməyə təqdim olunmuşdur. Protokolda qeyd olunmuşdur ki, mövcud ilkin yanğınsöndürən balonlar yer səthindən 1.5 metr məsafədə asılmamışdır. Bildirir ki, Yanğın təhlükəsizliyi qaydalarında qeyd olunub ki, ilkin yanğınsöndürən balonlar yer səthindən 1.5 m hündürlükdə asıla bilməz. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 31 iyul 2025-ci il tarixli KY252344056 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə riayət edilib-edilməməsinin müəyyən olunması əsası ilə xx.xx.2025xx.xx.2025-ci il tarixlərində planlı (növbəli) yoxlamanın keçirilməsi barədə məlumat reyestrə daxil edilmişdir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 25 avqust 2025-ci il tarixli, 3-18- 63/Q-3154/2025 nömrəli qərarından görünür ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə riayət edilibedilməməsinin müəyyən olunması əsası ilə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində planlı (növbəli) yoxlamanın keçirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati işin materiallarına əlavə edilmiş Arayışdan görünür ki, Şəxs MMC-nin Enza Home mağazalar şəbəkəsinin Həsən Əliyev filialında 6 əməkdaş çalışır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati işin materiallarına əlavə edilmiş X1 Qeydiyyat Jurnalından görünür ki, Şəxs MMC-də işləyən hər bir əməkdaşa Yanğın Təhlükəsizliyi ilə bağlı təlimat keçirilmiş və təlimat bütün əməkdaşlar tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati işin materiallarına əlavə edilmiş əməyin mühafizəsi üzrə təlimatlardan görünür ki, Şəxs MMC tərəfindən işləyən əməkdaşlar üçün əməyin mühafizəsi üzrə təlimat keçirilərək razılaşdırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Məhkəmə, işin baxışı zamanı təqdim edilmiş inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq surətdə qiymətləndirərək qeyd edir ki, MN seriyalı ******* nömrəli, 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol yuxarıda qeyd edilən imperativ normanın tələblərini pozmaqla tərtib edilmiş, həmin protokolda inzibati xətanın xətanın mahiyyəti, yəni Şəxs tərəfindən konkret olaraq hansı yanğın təhlükəsizliyi qaydasının pozulması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmişdir ki, bu da müvafiq protokolun işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirmədiyinə dəlalət edir. Bu isə özlüyündə onu göstərir ki, həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla «İ POLAD” MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 318.1-ci maddəsi ilə tərtib olunmuş 29 avqust 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda 29 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mebel mağazasında keçirilən planlı YTM zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğunun müəyyən edildiyi göstərilsə də, iş materiallarından görünür ki, Şəxs MMC yanğın təhlükəsizliyi qaydalarının pozulmadığı, qanunvericiliyin tələblərinə riayət olunduğu müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə göstərilənləri nəzərə alaraq, işin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 29 avqust 2025ci il tarixli inzibati xəta haqqında protokolda dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5345/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5345/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver