Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5348/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə daxil olmuş MN seriyalı ******* nömrəli, 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə məcburi auditi aparılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Maliyyə Nazirliyi Auditorlar Palatasına müraciət edərək 2021-ci ilin yekunları üzrə sahibkarlıq subyektlərinin auditdən keçmə vəziyyətini əks etdirən siyahının ona təqdim edilməsini xahiş etmiş və Palatadan göndərilmiş siyahıya əsasən "xxxx" MMC-nin 2021-ci ilin illik maliyyə hesabatları üzrə məcburi auditdən keçməməsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 464-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki,”ARC PROTECTİON” MMC audit rəyi vermək öhdəliyi olan subyekt deyil. Belə ki, MMC, işçilərinin sayına və maliyyə dövriyyəsinə görə kiçik sahibkardır, dövriyyəsi 3.000.000 manatdan artıq deyil. Buna dair müvafiq sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3- 23/2-6834/2023 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 23 noyabr 2023-cü il tarixdə, saat 10:25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılacağı barədə barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3- 23/2-8123/2023 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə məcburi auditinin aparılmamasına görə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surəti barəsində icraat aparılan hüquqi şəxsə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********433300 nömrəli çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN: **********) qurumun əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırki adı isə Şəxsdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********995000 nömrəli məktubuna əlavə edilmiş 2021-ci il vergi dövrünü əhatə edən mənfəət vergisinin bəyannaməsində Şəxs MMC-nin sahibkarlıq subyekti meyarı “kiçik” qeyd olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özüözlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Həmin Məcəllənin 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla məhdud məsuliyyətli cəmiyyətlər hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-1-ci maddəsinin 1-ci hissəsinə əsasən sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən kiçik sahibkarlıq subyektləri işçilərinin orta siyahı sayı (nəfərlə) 11 – 50, illik gəliri (ig) (min manatla) 200 < ig ≤ 3 000 olan subyektlərdir. Məhkəmə yuxarıda sadalanan xüsusatlara əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC kiçik sahibkarlıq subyekti olduğundan, yəni qanunla dairəsi müəyyən edilmiş və məcburi auditin aparılması öhdəliyi olan şəxslərin dairəsinə aid olmadığından hazırki iş üzrə inzibati xətanın subyekti hesab edilə bilməz. Hazırda qüvvədə olan qanunvericilik onu məcburi auditin həyata keçirilməsi öhdəliyindən azad edir. Buna görə də Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir.”. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 23 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş 23 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5348/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5348/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver