Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5368/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: "xxxx" MMC-nin direktoru X4 iştirakları ilə "xxxx" MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 14 noyabr 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X9 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətininin Bakı şəhəri İdarəsinin 14 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq "xxxx" MMC-nin keçmiş əməkdaşı X3 işdən çıxma xahişi ərizəsinə əsasən 5291TB8000100 nömrəli 13 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli X/003 nömrəli əmr ilə xitam verilmişdir. X8 əmək haqqının az ödənilməsindən narazı olduğu üçün əsassız olaraq 31 avqust 2023-cü il tarixində X12 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmişdir. Şikayətə baxan X12 Xidmətinin Bakı şəhər idarəsi 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X5 işlədiyi müddət ərzində aylıq əmək haqqı müqavilədə göstərilən məbləğə uyğun olaraq tam şəkildə, işdən azad olduğu vaxt isə son haqq-hesabı tam və vaxtında ödənilmişdir. Buna baxmayaraq, inzibati orqan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. İnzibati orqan onun barəsində inzibati protokolu tərtib edən zaman mötəbər sübutlara əsaslanmamışdır. Belə ki, işdən öz xahişi ilə azad olunmuş keçmiş əməkdaşın sənədlərinə nəzər yetirərkən tam şəkildə aydın görünür ki, “ƏMAS”da (Əmək və X16) xitam əmri qeydə alınarkən mexaniki olaraq 27 iyul 2023-cü il tarixi işdən çıxma kimi yazılmışdır. Lakin daxili əmrdə, işçinin öz xahişi ilə işdən azad olma ərizəsində və ödənilən son haqq-hesab cədvəlində də bütün əməliyyatlar 28 iyul 2023-cü il tarixi üzərindən aparılmışdır. Araşdırma zamanı bu barədə X12 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşına məlumat verilmiş, bunun texniki səhv olduğu bildirilmiş, lazımi izahatlar verilmişdir. Lakin, buna məhəl qoyulmamış və heç bir digər yüngüllləşdirici hallar nəzərə alınmadan 30 gün olmaqla xitam əmrinin düzəldilməsini yerinə yetirməklə şərti cəza kəsilmişdir. Göstərilənləri nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X9 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, qərarında şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X9 tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozularaq X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmiş, həmçinin əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş xətaları törətmiş və ona həmin Məcəllənin 192.6-cı maddəsi üzrə 1.500 manat məbləğində cərimə şərti tətbiq olunaraq törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir; - X5 "xxxx" MMC-nin direktoru X6 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən onu həmin tarixdən işdən azad olunması və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilir; - "xxxx" MMC üzrə xx.xx.2023-cü il tarixli, X/003 saylı əmrin surətindən görünür ki, Nəqliyyat və logistika şöbəsində sürücü vəzifəsində işləyən X10 ilə bağlanılmış 5291TB8000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 12.5 məzuniyyət günü var; - "xxxx" ASC-dən əldə olunmuş “Əmək haqqı üzrə çıxarış”a əsasən "xxxx" MMC tərəfindən X1 haqq-hesab kimi 278,69 manat pul xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bu Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, işçi X10 "xxxx" MMC-nin direktoru X6 xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq onu həmin tarixdən işdən azad olunması və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xahiş etmiş, bununla əlaqədar MMC üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, X/003 saylı əmrlə X10 ilə bağlanılmış 5291TB8000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən həmin tarixdən xitam verilmiş, eyni zamanda ona son haqq-hesab kimi 278,69 manat pul da bu tarixdə ödənilmişdir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda "xxxx" MMC-nin direktoru X4 Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozaraq X5 əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verməsinin göstərilməsi, həmçinin əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin 172ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozması vurğulansa da, bu nəticəyə hansı əsaslarla gəlinməsi qeyd olunmadan və yuxarıda sadalanan hallara qiymət verilmədən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş xətaların törətməsində təqsirli bilinərək ona həmin Məcəllənin 192.6-cı maddəsi üzrə 1.500 manat məbləğində cərimə şərti tətbiq olunmuş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bu halda da hansı hüquqpozmanın aradan qaldırılması dəqiq vurğulanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 135.1.1-cı maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5368/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5368/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver