Məhkəmə qərarları › İş №3(006)-538/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-538/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-538/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 yanvar 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 184.176,40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 138.606,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi F.A.Bayramov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 11 yanvar 2023cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolu inzibati xəta tərkibinin olmamasını və protokolun predmeti olan xarici valyuta əməliyyatının belə əməliyyatlar üçün məhdudiyyətləri istisna edən X6 sazişi çərçivəsində həyata keçirilməsini təsdiq edən aşağıdakı hallara görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC alqı-satqı müqaviləsi üzrə mallara görə ödənişi avans şəklində deyil, ölkəyə idxal olunmaqla alıcıya çatdıqdan sonra etmişdir. Buna görə də hərhansı inzibati xətaya yol verilməmişdir. “Şəfəq-Asiman” yatağında həyata keçirdiyi kəşfiyyat-qazma əməliyyatlarının icrası ilə əlaqədar Şəxs MMC “Heydər Əliyev” qazma qurğusu üçün qazma borularının alınması üçün Norveçin MHWirth AS şirkəti ilə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi MHWirth AS şirkətinin qiymət təklifinin tərəflərindən qəbul edilməsini təsdiq edən və hər iki tərəfin imzaladığı PO/19-3944 saylı 20 sentyabr 2019-cu il tarixli alış sifarişi adlı sənədlə rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq sifariş edilmiş mallar şirkətə yük daşıma xidməti göstərən LFS şirkəti tərəfindən Azərbaycan Respublikasına çatdırılmışdır. LFS şirkətinin yük daşıma qaiməsi əsasında həmin mallar 16 dekabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəmiləşdirilməklə ölkəyə idxal edilmişdir. Alqı-satqı müqaviləsi üzrə mallar ölkəyə idxal edildikdən sonra 22 dekabr 2020-ci il tarixdə 1558166,75 Norveç kronu (138.606 ABŞ dolları ekvivalenti) ödəniş edilmişdir. Beləliklə, alqı-satqı müqaviləsi üzrə aparılan bütün hərəkətlərin və əməliyyatların xronoloji ardıcıllığından bəlli olur ki, Şəxs MMC alqı-satqı müqavilə üzrə nəzərdə tutulan mallar bilavasitə Azərbaycan Respublikasına idxal olunduqdan sonra ödəniş etmişdir. Belə olan halda, adıçəkilən müqavilə üzrə qabaqcadan ödəniş olmadığından İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmasından ümumiyyətlə söhbət gedə bilməz. Xarici valyuta əməliyyatına X6 haqqında saziş ilə müəyyən edilən hüquqi rejimin tətbiqi bu valyuta əməliyyatı üzrə inzibati xəta məsuliyyətini istisna edən digər bir hal alqı-satqı müqaviləsinin X6 sazişinin məqsədləri üçün icra edilməsidir. Həmin alqı-satqı müqaviləsi “Şəfəq-Asiman” yatağında aparılan işlərlə əlaqədar şirkətə məxsus “Heydər Əliyev” qazma qurğusunun ehtiyacları üçün bağlanmışdır. Həmçinin, şirkət “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və X6 haqqında” Sazişə (“Saziş”) əsasən həmin Sazişin podratçısı olan BP şirkəti tərəfindən subpodratçı qismində qazma əməliyyatlarına cəlb edilmiş və “Heydər Əliyev” qazma qurğusu da həmin qazma əməliyyatlarının icrası üçün istifadə edilmişdir. Məlum olduğu kimi qanunvericilik sistemində X6 haqqında sazişlər üçün fərqli hüquqi rejim müəyyən edilmişdir. Belə ki, yuxarıda adıçəkilən Saziş Azərbaycan Respublikasının 6 may 2011-ci il tarixli, 104-İVQ saylı qanunu ilə qəbul və təsdiq edilmiş, həyata keçirilməsinə icazə verilmiş, həmçinin Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, hökumət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarından, fərmanlarından, yaxud inzibati sərəncamlarından üstün hüquqi qüvvə verilmişdir. Sazişin 18.1-ci və 18.4-cü bəndlərindən göründüyü kimi Saziş üzrə podratçı, onun agentləri və subpodratçıları neft-qaz əməliyyatlarının lazımınca aparılması üçün qanunvericiliklə müəyyən edilmiş qadağalar və müxtəlif məhdudiyyətlərlə bağlı tələblərə əməl etməkdən azaddırlar. Qanunun və Sazişin tələblərinə görə şirkətlərinin Saziş üzrə subpodratçı olması səbəbi ilə əlaqədar valyuta əməliyyatlarını, o cümlədən qabaqcadan ödəniş edilmiş mal, iş və xidmətlərə görə müqavilələri Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş hər-hansı müddət məhdudiyyəti olmadan həyata keçirə bilər. Saziş üzrə subpodratçı olaraq valyuta əməliyyatlarına görə məhdudiyyətlərdən azad olunmaları həmin dövrdə maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 2834 nömrəli məktubundan da müəyyən edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının 11 yanvar 2023-cü il tarix EP ******* saylı protokolu əsassız olduğu üçün MMC barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materaillarına əlavə edilmiş **********6537 saylı gömrük bəyannaməsindən görünür ki, Niderland Respublikasının “Lift Freight Services B.V.” şirkəti tərəfindən 173.624,39 ABŞ dolları dəyərində mallar xx.xx.2020-ci il tarixdə 07 noyabr 2019-cu il tarixli, ********** saylı müqaviləyə əsasən Şəxs MMC-yə göndərilmişdir (Mallar 120 gömrük indeksi ilə ölkəyə idxal edilmişdir). İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 184.176,40 ABŞ dolları məbləğində vəsait həmin tarixdə Norveç Krallığında yerləşən “MHWirth AS” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifikat barədə məktubdan görünür ki, X6 haqqında sazişə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı olan təqdimetmələrin sıfır (0%) faiz dərəcəsi ilə ƏDV-nə cəlb edilməsi haqqında sertifikatı təqdim edilərək bildirilmişdir ki, “X6 haqqında” Sazişə dair imzalanmış “Əlavə dəyər vergisi haqqında” protokolun müvafiq maddəsinə əsasən hər bi podratçı tərəf, əməliyyat şirkəti və onun subpodratçıları bilavasitə əvvəlki təqdim rübündə özünün ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifikatın surətlərini birbaşa təqdim etdiyi bütün tərəflərin adları qeyd olunmuş siyahısını Vergilər Nazirliyinə ƏDV üzrə hesabat dövrü başa çatdıqdan sonra ƏDV bəyannaməsinin 8 saylı Əlavəsinin 1-ci və 2-ci hissələri müvafiq olaraq “Alınmış mallara (iş, xidmət) görə müəssisəsinin təqdim etdiyi sertifikatlar barədə məlumatın” və “Mal (iş, xidmət) təqdim edilməsinə görə müəssisənin aldığı sertifikatlar barədə məlumatın” doldurmaqla növbəti ayın 20-dən gec olmayaraq təqdim edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin xarici partnyoru olan “MHWirth AS” şirkəti tərəfindən 07 noyabr 2019-cu il tarixli, ********** saylı müqaviləyə əsasən 16 dekabr 2020-ci il tarixdə 173.624,39 ABŞ dolları dəyərində mallar Şəxs MMCyə göndərilmiş və həmin mallar **********6537 saylı gömrük bəyannaməsi ilə 120 gömrük indeksi altında (malın dəyəri ödənilməmişdir) ölkəyə idxal edilmişdir. Bundan sonra, 24 dekabr 2020-ci il tarixdə Şəxs MMC tərəfindən həmin malların dəyəri olan 173.624,39 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait “MHWirth AS” şirkətinin hesabına köçürülmüşdür. Göründüyü kimi, 24 dekabr 2020-ci il tarixli köçürmə avans, yəni qabaqcadan ödəniş formasında həyata keçirilməmiş, satın alınmış və 16 dekabr 2020-ci il tarixdə ölkəyə idxal edilmiş mallara görə sonradan ödəniş olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC tərəfindən valyuta vəsaiti avans yolu ilə deyil, sonradan ödəniş formasında Azərbaycan Respublikasından kənara köçürüldüyü üçün, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar