Məhkəmə qərarları › İş №3(006)-5380/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5380/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5380/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 3 sentyabr 2025-ci il tarixdə axşam saat 10 radələrində sahibi olduğu **-GP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil ilə Bakı şəhəri, Neftçilər prospektində hərəkətdə olarkən “Crescent Mall" ticarət mərkəzindən bir qədər irəlidə X10 xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı prospekt boyunca "Kukla teatrı"ndan etibarən bir neçə manevr qaydasını pozduğunu və sürət həddini aşdığını bildirərək 2 və daha artıq manevr qaydasını pozduğu üçün avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. O, həm manevr qaydalarını pozmağı ilə, həm də sürət həddini aşmağı ilə bağlı polis əməkdaşının iddialarını qəbul etməmişdir. Polis əməkdaşı onu "öyrətdiyi" qayda pozuntusunun 500 manatdan 750 manata qədər cəriməsi olduğunu və sürücülük vəsiqəsinin 1 illik məhdudlaşdırılacağı ilə bağlı məlumatlandırmışdır. Polis əməkdaşının avtomobili cərimə meydançasına aparılması tələbini qanunsuz hesab etsə də, tabəsizlik göstərməmişdir. Maşında olan ailə üzvlərini taksiylə yola saldıqdan sonra polis əməkdaşı onunla birlikə avtomobilini cərimə meydançasına aparmışdır. Bütün bu müddət ərzində heç bir protokol tərtib olunmamışdır. Avtomobil cərimə meydançasına aparıldıqdan sonra əməkdaş ona Nəsimi Rayon Dövlət X9 yaxınlaşmağını bildirmişdir. O, saat 11 radələrində şöbəyə yaxınlaşmış, burada yenidən ona “törətdiyi” qayda pozuntusunun Şəhərin təhlükəsizlik kameralarından izləndiyi və avtomobilin cərimə meydançasına aparılması üçün göstəriş olduğu qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi əsasında sürücülük hüququnun 1 illik məhdudlaşdırılacağı və 15 günlük inzibati həbs tətbiq olunacağı barədə ona bir neçə dəfə xəbərdarlıq edilmişdir. O, İXM-nin 511-ci maddəsinin tələblərini pozmadığını bildirərək qayda pozuntusunun protokollaşdırılaraq məhkəməyə göndərilməsini tələb etdikdə, şöbədən ona növbəti gün səhər 10-da həmin binaya yaxınlaşmağı bildirilmişdir. Əməkdaşın sözünə görə, protokol növbəti gün digər materiallarla birlikdə məhkəməyə göndərilməli idi. Şöbədən çıxdıqdan sonra o, 102 xidmətinə zəng edərək avtomobilinin heç bir qanuni əsas olmadan və protokol tərtib olunmadan cərimə meydançasına aparılması barədə məlumat verərək şikayətini bildirmişdir. 4 sentyabr 2025-ci il tarixində saat 10-da şöbəyə yaxınlaşmış, saat təxminən 12 radələrində X8 tərəfindən qəbul edilmişdir. Avtomobilinin cərimə meydançasında olduğunu və protokolu tələb etdiyini dedikdə, əməkdaş onun manevr qaydalarını pozduğuna görə saxlandığını, avtomobil saxlandıqdan sonra ön şüşədə çat olduğunu müəyyən edildiyini və görüntü məhdudiyyəti yaratdığı üçün avtomobilin cərimə meydançasına bu səbəbdən aparıldığını qeyd etmişdir. O, əvvəlki gün digər əməkdaşların onu İXM-nin 511-ci maddəsinin tələblərini pozduğunu iddia etdikləri üçün saxladıqlarını bildirmişdir. Polis mayoru bununla bağlı həmin gün saat 3 radələrində kamera görüntülərini alacağını və bundan sonra materialın məhkəməyə göndərilib-göndərilməməli olduğuna (yəni İXM 511-ci maddənin tələblərinin pozulub-pozulmadığını) qərar verəcəyini bildirmişdir. Əməkdaş qeyd etmişdir ki, avtomobilin ön şüşəsində çatın olması İXM 342.5ci maddənin tələbini pozur. O, həmin çatın görüntü məhdudiyyəti yaratmadığını bildirsə də, N.Axundzadə avtomobilin ön şüşəsi cərimə meydançasında yerində dəyişdirilmədikcə avtomobilin cərimə meydançasından buraxılmayağını və onun digər iddialarının boşa olduğunu bildirmişdir. O, yenidən avtomobilin cərimə meydançasına aparılması üçün əsas verən protokolu tələb etdikdə, əməkdaş görüntüləri aldıqdan sonra ona uyğun bütün qayda pozuntularını gün ərzində bır protokolda tərtib edəcəklərini bildirmişdir. Şöbədən çıxdıqdan sonra o, yenidən 102 xidmətinə zəng edərək, vəziyyəti bildirmiş və yenidən şikayət ünvanlamışdır. Gün ərzində elektron şəxsi kabinetində və ya mobil nömrəmə SMS vasitəsilə hər hansı bir bildiriş daxil olmamışdır. 5 sentyabr 2025-ci il tarixdə, saat 11 radələrində o, yenidən Şöbəyə yaxınlaşmışdır. X8 yenidən avtomobilin ön şüşəsi dəyişmədikcə avtomobilin cərimə meydançasından buraxılmayacığını bildirmişdir. Onun 3 gün ərzində dəfələrlə tələb etməsindən sonra nəhayət protokol tərtib olunmuşdur. Əvvəlcə protokol qərarsız tərtib olunsa da, onun tələbi əsasında protokola qərar da əlavə olunmuşdur. Protokol 3 sentyabr 2025-ci il tarixi ilə tərtib olunmuş və elektron kabinetə bu tarixlə yerləşdirilmişdir, lakin SMS bildiriş faktiki tərtibat vaxtı göndərilmişdir. Həm protokolu, həm də protokolun qərarını alarkən sənədlərin surətin müvafiq qaydada imzalamış, bu imzaların yalnız surəti almaq üçün olduğunu həm sənədlərdə qeyd etmiş, həm də polis əməkdaşlarına şifahi olaraq bildirmişdir. 5 sentyabr 2025-ci il tarixində ona İXM-nin 327.1 və 342.5-ci maddələrə əsasən İXP7402637 nömrəli protokol tərtib olunmuş və 50 manat cərimə tətbiq olunmuşdur. Protokol üzrə qərarın nömrəsi TP 7487385-dir. Şöbəyə getdiyi 3 gün ərzində nə protokol tərtib olunmamışdan əvvəl, nə də sonradan ona heç bir foto və ya video material təqdim olunmamışdır. Yuxarıda qeyd etdikləri əsasında, onun avtomobilinin cərimə meydançasına aparılması və ona protokolun tərtib olunması zamanı İXM-nin bir sıra tələbləri pozulmuşdur. Nə ona qarşı ilk iddia olunan İXM 511-ci maddəsinin tələblərinin pozulması, nə də protokolun tərtib olunduğu İXM 342.5-ci maddəsinin tələblərinin pozulması İXM-nin 96-cı maddəsinə əsasən sürücünün nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmasına yol vermir. Həmçinin avtomobilin cərimə meydançasına aparılması üçün qanuni əsas olan və İXM-nin 96.3-cü maddəsinə tələbinə əsasən təqdim edilməli olan protokol tərtib olunmamışdır. Avtomobilin saxlanmasına əsas kimi göstərilmək üçün protokola əlavə olunan İXM 327.1-ci maddənin tələblərinin pozulması foto və ya video qeydiyyat funksiyalarına malik xüsus texniki vastə ilə qeydə alındıqda İXM 122.1-ci maddəsinə əsasən inzibati qaydanı törətmiş şəxsin birbaşa iştirakı olmadan real vaxt rejimində elektron protokol tərtib olunur. Həmçinin İXM 122.5-ci maddəsinə əsasən “Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzitati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqq nda inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır.” Polis əməkdaşları ona cərimənin şəhərin təhlükəsizlik kameraları əsasında tərtib olunduğunu bildirmiş, lakin görüntü təqdim etməmişdir. İXM 342.5-ci maddəsində və bu maddədə qeyd olunan “konstruksiyanın digər ünsürləri" anlayışını açıqlayan Qanuna “Nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlarının Siyahısı" əlavəsinin Vİİ bəndində ön şüşədə çatın olması və ya bu çatın görüntü məhdudiyyəti yaratması, habelə bu cür halın nəqliyyat vasitəsinin istismarını qadağan etməsi barədə heç bir müddəa yoxdur. Qeyd olunanları nəzərə alaraq onun barəsində qəbul edilmiş TP ******* nömrəli, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmçinin **-GP-*** dövlət nömrə nişanlı avtomobilinin cərimə meydançasından buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq nəqliyyat vasitəsinin ön şüşəsində çat və arxa sol hissəsində zədələr olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, verilmiş şikayəti əsassızdır. Belə ki, X4 03 sentyabr 2025-ci il tarixdə idarə etdiyi “Hyundaı Elantra” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr etmə qaydalarını pozduğuna görə saxlanılmış, avtomobil saxlandıqdan sonra ön şüşədə çat olduğu və həmin çatın görüntü məhdudiyyəti yaratdığı müəyyən edilmişdir. Nəticədə, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Buna görə də, “Hyundaı Elantra” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına yerləşdirilmiş və X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol əsasında 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunidir və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXMin 327.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Hyundaı Elantra” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsində çat var və həmin çat görüntü məhdudiyyəti yaradır. Məhkəmə, şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1 və 342.5-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 5-ci hissəsinə əsasən “istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir.” Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Yol Patrul Xidməti Haqqında təlimatın 8.10-cu bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir. (Təlimata 18 nömrəli əlavə). Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 03 sentyabr 2025-ci il tarixdə “Hyundaı Elantra” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən zaman manevr etmə qaydalarını pozduğuna görə saxlanılmış, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra ön şüşədə çatların olması (nəqliyyat vasitəsinin zədələnməsi barədə müvafiq arayış olmadan idarə etməsi) və həmin çatların görüntü məhdudiyyəti yaratması səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar olunmuş, buna görə də, onun barəsində Azərbaycan Respublikası İXMnin 327.1 və 342.5-ci maddələri ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar