Məhkəmə qərarları › İş №3(006)-5409/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5409/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5409/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 33257 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 33257 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X2 öz izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı protokol əsassızdır. Belə ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 33257 ABŞ dolları məbləğində vəsait tikinti materiallarının idxalı üçün edilmiş ödənişdir. Qeyd edilən mallar ölkə ərazisinə idxal edilmişdir. Qeyd edilənlərə əsasən əməldə inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC ilə “X6 X3 X5 Ticaret Limited” şirkəti arasında bağlanmış 04 may 2023-cü il tarixli, 040523 saylı müqavilənin surətindən görünür ki, satıcı müqavilədə qeyd edilən tikinti materiallarını Şəxs MMC-yə satmağı, alıcı isə mala görə ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC tərəfindən 33257 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 16 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 21 avqust 2025-ci il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC 16 avqust 2023-cü il tarixdə ölkə xaricinə 33257 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli, **********5745 sorğu nömrəli və 01 avqust 2023-cü il tarixli, **********5757 sorğu nömrəli gömrük bəyannamələrinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 04 may 2023-cü il tarixli, 040523 saylı müqavilə üzrə 16 avqust 2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 33257 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Şəxs tərəfindən müvafiq malların alınması üçün 33257 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispoziyasından göründüyü kimi ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Lakin hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən inzibati xətanın bilavasitə obyekti olmuş 33257 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar