Məhkəmə qərarları › İş №3(006)-541/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-541/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-541/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, şikayətçi X1 vəkili Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, həmin qərarla Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi X4 xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olan X6 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı protokola baxaraq onun xx.xx.2019-cu il tarixdə, saat 11.55 radələrində Nəsimi rayonu, Xətai prospekti 40A ünvanında binanın İİ girişində dəhlizdə sağ əli ilə yumruq zərbəsi ilə A.V.Heydərovun sol sifət nahiyəsindən vuraraq xəsarət yetirdiyinə görə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 115-ci maddəsini rəhbər tutaraq ona 300 manat məbləğində cərimə növündə tənbeh növünün tətbiq edilməsini qərara almış, həmin hadisə xx.xx.2020-ci il tarixdən, saat 16.39-dan əvvəl baş vermişdir. Belə ki, göstərilən tarix və saatda X6 “xxxx” ASC-nin Sahil filialında 300 manat cərimə ödəmişdir. Həmin qərarda qərarın surətinin iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərər çəkmiş şəxsə verilməsi qeyd edilsə də, qərarın surətini ona bu müddət ərzində göndərilməməklə İXM-nin 117.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Azərbaycan Respublikasının Baş Prokuroruna, X7, Bakı şəhər Baş Polis İdarəsinə dəfələrlə edilmiş şikayət və Nazirə 4.02.2020-ci il tarixdə vurulmuş teleqrammadan sonra vəkilin xx.xx.2020-ci il tarixli sorğusu əsasında xx.xx.2020-ci il tarixdə vəkilə rəsmi məktub əsasında qərarın surəti və ödənilmiş cərimə qəbzinin surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə ki, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Samir Ələkbərov tərəfindən E.A.Mehdiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın Nəsimi RPŞ-nin 22-ci PŞ-nə təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul etmiş, bu müddət ərzində onun sahə rəisi kimi tanıdığı Nizami Hüseynlinin ona verdiyi məlumatına görə E.A.Mehdiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü onun özündən izahat alınmalı və məhkəməyə aparılmalıdır. E.Mehdiyev hazırda Azərbaycan Respublikasının ərazisində olmadığına görə bunu həyata keçirə bilmir. Lakin xx.xx.2020-ci il tarixdə sahə rəisi Nizaminin ona verdiyi məlumatdan məlum olmuşdur ki, E.A.Mehdiyev saxlanılmış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün sonuncunu Nəsimi Rayon Məhkəməsinə aparacaqlar. O, sahə rəisinə məhkəməyə gedə bilməyəcəyini, bu işi həftənin 1-ci gününə saxlamalarını və bununla əlaqədar vəkil göndərəcəyini bildirmiş, sahə rəisi də belə etmiş, sonuncunun ona verdiyi məlumata əsasən E.Mehdiyevdən xx.xx.2020-ci ildə 22-ci Polis Şöbəsinə gələcəyi barədə iltizam alınaraq onu buraxmışdır. Bu barədə vəkilə məlumat verəndən sonra o sahə rəisi ilə telefonla əlaqə saxlayaraq xx.xx.2020-ci ildə vəkilin işlərini nəzərə alınması ilə ya səhər saat 11.00-da və ya axşam saat 17.00-dən sonra məhkəmədə bu işlə bağlı görüşəcəklərinə razılaşmışlar, lakin xx.xx.2020-ci il tarixdə axşam saatlarında ona məlumat verildi ki, sən demə E.A.Mehdiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərar Nəsimi RPŞ-nin 22-ci PŞ-i tərəfindən artıq icra edilərək, o, həmin maddə ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmiş və cəriməni də artıq ödəmişdir. O, buna qəti etirazını bildirdikdə ona E.A.Mehdiyevin xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasına gedəcəyi, əlində bileti olduğunu, həm də özünü təqsirkar bildiyi və cəriməni ödədiyi üçün onu saxlamağa əsasları və məhkəməyə aparmağa zərurət olmadığı bildirilmişdir. O, dərhal Azərbaycan Respublikasının Baş Prokuroruna, X7 və Bakı şəhər Baş Polis İdarəsinə şikayətlə müraciət edərək E.A.Mehdiyevin barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə cəzası nəzərdə tutulur və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulduğu halda Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəhbərliyinin və yaşadığı Xətai prospekti 40A ünvanı üzrə sahə rəisi kimi tanıdığı Nizami adlı şəxsin E.A.Mehdiyevin barəsində olan qərarı baxılması üçün məhkəməyə aparmamaqla, özlərinin cərimə qərarı qəbul etmələri E.Mehdiyevin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş iki ayadək müddətə inzibati həbs tətbiq olunmasının qarşısının alınması üçün qəsdən edilmiş, düşünülmüş hərəkət olduğunu bildirmişdir. Bununla da, onlar E.A.Mehdiyevi nəinki inzibati həbsdən yaxa qurtarmasına, hətta Azərbaycan Respublikasının sərhədlərini maneəsiz tərk etməsinə şərait yaratmaqla onun bir zərərçəkmiş kimi hüquqlarını kobud şəkildə pozmuşlar. O, hüquq mühafizə orqanlarının rəhbərlərinə etdiyi şikayətində Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyinin və yaşadığı Xətai prospekti, 40A ünvanı üzrə sahə rəisi kimi tanıdığı Nizami adlı şəxsin bu hərəkətlərini araşdırıb onlar barəsində ciddi təsir tədbirləri görülməsi və Nəsimi RPİ-nin 22-ci PŞ-nin E.A.Mehdiyev barəsində qəbul etdikləri qərarın ləğv edilməsi və onun barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarına baxılması üçün məhkəməyə göndərilməsindən ötrü müvafiq göstərişlərini verilməsini xahiş etmişdir. Lakin 22-ci PŞ-nin rəisi Əliyev Zaur ona bu şikayəti ilə əlaqədar cavab məktubu göndərərək E.A.Mehdiyev barəsində inzibati tədbir görülməsini bildirmiş, məktubunda hansı tədbirin görülməsini açıqlamamış, qəbul edilmiş qərarın surətini də əlavə etməmişdir. O, bu barədə DİN-nə növbəti şikayət etmiş, həmin şikayətdə Nazirə ünvanladığı= şikayəti nə üçün 22-ci PŞ-nə göndərilməsini soruşmuş, o, bu şikayətin Daxili İşlər Nazirliyində və Bakı şəhər Baş Polis İdarəsində araşdırılmasını tələb etmiş və 22-ci PŞ-nin qanunsuz hərəkətləri barədə əlavə olaraq Nazirə məlumat verərək tədbirlər görülməsini xahiş etmişdir. Nəhayət ki, vəkilinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq ona xx.xx.2020-ci il tarixdə qərarın surəti və cərimə qəbzinin surətləri təqdim ediləndən sonra o, polisin bu qərarın surətini ona niyə vaxtında təqdim etmək niyyəti olmamasını başa düşmüş, PŞ müxtəlif bəhanələr gətirsə də, yuxarıda qeyd edilən qanunun tələbinə əsasən o, qərarın surətini əldə etdiyi vaxtdan onu mübahisələndirmək üçün 10 gün müddəti var. Göründüyü kimi, qərarın qəbul edilməsindən sonra onu mübahisələndirmək üçün nəzərdə tutulan 10 günlük müddətin keçirməsi üçün PŞ-i qərarın surətini ona vaxtında təqdim etməməklə bunu qəsdən uzatmağa çalışmışdır. Bu müddətin buraxılması ondan asılı olmadığı və göstərdiyi üzrlü səbəblərdən olduğu üçün onun bərpa edilməsi barədə məhkəməyə ayrıca vəsatətlə müraciət ediləcəkdir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin preambulasmda göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yaxud İXM-nin 43.3.-cü maddəsinin və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 795 saylı Fərmanının 6-cı hissəsinin şərtlərinə müvafiq olaraq məhkəmə baxır. Sözügedən Prezident Fərmanının 6-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Bundan başqa, Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarından aydın deyildir ki, E.A.Mehdiyevin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı protokolla razıdır ya yox, həmçinin də törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilir ya yox. Həmçinin, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Samir Ələkbərov tərəfindən araşdırma aparılarkən E.A.Mehdiyev özünü təqsirli bilməyib, hələ üstəlik də onu şərləmək istəyirdi ki, guya o, E.A.Mehdiyevi vurmuşdur, belə olan halda E.A.Mehdiyevin cərimə ödəməsinə baxmayaraq onun törətdiyi inzibati xəta üzrə özünü təqsirli bilməsi heç də inandırıcı deyil. Bu qərarın belə tələsik və qanunsuz qəbul edilməsinin bir məqsədi var, o da E.Mehdiyevin cüzi cərimə ödəməklə tələsik Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi. Belə ki, E.Mehdiyev demək olar ki, çox vaxt Türkiyə Respublikasında yaşayır, sual oluna bilər ki, PŞ-nin rəisi hansı yüngülloşdirici hallar əsasında özünü inzibati xəta üzrə təqsirli bilməyən şəxsə ən aşağı həddə cərimə tətbiq edir? Nəyə görə yuxarıda sadalanan qanunvericilikdə nəzərdə tutulduğu halda PŞ-nin rəisi E.Mehdiyevin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları nəzərə almayaraq işi baxılması üçün məhkəməyə göndərmir? Bu işdə onun hansı prosessual və ya digər “maraqları“ olmuşdur? Yəni, kimin isə xahişini yetirmək onun üçün daha önəmlidir yoxsa qanunun tələblərinə riayət elmək? Halbuki, Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar elməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasım təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. O, hüquq mühafizə orqanlarına yazdığı şikayətlərdə də göstərmişdir ki, o, E.Mehdiyevin işin hallarına görə, xətanı törədən şəxs kimi şəxsiyyəti xarakterizə edən halları nəzərə alınmaqla barəsində iki ayadək müddətə inzibati həbs tətbiq olunmasına nail olmaq üçün məhkəmədə ətraflı izahat (vəkilinin vasitəsilə) vermək, onun törətdiyi əməllərin nə dərəcədə ictimai təhlükəli olmasını sübut etmək istəmiş, çünki E.Mehdiyev bu hərəkəti ilə ona xəsarət yetirməklə tək sonuncunu yox, onun timsalında, səviyyəsində olan bütün yaşlı və ağsaqqal insanları təhqir etmişdir. O, ictimai xadim olmaqla YAP-nın üzvü, rayon ağsaqqallar şurasının sədridir, eləcə də bir çox titulları vardır ki, hamısını sadalamaqla vaxtınızı almaq istəmir. E.A.Mehdiyevin bir Azərbaycan gənci kimi ona qarşı etdiyi bu çirkin və naqis hərəkət bağışlanmazdır və o buna görə mütləq məsuliyyətə cəlb edilməlidir. O, bu əməlinə görə qanun və məhkəmə qarşısında cavab verməli idi. Lakin Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyinin və yaşadığı Xətai prospekti 40A ünvanı üzrə sahə rəisi Nizami adlı şəxs bunun qarşısını almaqla E.A.Mehdiyev tərəfindən pozulmuş hüquqlarının bərpasına nail olmaq istiqamətində onun hüquqlarını pozmuşlar. Göstərilənləri nəzərə alaraq, Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarı sadalanan qanunvericilik normalarının kobud pozuntusu ilə qəbul edildiyi üçün ləğv edilməsi və ona qarşı inzibati xəta törədən E.A.Mehdiyevin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları, barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması nəzərə alaraq onun iki ayadək müddətə inzibati həbs olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.V.Heydərovun vəkili İ.V.Cavadov şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, E.A.Mehdiyev polis şöbəsində izahatında törətdiyi inzibati xətanı etiraf etsə də, həmin hal yazılı sənədlərdə göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vətəndaş E.A.Mehdiyev xx.xx.2019-cu il tarixdə, saat 11:55 radələrində Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında binanın İİ girişində, dəhlizdə sağ əli ilə yumruq zərbəsi ilə A.V.Heydərovu sol sifət nahiyəsinə vuraraq xəsarət yetirmiş, buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1-1945, 1946 saylı araşdırma materialı üzrə E.A.Mehdiyevin və A.V.Heydərovun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə eləcə də qüvvədə olan cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, E.A.Mehdiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, A.V.Heydərovun Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs A.V.Heydərov tərəfindən apelyasiya qaydasında verilmiş şikayət təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-541/2020 saylı qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.A.Mehdiyev xx.xx.2019-cu il tarixdə, saat 11:55 radələrində Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında binanın İİ girişində, dəhlizdə sağ əli ilə yumruq zərbəsi ilə A.V.Heydərovu sol sifət nahiyəsinə vuraraq xəsarət yetirmiş, buna görə də o, Nəsimi RPİ-nin 22-ci PŞ tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, E.A.Mehdiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilərkən həmin Məcəllənin 43.3-cü maddəsində göstərilən tələblərə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi tərəfindən E.A.Mehdiyev barəsində xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinin tələbləri nəzərə alınmadan qəbul edilmişdir. Bununla da məhkəmə hesab edir ki, qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və E.A.Mehdiyev barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22ci PŞ-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar